`Darbə`ni kimlər hazırlayıb: – TƏHLİL

`Darbə`ni kimlər hazırlayıb: – TƏHLİL
  18 İyul 2016    Oxunub:23607
Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı səsləndirilən əsas versiyaya görə, bu, din xadimi, “Hizmət” hərəkatının lideri Fetullah Gülenin göstərişilə həyata keçirilib. Bu variant çevrilişin arxasında Amerikanın dayanması iddiasını da ehtiva edir və prezident Ərdoğanın Gülənlə bağlı verdiyi bəyanatlarda Vaşinqtonun roluna dolayı işarə vurulur.

Versiyanın doğruluğuna dəlalət edən bir neçə amilin sadalanması mümkündür. Geosiyasi nöqteyi-nəzərdan ABŞ Ərdoğanın devrilməsində maraqlı ola bilər və bu məqsədlə Gülənin Türkiyədə mühüm postlarda yer alan fiqurlarından istifadə etməsi mümkündür. Belə ki, Ərdoğanın Səudiyyə Ərəbistanı ilə yaxınlaşması və ölkənin məhz Səudiyyə modelinə uyğun islamlaşdırması ABŞ-ın maraqlarına ziddir. Bu, regionda şiə-sünni qüvvələr balansını pozur və sünnilərin regiondakı gücünü artırır.

Gülən hərəkatının təbliğ etdiyi sünniliklə, ərəblərin təbliğ etdiyi sünnilik arasında təməl ideoloji fərq ondan ibarətdir ki, `nurçu`lar islamda türklərin üstünlüyü ideyasını dəstəkləyir və unikal türk-sünni islamçılığı modelini ortaya qoyurlar. Məşhur araşdırmacı alim Bayram Balcı 90-cı illərin əvvəllərində Qafqaz regionunda Gülən ideyalarının yayılmasına şərait yaradılmasının əsas səbəbini bu ideologioyanın Ərəbistandan gələn radikal islam ideologiyalarının yayılmasına əngəl törətməsində görürdü. Qeyd olunan nöqteyi-nəzərdən yanaşdıqda, vaxtilə Gülən-Ərdoğan ittifaqının Türkiyədə hakimiyyətə yiyələnməsinə ABŞ-ın yaşıl işıq yandırmasının səbəbi aydın olur.

Türkiyədə bu vaxta qədər iki dəfə - 1960 və 1980-ci illərdə hərbi çevriliş baş versə də, müasir geosiyasi reallıqları nəzərə aldıqda budəfəki çevriliş cəhdi daha çox Misirdə 2013-cü ildə baş vermiş və prezident Muhammed Mursinin devrilməsilə nəticələnmiş ssenarini daha çox xatırladır. Mursinin də bir illik fəaliyyəti dövrü regionda qüvvələr balansını dəyişməyə istiqamətlənmişdi ki, bu da deyildiyi kimi, ABŞ-ın maraqlarına zidd idi. Səudiyyə Ərəbistanının yaratdığı “Müsəlman qardaşları” təşkilatının qeyri-rəsmi üzvü olan Mursi İranla yaxınlaşmaqla Yaxın Şərq regionunda qarşı duran sünni-şiə cəbhələrini birləşdirməyə çalışdı. Lakin nəticədə hərbi çevrilişlə üzləşdi və Misirdə hakimiyyəti Sisinin başçılıq etdiyi hərbi xunta ələ keçirdi.

Eyni zamanda, ABŞ-la Rusiyanın münasibətlərinin kəskinləşməsi fonunda Ərdoğanın Putinlə barışması Vaşinqtonun Moskvanı iqtisadi cəhətdən zəiflətmək planlarını kölgə altına salır. Bu məqam da, ABŞ-ın Türkiyədə çevrilişdə maraqlı olma ehtimalına inamı artırır.

Türkiyədə baş vermiş 1960 və 1980-ci il çevrilişlərində, həmçinin 2013-cü il Misirdəki çevrilişdə kampaniyanın başında birbaşa ordu rəhbərləri dayanırdı. Misirlə müqayisədə Türkiyədə demokratik institutların inkişaf səviyyəsinin qat-qat üstünlüyü, Mursi ilə müqayisədə Ərdoğanın idarəçilik təcrübəsinin dəfələrlə artıq olması və nəhayət, iki ölkənin ictimai-siyasi vəziyyətindəki fərqlərə baxmayaraq, Misirdəki çevriliş planı daha təfərrüatlı və dəqiq hazırlanmışdı.

Uğursuz çevriliş kampaniyası daha çox Ərdoğanın Türkiyədə iki cəbhəyə parçalanmış dindar elektoratı öz çətiri altında toplamasına şərait yaratdı. Gülənin şəxsi məqsədləri üçün dövlətə belə zərbə endirməkdən çəkinməməsinin aşılanması təbii ki, onun tərəfdarlarının azalması ilə nəticələnəcək. Beləliklə, Ərdoğanın prezidentin səlahiyyətlərini artırmaq üçün parlamentdə qarşılaşdığı əngəllər də ortadan qalxacaq. Parlament üzvləri Ərdoğanı sevsələr də, sevməsələr də onu dəstəkləməli olacaqlar. Çünki parlamenti atəşə tutan helikopteri kimin göndərməsindən asılı olmayaraq, yerə salacaq şəxs məhz Ərdoğandır.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:  





Xəbər lenti