Antidempinq siyasəti niyə və necə həyata keçirilməlidir? - TƏHLİL

Antidempinq siyasəti niyə və necə həyata keçirilməlidir? - TƏHLİL
  18 İyul 2016    Oxunub:12419
Dövlət başçısının “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununun tətbiqinə dair bu ayın 13-də imzaladığı Fərman adı çəkilən hüquqi-normativ sənədin tezliklə qüvvəyə minəcəyi ilə əlaqədardır.

Sözügedən qanunun 31-ci maddəsində yazılıb ki, sənəd dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minir. Odur ki, adı çəkilən fərmanda da bütün digər hüquqi aktların həmin qanuna uyğunlaşdırılması haqda hökumətə müvafiq tapşırıqlar verilib, həmçinin sənədin işə düşməsi ilə bağlı zəruri sayılan məsələlərin həlli üzrə göstərişlər öz əksini tapıb. Lakin sözümüz bunda deyil.

“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun ölkənin iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyəcək ki, buradan da sual yaranır, buna nədən ehtiyac var idi?

Məsələ bundadır ki, bu gün dünya iqtisadiyyatında baş verən və sürətlə cərəyan etməkdə olan proseslərlə əlaqədar olaraq istehsalda, o cümlədən bazarlarda rəqabət gündən-günə kəskinləşməkdədir. Düzdür, rəqabət inkişaf və artım üçün əsas şərtdir. Lakin, haqsız rəqabət deyilən bir anlayış da var ki, bu, inkişaf və artım amillərini əksinə, buxova alır. Odur ki, belə şəraitdə dövlət öz tənzimləyici alətlərindən istifadə etməklə bunun qarşısını almalı və vəziyyətə nəzarət edərək, onu tənzimləməlidir. Bunun üçün isə müvafiq qanunvericilik bazasının mövcud olması vacib şərtdir. Başqa sözlə desək, antidempinq siyasəti həyata keçirtmək üçün hüquqi əsas yaradılmalı idi.

Xatırladım ki, dempinq bir ölkənin istehsal etdiyi əmtəəsini digər ölkənin ərazisində öz ölkəsindəkinə nisbətən ucuz qiymətə satmasıdır. Belə ki, qanunun əsas anlayışlara dair 1-ci maddəsində dempinq idxalına da dair yazılır ki, malın normal dəyərindən (oxşar malın mənşə və ya ixrac ölkəsinin daxili bazarında adi ticarət dövriyyəsindəki satış qiyməti) aşağı qiymətə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilməsinə dempinqli idxal deyilir.

Yerli istehsal sahəsinə zərər vuran dempinqli idxala qarşı isə antidempinq, müvəqqəti antidempinq rüsumlarının tətbiqi və ya ixracatçının qiymət öhdəliklərinin qəbulu formasından ibarət tədbirlər planı, yəni antidempinq siyasəti həyata keçirilir. Antidempinq rüsumu isə yerli istehsal sahəsinə zərər vuran dempinqli idxalla bağlı tətbiq edilən gömrük rüsumu növüdür. Yəni, qısa desək, dempinq xarici bazarda potensial rəqibi sıxışdırıb çıxartmaq və satışın həcmini artırmaq məqsədilə yürüdüldüyü üçün mütləq, əks tədbirlərlə qarşılanmalıdır.

Azərbaycan kimi ölkələrdə antidempinq siyasəti isə xüsusən vacibdir. Ona görə ki, məlum olduğu kimi, bizim bazar olduqca kiçikdir. Və bu isə o deməkdir ki, Azərbaycana qarşı dempinq siyasəti həyata keçirən potensial ölkələrin sayı kifayət qədərdir. Üstəlik, keyfiyyət amili də vardır. Bütün bunların fonunda isə Azərbaycanda bazarı qorumaq sahəsində hökumətin üzərinə böyük vəzifələr və yük düşür.

Ancaq, burada bir məsələ də var. O da bundan ibarətdir ki, daxili bazarımız real olaraq bir sıra zəruri idxal məhsullarından asılı vəziyyətdədir. Odur ki, antidempinq siyasəti elə həyata keçirilməli və bu sahədə elə mexanizm təşkil olunmalıdır ki, bu, inhisarçılığın daha da güclənməsinə və yerli istehsalın rəqabətqabiliyyətli inkişaf tempindən kənarda qalmasına əsla, şərait yaratmasın.

Hesab edirəm ki, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun da bu mənada məqsəduyğun sistem formalaşdıracaq. Bununla belə, olduqca ehtiyatlı olmaq tələb olunur.

Qeyd edək ki, antidempinq siyasətində hökumət qurumları sırasında bilavasitə Dövlət Gömrük Komitəsinin (DGK) üzərinə böyük yük düşəcək. Ancaq, bu o demək deyil ki, digər qurumlar məsuliyyətdən kənar qalacaq. Təkrar edirəm ki, real olaraq istehlak bazarında vəziyyət nəzarətdə saxlanılmalıdır. Bu isə bütün qurumların əlaqəli şəkildə fəaliyyət göstərməli olduğunu diqtə edir.

DGK-nın sözügedən məsələyə dair hələ bir müddət bundan öncə müvafiq qurumlara öz təkliflərini göndərdiyi bildirilirdi. Azərbaycan iqtisadiyyatının təhlükəsizliyini qoruyan dövlət təşkilatı olaraq DGK Azərbaycan istehsalı olan məhsullara analoq sayılan idxala daha artıq rüsumun tətbiqi, eyni zamanda istehsalla bağlı gətirilən xammalın komponentlərinə gömrük rüsumlarının aşağı salınması ilə bağlı hökumətə və Maliyyə və İqtisadiyyat Nazirliklərinə təkliflər göndərdiyi deyilmişdi.

Ümumiyyətlə, antidempinq siyasətində bir neçə mühüm amil diqqət mərkəzində saxlanılmalıdır. Birincisi, bu və ya digər məhsul növü üzrə heç bir halda bahalaşma üçün zəmin yaranmamalıdır. İkincisi, söhbət yalnız yerli məhsulların xarici analoqlarının dempinq idxalı faklarının araşdırılması və müəyyən olunması fəaliyyətindən getməlidir. Üçüncüsü, bu və ya digər məhsul növünün idxalında inhisarçılıq məsələsi nəzarətdə saxlanılmalıdır. Dördüncüsü, ixracatçı ölkələrdə, həmçinin daxildə milli valyutalarda məzənnə dəyişiklikləri və sair kimi cəhətlər daim diqqət mərkəzində olmalıdır və sair. Bu siyahını bir az da uzatmaq olar.

Lakin, yekun olaraq qeyd edək ki, ümumiyyətlə, antidempinq, kompensasiya və mühafizə tədbirlərinin əsas məqsədi yerli istehsalı qorumaqdan ibarət olacaqsa da, bu siyasət bilavasitə istehlakçıların hüquqlarının və mənafeyinin qorunmasının çərçivəsində həyata keçirilməməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti