İti öldürən `küçük`

İti öldürən `küçük`
  10 Avqust 2013    Oxunub:1761
Etibar Hüseynov

Bu, bir dəhşətdi. Bu sözün bitdiyi, insanlığın tükəndiyi, Allahın yatdığı (Əstəğfurullah) bir vaxt... bəlkə də bir sondur. İlk əvvəl hamımız baxırıq... sonra tarıma çəkilən əsəblərimizin diqtəsiylə söyürük - "İt oğlu it", "uzunqulağın belindən gəlmiş", "donuz südü əmmiş" və s. və i.
Və sonra da hamımız özümüz-özümüzə sual veririk: "bir insan oğlunda da bu qədər vəhşilik olarmı? Allahın dilsiz-ağızsız heyvanına qarşı bu qədər nifrət və qəddarlıq hardan qaynaqlanır görəsən?”
STOP. Bax, elə buradan. Diqqət etdinizmi?..Həmin iti öldürən məxluqata nifrətimizi ifadə etdiyimiz söyüşlərin hamısının baş qəhrəmanı, obrazları heyvanlar idi. Uzunqulaq, donuz, it və.s. Və bu da bizlərə uşaqlıqdan aşılanıb sanki.

***

"Küçük", "tula", "qoduq", "qoyun", "cücə"... - Azərbaycan məişət dilinin əsas söyüş nümunələri sayılır. Sanki gözümüzü açandan bizə aşılayıblar ki, biri qorxaqdırsa "caqqal"dır, fağırdirsa "qoyun"dur, oğrudursa "pişik"dir , yaltaqdırsa "tülkü"dür , işləyəndirsə "eşşək"dir. "Eşşək kimi anqırma", "donuz kimi yemək yeyir", "başını it başı kimi əzərəm," "oğru pişiklər kimi nə baxırsan?", "çaqqalın biri çaqqal", "qoyun oğlu, qoyun" və bu qəbildən olan neçə-neçə şifahi xalq ədəbiyyatı "yaradıcılığ"ı gündəlik həyatımızda dəfələrlə eşitdiyimiz faunaya "məhəbbət" nümunələridir.

Görəsən, dünyada öz hiss və emosiyalarını, söyüş və nifrətini bizim qədər heyvanların timsalında ifadə edən ikinci bir xalq varmı? Yəni ətrafımızda olan pis nə varsa mütləq hansısa heyvanla assosiasiya edilir. Və ona görə də uşaqlarımızın da təsəvvürünə heyvanlar yalnız pis və mənfi obrazda həkk olunur. Vay o gündən ki, bir uşaq gözdən yayınıb hansısa itin və ya pişiyin başına sığal çəkə. Aman, aman, aman... Nələr baş verir həmin anda... hamınız yəqin ki, şahidi olmusunuz. Və ya bir kücük və ya pişik qələt eləyib ağzını bir nəlbəkiyə toxundura. Nə həngamə qopur. Bunu izləyən körpələrimiz də sonunda o günahsız və köməksiz heyvancığazların timsalında xəstəlik və çirkinlik mənbəyi görürlər.

***

Və bu hal da sanki yalnız bizdədir. Dünyanın heç bir milləti heyvanat aləminə bizim qədər soyuq və laqeyd yanaşmır. Sonundasa bunlar baş verir.
Yadıma 90-cı illərin ortalarında mətbuatdan oxuduğum bir hadisə düşdü. Kanada uşaq bağçalarından birində nümayiş olunan məhşur "Tom və Cerri" cizgi filminə baxan uşaqların böyük əksəriyyəti gülmək əvəzinə ağlayıbmış. Səbəbsə bilirsinizmi, nə olub? Film boyu siçan Cerrinin pişik Toma verdiyi əzab-əziyyət, başına açdığı həngamələr.

Bax, bu, uşaqlarda heyvanlara qarşı aşılanmış sevginin bariz nümunəsi idi. Bizdə isə bu filmi izləyən böyüklər(uşaqlar bir tərəfə) belə gülməkdən göz yaşlarını saxlaya bilmirlər.
Kanadada baş vermiş həmin olay da rejissorlar Cozef Barber və Üilyam Hannanı dərindən düşünməyə vadar edibiş və nəticədə müəlliflər 50 il ərzində onlara 7 “Oskar” gətirmiş bu seriala son vermək qərarına gəlmişdilər. Çünki bu insanlar sonunda anlamışdılar ki, uşaqlara, onların zərif psixologiyasına əslində qəddarlıq və amansızlıq aşılayırmışlar.

***

Bax, budur bizlərdə çatışmayan: ətraf mühitə sayğı və diqqət. Biz cocuqlarımıza təbiətə, onun flora və faunasına məhəbbət aşılamırıq. Bu yöndə fəaliyyətimiz demək olar ki, sıfırdır. Bax, məhz uzun illərin bu sıfır yığınağı da sonunda belə məxluqatların yaranmasına vəsilə olur.

Həmin o insanlıqdan kənar, vəhşət dolu kadrlarda 1 məqam diqqətimi cəkdi. Amansız və fasiləsiz zərbələrin fonunda Allahın günahsız heyvanı yenə də onu ölümə sürəkləyən insanı dişləmir. Heç buna cəhd də eləmir. Bax, məni ən çox ağrıdan da, ən çox yandıran da ən çox öldürən də məhz həmin nüansdır. Heyvanın insandan daha tərbiyəli, daha mərhəmətli olması.

***

"İt insanın dostudur"- bu, sovet dönəminin ən məhşur ictimai-sosial şüarlarından biriydi. Bilmirəm, bəlkə də itlər də öz küçüklərinə insanlara sədaqət və məhəbbətlə bağlı hansısa tərbiyə aşılayırlar. Ola bilər. Ancaq son hadisədən həm də o agah oldu ki, bir sıra itlərin küçükləri, bir cox insanların övladlarından daha tərbiyəlidirlər.

P.S.

Parlamentin son iclaslarından biri idi. Axırırncı məsələ "Heyvanlarla qəddar rəftara qarşı mübarizə” haqqında qanun layihəsinin 1-ci oxunuşuydu. Elmira Axundova uzun-uzadi, həyəcanla nəsə danışır, təkliflər verir... əksəriyyət yorğun-yorğun əsnəyir, dodaqaltı istehza edir, yerdən replikalar səslənirdi. Elmiranı bu uzun çıxışına görə coxları qınıyırdı. Elə mən də.
İndi onları bilmirəm. Amma 2 gündür mən yamanca peşman olmuşam. Bağışla bizi, Ema...


Teqlər:  





Xəbər lenti