O, Azərbaycanın ilk ali təhsilli memarı idi...

O, Azərbaycanın ilk ali təhsilli memarı idi...
  16 Fevral 2017    Oxunub:8729
Bu gün ilk ali təhsilli azərbaycanlı memar Zivər bəy Əhmədbəyovun doğum günüdür.
AzVision.az xəbər verir ki, Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.

1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin (1898-1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilib.

Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdiririb. Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır.

1917-ci ildə Z.Əhmədbəyov "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradıb.

Zivərbəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib.

26 may 2011-ci ildə Bakıda "Nizami" metro stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti