Uçan təyyarələr, yoxsa uçan arzular?.. – Sarkisyanın dağılan eyforiyası

Uçan təyyarələr, yoxsa uçan arzular?.. – Sarkisyanın dağılan eyforiyası
  20 Aprel 2017    Oxunub:5266
İllər öncə Serj Sarkisyan işğal altında olan Qarabağın dağlıq hissəsində açılması nəzərdə tutulan Xocalı aeroportunda beynəlxalq uçuşlarla bağlı Azərbaycanın kəskin etirazını, təyyarələrin icazəsiz uçuşlar edəcəyi təqdirdə vurulacağı ilə bağlı verdiyi bəyanatına cavab olaraq bildirmişdi ki, İrəvandan Qarabağa uçacaq ilk təyyarənin sərnişini elə o özü olacaq.

Lakin, artıq beş ilə yaxındır ki, Sarkisyan verdiyi "vədi" yerinə yetirmir. Çünki hansı rəzil siyasi əqidəyə malik olmasından asılı olmayaraq, Sarkisyan, Qarabağ səmasında ölməyi arzulamır. Bu gün onun səsləndirdiyi sözlər hər iki cəmiyyət daxilində sadəcə havaya uçurulmuş şarları və ya "arzu" çərpələngləri kimi xatırlanır.

Təbii ki, regionda davam edən müharibə eskalasiyası, o cümlədən Azərbaycanın qanunsuz uçuşlar aparacaq təyyarələri məhv edəcəyi ilə bağlı səsləndirdiyi ciddi bəyanatlar Ermənistanı qorxutdu və bu məsələnin icrasından çəkindirdi. Buna baxmayaraq, işğalçı rejim bölgədə qanunsuz turist sayını artırmaq, Ermənistandan Qarabağın dağlıq hissəsinə aparan çətin quru yolu asanlıqla keçmək üçün turist uçuşlarə təşkil etməyə çalışır.

Nəticədə, bölgədə qanunsuz turist uçuşlarının həyata keçirilməsi üçün Gorus, Qafan və Cermuk aerodromlarından istifadə etməyi nəzərdə tutan işğalçı rejim rəhbərliyi fərqli bir problemlə qarşılaşıb.

Belə ki, Cermuk və Qafan aerodromlarının istifadəyə yaralı vəziyyətdə olmaması, Gorus aerodromunun (aerodrom hərbi obyekt hesab edilir və bu baxımdan orada heç bir mülki uçuş həyata keçirilə bilməz) isə Ermənistan müdafiə nazirliyinin tabeliyində olması nəzərdə tutulan uçuşların həyata keçirilməsinə maneə olub.

Maraqlıdır, illər öncə bölgəyə ilk təyyarə uçuşunu həyata keçirəcəyini bəyan edən Sarkisyan bu gün bölgəyə turist uçuşları belə, təşkil etmək iqtidarında deyil. Serj Sarkisyan da yaxşı anlayır ki, bu, onun iqtidarında olan və ya qərar verəcəyi bir məsələ deyil. Çünki, regionun qərarı da, iqtidarı da Azərbaycana məxsusdur.

Şahin Qocayev
AzVision.az


Teqlər: #Ermənistan   #Qarabağ   #Sarkisyan  





Xəbər lenti