Konstitusiya dəyişikliklərində məqsəd nədir? - TƏHLİL

Konstitusiya dəyişikliklərində məqsəd nədir? - TƏHLİL
  28 İyul 2016    Oxunub:36220
Bugünlərdə ölkəmizin ictimai siyasi həyatında dövlətimizin gələcək inkişafı ilə bağlı əhəmiyyətli hadisə baş verib. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Sərəncam imzalayıb.

Konstitusiyaya təkliflər zamanın tələblərinə, cəmiyyətin maraqlarına uyğun olaraq proqressiv xarakter daşıyır. Təkliflər əsas etibarilə 2 istiqamətdə verilib: İnsan hüquq və azadlıqlarının qorunmasının gücləndirilməsi və Dövlət idarəetməsinin təkmilləşdirilməsi.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin Analitik Qrupu bu dəyişiklikləri təhlil etmiş və aşağıdakı nəticələrə gəlmişdir:

Silahlı Qüvvələr

Qüvvədə olan Konstitusiyanın 9-maddəsinin 1-ci hissində qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.

Lakin bu maddədə Azərbaycan Ordusunun Silahli Qüvvələrin bir hissəsi olduğu barədə əlavənin edilməsi Maddənin tam mahiyyətini açmış olur və mövcud boşluğu aradan qaldırır. Belə ki, təklif olunan yeni redaksiyada 9-cu maddənin 1-ci hissəsində qeyd olunur ki:

“Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir”.

Əsas insan və vətəndaş hüquqlari və azadliqlari

Təklif olunan Referendum akti layihəsinin insan hüquqları məsələlərinə xüsusi önəm verilir. İnsan hüquqları ilə bağlı mövcud müddəalara bəzi vacib dəyişiklik və əlavələr təklif edilmişdir. Konstitusiyanın 24-cü maddəsinə “İnsan ləyaqəti qorunur və ona hörmət edilir” ifaədsi əlavə olunması təklif edilmişdir. Eyni zamanda həmin maddəyə Hüquqlardan sui-istifadəyə yol verilməməsi ilə bağlı vacib bir əlavə də edilmişdir.

Bərabərlik hüququ

İnsan hüquqlarınin vacib elementi olan Bərabərlik Hüququ ilə bağlı Konstitusiyada təklif olunan yenilik əhalinin müxtəlif kateqoriyaları ilə bağlı olmuşdur. 25-ci maddəyə təklif edilmişdir ki, birinci cümlədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə, ikinci cümləsində “milli” sözü “etnik” sözü ilə əvəz edilsin. Əgər bu təklif Referendum zamanı dəstəklənərsə, o zaman 25-ci maddədə aşağıdakı kimi səslənəcəkdir. Bundan başqa həmin maddəyə aşağıdakı məzmunda cümlə əlavə edilir:
Fiziki və əqli qüsurları olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

Azərbaycanın da tərəfdaş çıxdığı “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyada «irqi ayrı-seçkilik» ifadəsi məqsedi, yaxud nəticəsi siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın hər hansı digər sahəsində insanın hüquq və azadlıqlarının bərabər əsasda tanınmasını, istifadə olunmasını, yaxud həyata keçirilməsini ləğv etmək və ya pisləşdirmək olan, irqi, dərinin rəngi, nəsil, milli, yaxud etnik mənşə əlamətlərinə əsaslanan hər hansı fərqləndirməni, istisnanı, məhdudiyyəti, yaxud üstün tutulmanı bildirir.

Gördüyümüz kimi Konstitusiyaya milliyət sözu yerinə etnik mənsubiyyət sözünün yazılması heç də təsadüfi deyil və Konvensiyaya uyğundur.

Mülkiyyət hüququ

Bildiyimiz kimi son dövrlər mülkiyyət hüququ ilə bağlı yerli qanunvericilik aktlarında bir sıra proqressiv dəyişikliklər olunmuşdur. Lakin mülkiyyət hüququ sahəsində artıq bu cür dəyişikliklərin Konstitusiyada da edilməsinə ehtiyac yaranmışdır. Xüsusilə də mülkiyyət hüququnun sosial ədalət prinsiplərinə uyğunluğu məsələsi təklif olunan dəyişikliklərdə öz əksini tapmışdır. Aşağıdakı cümlələrin Konstitusiyanın 29-cu maddəsinə əlavə edilməsi təklif olunur:
“Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər”.

Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı İnsаn Hüquqlаrı və Əsаs Аzаdlıqlаrın Müdаfiəsinə dаir Аvrоpа Kоnvеnsiyаsınа əlаvə оlunаn 1 sаylı Prоtоkоlun 1‐ci mаddəsinə görə «Hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən maneəsiz istifаdə hüququnа mаlikdir.

Lakin bu heç də o demək deyil ki mülkiyyət hüququ absolyut qüvvəyə malikdir. Avropa Konvensiyasının həmin madəsinin 2-ci bəndində mülkiyyət hüququnun məhdudlaşdırılması şərtləri qeyd olunur:
“Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır”.

Gördüyümüz kimi Konstitusiyaya təklif olunan Mülkiyyət hüququ ilə bağlı dəyişiklik məhdudlaşdırıcı xarakter daşısa da Avropa İnsan Hüquqları Konvensiyasına tam uyğundur.

Fərdi məlumatların qorunması

İnsan hüquqları ilə bağlı daha bir dəyişiklik şəxsi toxunulmazlıq hüququ ilə bağlıdır. Belə ki, təklif olunan dəyişikliklər şəxslərin toxunulmazlıq hüquqlarının daha da gücləndirilməsini nəzərdə tutmuşdur. Burada fərdi məlumatların qorunmasının gücləndirilməsi məqsədilə Konstitusiyanın 32-ci maddəsinə aşağıdakı əlavələrin edilməsi təklif olunur:
“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.

Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.

Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
Şəxsi məlumatların qorunması hüququ Avropa Konvensiyasının 8-ci maddəsində öz əksini tapıb. Belə ki həmin maddəyə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Maddənin 2-ci hissəsinə əsasən isə bu hüquqlar məhdudlaşdırıla bilər. Belə ki, milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir.

Əmək hüquqları

İnsan hüquqları bolkuna dair sonuncu dəyişiklik təklifi ilə 36-ci maddədə (Tətil hüququ) qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun qadağan olunması barədədir.
Ümumiyyətlə Azərbaycan Respublikasının Əmək Məcəlləsi Lokaut məsələsini tənzimləyir.

Lokaut — kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə onun və ya mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır. Lakin işçilərə qarşı lokautdan istifadə edilərək, işçilərin hüquqlarının pozulması hallarının mümkünlüyünü nəzərə alaraq, lokautla bağlı müddəanın Konstitusiyada təsbit olunması insan hüquq və azadlıqların daha səmərəli şəkildə qorunmasına dəlalət edəcəkdir.

Beynəlxalq Əmək Təşkilatının 29 iyun 1951-ci ildə qəbul etdiyi 92 saylı tövsiyyələrinə əsasən kollektiv mübahisələr zamanı probelmlərin həlli istiqamətində danışıqların getdiyi dövrdə tərəflərə tövsiyyə olunur ki, tətil və lokaut praktikasından istifadə etməsindən. Göründüyü kimi Konstitusiyaya təklif olunan dəyişiklik Beynəlxalq Əmək Təşkilatının tövsiyyələrinə uyğundur və lokaut praktikasından imtinanı təşviq edir.

Birləşmək hüququ

Birləşmək hüququ ilə bağlı Konstitusiyanın 59-cu maddəsinə məhdudlaşdırıcı xarakterli dəyişikliyin edilməsi nəzərdə nəzərdə tutulmuşdur. Belə ki, təklif olunur ki, maddənin ilk cümləsi aşağıdakı şəkildə oxunsun:
“Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır”.

Bu dəyişiklik qeyd etdiyimiz kimi birləşmək hüququna müəyyən məhdudlaşdırmanın tətbiqini nəzərdə tutsa da, bu hal Avropa İnsan Hüquqları Konvensiyasına tam uyğundur. Belə ki, Konvensiyanın 11-ci maddəsi insanlara birləşmək hüququnu geniş şəkildə realizasiyasına imkan yaratsa da, maddənin 2-ci bəndi birləşmək hüququndan istifadə məhdudlaşdırmaların qoyulması barədədir. Orada qeyd olunur ki, hər kəsin dinc toplaşmaq azadlığı və öz maraqlarını müdafiə etmək üçün həmkarlar ittifaqları yaratmaq və onlara qoşulmaq hüququ da daxil olmaqla başqaları ilə birləşmək azadlığı hüququ olsa da, bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün məhdudiyyətlər qoyula bilər.

