Bankların sıradan çıxması niyə labüddür? – TƏHLİL

Bankların sıradan çıxması niyə labüddür? – TƏHLİL
  23 İyul 2016    Oxunub:13404
Ölkənin bank sektorunda, ümumiyyətlə pul-kredit sistemində uzun müddətdən bəridir hökm sürən iflic vəziyyəti davam edir. Bu vəziyyəti hökumət də etiraf edir, içtimaiyyətə də bəllidir. İqtisadiyyatda durğunluğun bir səbəbi də məhz bununla əlaqədardır.

Ən acınacaqlı hal isə ondan ibarətdir ki, yaranmış vəziyyətin nə vaxt və necə düzələcəyi hələ ki, bəlli deyil. Görünən yalnız budur ki, daha 4 bankın da (“Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin) lisenziyaları əllərindən alındı. Və indi ölkədə 37 deyil, 33 bank fəaliyyət göstərməkdədir.

Sözsüz ki, bir çox banklar da bu cür sıradan çıxacaq. Ümumiyyətlə, real olaraq demək olar ki, 2-3 bankı çıxmaq şərtilə hamısı bağlanmaq vəziyyətindədir. Sadəcə olaraq, hökumət buna imkan vermir. Çünki tendensiya özbaşına buraxılarsa, ciddi fəsadlar baş verə bilər. Bu və ya digər bankın bağlanması müəyyən qrup adamın işsiz qalması ilə yanaşı, dövlətin üzərinə külli miqdarda əlavə borc kütləsinin yüklənməsi ilə də nəticələnir.

Təsadüfi deyil ki, sığorta hadisəsi baş vermiş “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank” ASC-lərin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fondu (ƏSF) Mərkəzi Bankdan (MB) kredit götürəcək. Çünki bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 milyon 956 min manat təşkil edir. ƏSF-in isə hazırda 26 milyon manata yaxın vəsaiti vardır. Deməli, bağlanan banklarda əmanətçilərin əmanətlərini kompensasiya etmək üçün 100 milyon manat əlavə vəsaitə ehtiyac var. Ona görə də ƏSF-in icraçı direktoru Azad Cavadov qeyd edib ki, bununla bağlı MB-ya müraciət edəcəklər.

İkinci bir məsələ isə əmanətlərin valyuta tərkibiylə əlaqədardır. Belə ki, banklarda əmanətlərin təqribən 80%-i xarici valyutada, 20%-i isə milli valyutadadır. Bu pulu məhz olduğu kimi qaytarmaq özü də əlavə problem törədir. Bilavasitə “Bank Standart”da olduğu kimi. Belə ki, adı çəkilən bankda əmanətlərin nəyə görə manatla qaytarıldığı haqda artıq, rəsmi izahat da verilib. Söhbət, xarici valyuta ilə olan əmanətlərdən gedir.

Həmin vəsaitləri bütövlükdə olduğu şəkildə dərhal qaytarmaq mümkün deyildir, o səbəbdən ki, “Bank Standart”a dövlət maliyyə dəstəyini milli valyuta ilə etdiyindən, 600 milyon manata yaxın vəsaiti birdən-birə xarici valyutaya konvertə edərək qaytarmaq manatın məzənnəsi üçün onsuz da gərgin vəziyyət hökm sürdüyü bir vaxtda əlavə təhdid demək olardı.

Odur ki, ölkədə mövcud bankların birləşdirilməsi və yaxud ləğviylə bağlı əvvəl MB, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bacardıqca olduqca ehtiyatlı siyasət yürütməkdədir. Ancaq hər necə olsa da bir sıra bankları saxlamaq mümkün olmayacaq. Bunu MBNP-nın Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, məlum bankların lisenziyalarının ləğv edilməsi də bir daha sübut etdi. Sözüm bunda deyil.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, bankların sayını bazar özü müəyyən etməlidir. Konkret limit müəyyən etmək ki, filan sayda bank qalmalıdır və qalanları isə ləğv edilməli və yaxud birləşməlidir, olduqca səhv fikir və yanaşmadır. Bazarda özünü qoruyub saxlaya bilməyən banka dövlət dəstəyinin müəyyən bir həddi olur və olmalıdır da... Nisbətən sistem əhəmiyyətli bankları "süni nəfəs" verməklə özünə gətirmək mümkündür və bu, baş verə bilər. Yəni, buna onların şansı daha çoxdur. Amma sistem əhəmiyyəti daşımayan bankları isə dövlət tərəfindən lap nə qədər geniş maliyyə dəstəyi göstərilsə də vəziyyətdən çıxartmaq real deyil. Odur ki, onların süqutu labüddür.

Digər, nəzərə alınmalı olan cəhətsə ondan ibarətdir ki, bank pul müəssisəsidir, sərbəst maliyyə vəsaitlərinin cəlb olunaraq, yenidən dövriyyəyə buraxılması vasitəsidir. Burada isə 2 məqam var: sərbəst vəsaitləri cəlb etmək üçün gəlir vəd edilməlidir, onu yenidən dövriyyəyə buraxmaq üçün isə qazanc yeri olmalıdır. Bu gün iqtisadiyyatda sözügedən qazanc yeri real sektor olsa da müvafiq şərait yoxdur. İstehlak kreditlərinin verilməsi prosedurası isə məhdudlaşdırılmış durumdadır. Başqa sözlə desək, bankların fəaliyyət göstərmələri üçün tələb olunan "məkan" yoxdur.

Odur ki, bu yaxınlarda verdiyim açıqlamalardan birində də qeyd etdiyim kimi yaranmış situasiyadan çıxmaq üçün müvəqqəti olaraq istehlak kreditlərinə qoyulan müəyyən məhdudiyyətlər aradan götürülməli və bu sahədə vəziyyət təqribən 2014-cu ilədək olan şəraitə gətirilsə yaxşı olardı.

Həmçinin, hazırda bankların kreditləşdirməni faktiki olaraq dayandırdıqları (bəziləri bərpa etmiş olsalar da belə), o cümlədən adi əmanətlərin bütövlükdə geri ödənilməsi və faizlərin verilməsində də ciddi çətinliklərlə üzləşdikləri fonunda depozit cəlbi əlavə stimullaşdırıcı tədbirlərə ehtiyac duyduğundan, növbəti addım kimi manatla yeni əmanətlər yerləşdirilməsi üzrə faiz dərəcəsinə görə sığortalanan hədd də 15%-ə qaldırılsa, dollarla olan vəsaitlər üzrə isə bu hədd 3%-dən 5%-ə çatdırılsa, məqsədəuyğun olardı. Əks halda, sistem əhəmiyyətli banklar da istər-istəməz sıradan çıxmalı olacaqlar. Bunların sayı isə hazırda heç 5-6 da deyil...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti