“Erməni hərbçi Ermənistana qayıtmaq istəsə, qaytarılacaq”
Bu barədə APA-ya açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov deyib.
Ş. Sayılov əsirin hansı səbəbdən təmas xəttini keçdiyinin araşdırıldığını bildirib: “Üzərində heç bir sənəd olmayıb. Özü ad və soyadının Gevork İnciqulyan olduğunu bildirib. Lakin bəzi saytlarda onun ad və soyadını düzgün yazmırlar. Hazırda Bakıda Müdafiə Nazirliyində saxlanılır”.
Ş. Sayılov Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının əsirlə yaxın vaxtlarda görüşəcəklərini söyləyib: “Azərbaycanda bayram günləri olduğundan Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi işləmir. Bunun üçün də hələlik əsirlə görüşməyiblər. Yəqin ki, komitənin əməkdaşları ilə görüşdə həmin şəxsin öz ölkəsinə qaytarılması məsələsi də müzakirə olunacaq. Azərbaycan tərəfinə əsir düşmüş erməni hərbçi Ermənistana qayıtmaq istəsə, qaytarılacaq. Hər şey onun istəyindən asılı olacaq. Komitə əməkdaşları əsirlə görüşəndə onun arzusunu nəzərə alırlar”.
Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.
Azərbaycan ərazilərini işğal etmiş separatçı rejimin “Müdafiə Nazirliyi” də erməni əsgərin təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçdiyini təsdiqləyib.
“Müdafiə Nazirliyi”nin mətbuat xidmətindən bildirilib ki, əsgər, 1991-ci il təvəllüdlü Akop Gevorkoviç İnciqulyan avqustun 7-dən 8-nə keçən gecə saat 3 radələrində azaraq Azərbaycan Silah Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib.
AzVision.az
Teqlər: