“Nişanlı qızların siyahıya alınması təhsilə nə verəcək?”

“Nişanlı qızların siyahıya alınması təhsilə nə verəcək?”
  12 Avqust 2013    Oxunub:1946
“Kor-koranə addımların atılması Azərbaycan təhsilinə ziyan gətirir”
“Təhsil eksperti olaraq, yeni nazirin verdiyi müəyyən qərarlara dəstək vermişəm. Bu gün təhsilin daha ciddi problemləri var. Fond pulunun yığılması üçün tədbirin görülməsi, nişanlı qızların siyahıya alınması kimi məsələlər vaxt itkisidir”.

Bu barədə AzVision.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev bildirib. Ekspert qeyd edib ki, orta məktəbdə nişanlı qızların sayı 1-2 faiz təşkil edir.

“Bu qızların vaxtından əvvəl nişanlanması ailələrin daxili problemidir. Ailənin işinə qarışmaq düzgün olmaz. Nişanlanma vaxtından əvvəl nikaha çağırışdır. Ancaq hazırda orta məktəbdə oxuyan nişanlı qızların sayı cüzidir, bu, 1-2 faiz təşkil edə bilər. Bu qızların siyahıya alınması heç bir effekt vermiyəcək. Tutaq ki, siyahıya alındı ki, bu qədər qız nişanlanıb. Bu, təhsilin keyfiyyətinə təsir göstərəcək amildir? Sizcə, hansı nəticəni verəcək? Siyahıya alınmaqla hansı tədbir görüləcək?

Deyəcəklər ki, niyə nişanlanmısınız? Bəlkə, o qız nişanlandıqdan sonra ali məktəbə daxil olan dövrdə ailə quracaq. Bundan əvvəl təhsilin çox ciddi problemləri var. Azərbaycan təhsil sistemi bataqlıqdadır”.

Əliyev orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı olduğunu da əlavə edib :

“Vaxtilə biz hicabla dərsə gələnlərin əleyhinə çıxdıq. Amma bu il 700 bal toplayan hicablı idi. Bu da sübut edir ki, hicab təhsilin keyfiyyətinə heç bir təsir göstərmir. Azərbaycan məktəbləri üzrə 200-ə yaxın qız hicabla məktəbə gəlirdi. Hicab təhsilin keyfiyyətinə təsir göstərəcək amil deyil. O vaxt təklif etdik ki, hicabla orta məktəbdə iştirak edənlərin dərsə davamiyyətini , təhsilin keyfiyyətini yoxlayın. Hətta bununla bağlı sorğu keçirdik. Onların tam əksəriyyətinin davamiyyəti, təhsil uğurları digərlərindən üstün idi. Təhsilin keyfiyyətinə mənfi təsiri olmayan bir şeyin qarşısını niyə alaq? Bütün hallarda öyrənmək lazımdır ki, nə təhsilin keyfiyyətinə mənfi təsir göstərir”.

Qeyd edək ki, mətbuatda orta məktəblərdə oxuyan nişanlı qızların siyahısının hazırlanması barəsində xəbər yayılıb. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən məktəb rəhbərlərinə qızlarını məktəbdən yayındıraraq nişanlayan və ya ərə verən ailələrin siyahısının hazırlanması haqqında tapşırıqlar verilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti