İdxal rüsumlarının artırılması nə məqsədi daşıyır? – TƏHLİL

İdxal rüsumlarının artırılması nə məqsədi daşıyır? – TƏHLİL
  04 Oktyabr 2016    Oxunub:3907
Nazirlər Kabinetinin (NK) ölkə ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələrinə dəyişikliklər etmək haqda qızğın müzakirələrə səbəb olmuş qərarı ən çox kütləvi istehlak mallarına aid olduğundan, məsələyə bir qədər geniş aspektdən yanaşmaq lazımdır.

Əvvəla, bunların hamısı daxildə də istehsal olunur. Və etiraf etmək gərəkir ki, söhbət əgər, bilavasitə ərzaq və qidadan gedirsə, əksəriyyətimiz artıq uzun illərdir məhz yerli məhsullarına üstünlük veririk. İkincisi, qərar 30 gündən sonra qüvvəyə minəcək və müvəqqəti xarakter daşıyacaq, yəni cəmi 2 il qüvvədə olacaq. Yəni, heç bir növ idxal məhdudlaşdırılmır və məhdudlaşmayacaq da...

Bəs problem və narahatlıq doğuran nədir?

Bəziləri sözügedən qərarı hökumətin birbaşa olaraq dövlət büdcəsini "doldurmaq" istəyi ilə əlaqələndirirlər ki, guya, neftin qiymətinin enməsi və bu sahədə daxildə hasilatın azalması ilə əlaqədar hökumət digər istiqamətlərdə vergi və gömrük rüsumu yığımını artırır - fiskal siyasəti gücləndirir. Bu, tamamilə yanlış və gülünc yaradan izahat və yanaşmadır. Sual olunur ki, niyə?

Məsələ bundadır ki, vergi və gömrük rüsumu yığımının üfuqi deyil, məhz şaquli istiqamətdə gücləndirilməsinin heç bir halda effekt yaratmadığı və bunun nəinki uzunmüddətli, hətta orta müddətdə belə, iflasa məhkum olduğu adi peşə sahibinə də məlumdur. Yəni, bunun üçün iqtisadçı olmağa heç bir ehtiyac yoxdur.

Düzdür, gələn il - 2017-ci il üçün Dövlət Gömrük Komitəsi (DGK) xəttilə dövlət büdcəsinə daxilolmalar, gömrük rüsumları və vergilər proqnozu 2,2 milyard manat həcmində proqnozlaşdırılıb ki, bu da, cari il gözləntisindən 21,5 faiz çoxdur. Lakin, NK-nin bilavasitə toyuq əti və yumurta, o cümlədən bir sıra meyvə-tərəvəz məhsulları, spirtli içkilər və şirələr üzrə qərarının məhz bu artıma xidmət edəcəyini düşünmək absurddur.

Xatırladım ki, dəyişikliyə əsasən ölkəyə idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq.

Bəs, onda qərarın əhəmiyyəti nədir? Və nə məqsəd daşıyır?

Bu yerdə qısa bir çıxarış edək... Qiyməti bir neçə amil yaradır: maya dəyəri, inflyasiya, rəqabət şəraiti və sair. Yerli istehsal bizdə əvvəla, texnologiya səviyyəsinə və işçi qüvvəsinin mövcud vəziyyətinə (ixtisas və qiymət məsələlərinə görə) əsasən, ucuz başa gəlmir. Məsələn, xaricdə bir fermada cəmi 4 nəfərin əməyindən istifadə edilirsə, bizdə 6-7 nəfərin...

İkincisi də, yerli məhsullarımızın bir çox komponentlər xaricdən alınır. Nə olsun ki, yerli istehsal deyirik? Hətta bir sıra mal-qara xaricdən alınır, bir çox halda qidası da xaricdən alınır və sair... Məsələn, yerli toyuq deyirik: iynəsi, dava-dərmanı, hətta qidası belə kənardan alınır.

Və ən nəhayət, rəqabət şəraiti... Xaricdən bu və ya digər malı gətirən tutaq ki, yalnız 1 nəfərdirsə, həmin malın analoqunu daxildə istehsal edən isə 2-3 nəfərdir. Bu isə o deməkdir ki, həmin 1 nəfər idxalçı istər-istəməz bazara diqtəsini yeridir, o səbəbdən ki, həm keyfiyyət onun əlindədir, həm aşağı maya dəyər, üstəgəl həm də təklif edən də tək tərəf məhz odur.

Odur ki, bu qərar bilavasitə daxili istehsalı himayə etmək məqsədi daşıyır. Və birbaşa olaraq antidempinq xarakterli əhəmiyyət kəsb edir. Ümumiyyətlə, hökumətin siyasətini, yerli istehsalı genişləndirmək, daxili bazarı qorumaq, süni qiymət artımının qarşısını almaq, inhisarçılığa qarşı apardığı tədbirlər planını ardıcıl izləmək lazımdır ki, bu cür qərarları düzgün qiymətləndirə biləsən.

Məsələn, dövlət başçısının “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununun tətbiqinə dair iyul ayının 13-də imzaladığı fərmanı xatırlamaq yerinə düşür. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun ölkənin iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə yerli istehsala zərər vuran və ya zərər təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış, geniş xarakter daşıyan idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir.

Bu gün dünya iqtisadiyyatında baş verən və sürətlə cərəyan etməkdə olan proseslərlə əlaqədar istehsalda, o cümlədən bazarlarda rəqabət gündən-günə kəskinləşir. Düzdür, rəqabət özü də inkişaf və artım üçün zəruridir və əsas şərtdir. Lakin, haqsız rəqabət deyilən bir anlayış var ki, bu, inkişaf və artım amillərini buxova alır. Odur ki, belə şəraitdə dövlət tənzimləyici alətlərindən istifadə etməklə bunun qarşısını almalı və vəziyyətə nəzarət edərək, onu tənzimləməlidir.

Nəzərə almaq lazımdır ki, daxili bazarda bir çox istehlak məhsullarının pərakəndə satış qiymətləri şişirdilmiş səviyyədədir. O cümlədən, elə növ xarici istehsala aid ərzaq məhsulları var ki, onların qiymətləri həqiqi dəyərindən əslində, hətta ucuz da satılır. Sual oluna bilər ki, bu, necə baş verir?

Belə məhsullar əvvəla, "1 nəfər" tərəfindən gətirilir, ikincisi keyfiyyətinə və rəqabətqabiliyyətliliyinə görə daxildə istehsal olunan analoq məhsullardan əslində geri qalır, üçüncüsü isə dolayı yolla məsələn, bilavasitə devalvasiya amilinin ixraca xidmət etmək, onu artırmaq təsirlərini minimuma endirmək, ümumiyyətlə ölkənin ümumi eksport potensialını məhdudlaşdırmaq, inflyasiya amilinə xidmət göstərmək məqsədi daşıyır.

Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə antidempinq siyasəti olduqca vacibdir. Ona görə ki, bazar kiçikdir. Və bu isə o deməkdir ki, ölkəmizə qarşı dempinq siyasəti həyata keçirən potensial ölkələrin sayı kifayət qədərdir. Üstəlik, keyfiyyət amili də var. Bütün bunların fonunda isə Azərbaycanda bazarı qorumaq sahəsində hökumətin üzərinə böyük vəzifələr və yük düşür.

Digər bir cəhət isə ondan ibarətdir ki, bəziləri həm də deyirlər hökumətin sözügedən qərarı daxili bazarda bahalaşma yaradacaq. Yuxarıda biz, daxili bazarda qiymətlərin formalaşması amillərinə toxunduq. Ancaq, sözsüz ki, burada bir məsələ də var. O da bundan ibarətdir ki, daxili bazarımız real olaraq bir sıra zəruri idxal məhsullarından asılı vəziyyətdədir. Odur ki, antidempinq siyasəti elə həyata keçirilməli və bu sahədə elə mexanizm təşkil olunmalıdır ki, bu, inhisarçılığın daha da güclənməsinə və yerli istehsalın rəqabətqabiliyyətli inkişaf tempindən kənarda qalmasına şərait yaratmasın.

Antidempinq siyasətində hökumət qurumları sırasında DGK-nın üzərinə böyük yük düşür. Ancaq bu o demək deyil ki, digər qurumlar məsuliyyət daşımırlar. İstehlak bazarında vəziyyət nəzarətdə saxlanılmalıdır. Bu isə bütün qurumların əlaqəli şəkildə fəaliyyət göstərməli olduğunu tələb edir.

Birincisi, bu və ya digər məhsul növü üzrə heç bir halda bahalaşma üçün zəmin yaranmamalıdır. İkincisi, söhbət yalnız yerli məhsulların xarici analoqlarının dempinq idxalı faklarının araşdırılması, müəyyən olunması fəaliyyətindən getməlidir. Üçüncüsü, bu və ya digər məhsul növünün idxalında inhisarçılıq məsələsi nəzarətdə saxlanılmalıdır. Dördüncüsü, ixracatçı ölkələrdə, həmçinin daxildə milli valyutalarda məzənnə dəyişiklikləri və sair kimi cəhətlər daim diqqət mərkəzində olmalıdır və sair.
Bu siyahını bir az da uzatmaq olar.


Pərviz Heydərov
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi
AzVision.az üçün


Teqlər:





Xəbər lenti