Hüquq müdafiə mexanizmləri

Bundan başqa Referendum akti layihəsində Konstitusiyanın 60-cı maddəsinin aşağıdakı redaksiyada təklif edilməsi vətəndaşların hüquqlarının mexanizmlərinin təkmilləşdirilməsi məqsədi daşıyır:
“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.
Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər”.

Konstitusiyanın 68-ci maddəsinə nəzərdə tutulan dəyişikliklər isə vətəndaşların, onlara münasibətdə dövlət orqanları nümayəndələrinin özbaşınalıqlarının qarşısının alınması məqsədi daşıyır. Beləki maddəyə aşağıdakı dəyişikliklər təklif olunur:
“68-ci Maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ”;
15.2. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin;
15.3. aşağıdakı məzmunda I və IV hissələr əlavə edilsin:
“I. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.”;
“IV. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır”.

Dövlət hakimiyyəti

Konsitusiyaya təklif olunan dəyişiklərdə dövlət hakimiyyəti ilə bağlı bir sıra mühüm dəyişikliklər nəzərdə tutulur. Bunlardan bir neçəsi yaş senzi ilə bağlı olmuşdur. Milli Məclis və Prezidentliyə seçilmək üçün artıq konkret yaşsenzi yox, ümumilikdə seçkilərdə iştirak etmək hüququna malik olma ifadəsi ilə dəyişdirilməsi təklif edilmişdir.

Yaş senzi ilə bağlı dəyişikliklər aşağıdakılardır:
85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin.
100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan,” sözləri çıxarılsın.
126-cı maddənin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözləri “Seçkilərdə” sözü ilə əvəz edilsin.

Milli Məclisinin buraxılması

Referendum akti dəyişikliyinə əsasən aşağıdakı məzmunda 98-ci maddə nin əlavə edilməsi təklif olunur:
“Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.”

Ümumiyyətlə ölkə rəhbərinin Parlamenti buraxma səlahiyyətinə malik olması məsələsi bir sıra ölkələrin qanunvericiliyində öz əksini tapır. Bəzi qonşu ölkələrin başçıları son illərdə bu praktikadan istifadə ediblər. Misal üçün 1993-cü ildə Rusiya Prezidenti Yeltsin, 2007 və 2008-ci illərdə Yuşenko 2 dəfə Verxovni Radanın buraxılması barədə sərəncam imzalayıb. 2009-cu ildə Vladimir Voronin Moldova Parlamentini, 2007-ci ildə Bakiyev Qırğızstan Parlamentini, 2009-ci ildə Nazarbayev Qazaxstan Parlamentini, 2014-cü ildə isə Poroşenko Ukrayna Radasını buraxmışdır. Gürcüstan qanunvericliyi də Parlamentin buraxılması prosedurunu qanunvericiliklə müəyən etmişdir. Avropa ölkələrində də Parlamentin ölkə rəhbəri tərəfindən buraxılması prosedurları mümkündür. Belə ki, Almaniya qanunvericiliyinə əsasən yalnız istisna hallarda Federal Prezident qanunverici orqanı buraxa bilər. Eyni qayda Fransada da mövcuddur. 1972-ci ildə Fransa Prezidenti olmuş Şarl de Qoll Aşağı Palatanın buraxılması ilə bağlı qərar qəbul etmişdir.

Prezidentlik müddəti

Təklifə əsasən 101-ci maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilməsi planlaşdırılır:
“Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.”. Qeyd edək ki, 7 il Prezidentlik müddəti İsrail, İrlandiya və İtaliyada da tətbiq olunur.

Vitse-Prezidentlər

Aşağıdakı məzmunda 103-ci maddə əlavə edilsin:
“Maddə 103. Azərbaycan Respublikasının vitse-prezidentləri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir”.
105-ci maddədə:
I hissənin birinci cümləsində “üç ay ərzində” sözləri “60 gün müddətində” sözləri ilə, ikinci cümləsində “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə əvəz edilsin;
II hissədə “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə, “səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri” sözləri “müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz edilsin;
III hissə aşağıdakı redaksiyada verilsin:
“III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir”;
Aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
“IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.”.
Xarici ölkələrin bir çoxunda Vitse-Prezidentlik institutu mövcuddur. Bunun ən bariz nümunəsi olaraq Amerika Birləşmiş Ştatlrını göstərmək olar.

Hüquqi Təhlil və Araşdırmlar İctimai Birliyinin Analitik Qrupu


Teqlər:





Xəbər lenti