`Azərbaycanda FETÖ ilə bağlı araşdırma gedir`

`Azərbaycanda FETÖ ilə bağlı araşdırma gedir`
  12 Oktyabr 2016    Oxunub:2492
“Azərbaycanda dini mərasimlər keçirilən heç bir məsciddə insident qeydə alınmayıb”.
AzVision.az-ın məlumatına görə, bunu Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri qeyd edib ki, hansısa xırda hadisələr baş verə bilər. Lakin bu il Aşura ilə bağlı tədbirlər tam qanun çərçivəsində, sakit şəraitdə keçirilib.

Mübariz Qurbanlı Türkiyədən Azərbaycana FETÖ təşkilatının üzvləri ilə bağlı müraciətlərin edilməsi barədə Türkiyə mətbuatında yayılan məlumatlara münasibət bildirib. O, bildirib ki, Türkiyə mətbuat orqanlarında yayılan məlumatlara diqqətlə yanaşmaq lazımdır: “Türkiyə çox geniş kütləvi informasiya vasitələrinə (KİV) malikdir. Türkiyənin yüzlərlə mətbuat orqanı var. Bizim üçün Türkiyədə rəsmi dövlət qurumlarının, rəsmi mətbuat orqanlarının və müraciətlərin yayılması əsasdır”.

M.Qurbanlı əlavə edib ki, Azərbaycanda FETÖ-nün uzantıları ola bilər: “Bununla bağlı araşdırmalar gedir. Müəyyən ədəbiyyatları və diskləri yayan şəxslər saxlanılıblar, hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir. Amma bütövlükdə FETÖ-çülərlə bağlı bu və ya digər araşdırmalar lazımdırsa, bunu dəqiqləşdirib sonra fikir bildirmək olar. Mən Türkiyədən dövlət səviyyəsində məlumatların Azərbaycana daxil olması ilə bağlı məlumatlara malik deyiləm. Bu barədə Türkiyə mətbuatında yayılan məlumatları o zaman dəqiq hesab edə bilərəm ki, məlumatı Türkiyənin rəsmi qurumları yaymış olsun”.

AzVision.az


Teqlər:  





Xəbər lenti