Bakıda itlərin `gözəllik salonu` - REPORTAJ (FOTOLAR)

  09 İyun 2016    Oxunub : 40168
Bakıda itlərin `gözəllik salonu` - REPORTAJ (FOTOLAR)
“İtin, pişiyin olum Allah”... Bu, ən çox işlətdiyim deyimlərdəndir. Deyimin necə yaranmasından bixəbər olsam da, bəzən bu ifadələr sözün əsl mənasında yerinə düşür.

Məsələn, reportaj hazırladığım “The Doggie Styles” salonundan xəbərdar olsanız, inanıram ki, sözümü qəribçiliyə salmarsınız. Bülbül 81 ünvanında yerləşən bu məkan bir çox parodalardan olan itlərin necə deyərlər “gözəllik salonu”dur. Burada nəyin ki, itləri çimizdirib darayırlar, hətta tüklərini boyayıb, dırnaqlarına rəng də çəkirlər.

Salonun sahibəsi Nailə Əliyeva deyir ki, bir ildir fəaliyyət göstərən “The Doggie Styles” ı itlərə olan sevgisindən açıb.

“Sən itləri sevməsən, bu iş alınmaz. Evdə 5 itim var. Bakıda onların tükünü kəsəcək hansısa salon və ya peşəkar mütəxəssis tapa bilmirdim. Ona görə də Ukraynaya gedib, bununla bağlı kurslara qatıldım. Fikirləşirdim ki, öyrənəndən sonra özümün və dostlarımın itlərininin tükünü kəsərəm.

Ukraynada gördüm ki, bu iş geniş yayılıb və buna ciddi yanaşırlar, yaxşı məktəblər var. Bir həftəlik olan kursumun müdəttini uzatdım. Dərindən bu işi mənimsədim. Ancaq fikrimdə salon açmaq yox idi”.



Düzünü desəm, Nailə xanımın peşəsinin kinoloq olacağını düşünürdüm. Amma yanılmışam.

“Mən ixtisasca tarixçiyəm. Artıq 3 ildir ki, bu işlə məşğul oluram. Həyat yoldaşıma deyəndə ki, Ukraynada itlərin profesional kəsimini öyrənmək istəyirəm, dedi, sevirsənsə, niyə də yox. Ona görə də getdim. Qayıdandan sonra salon açmağa qərar verdim. Salona gəlmək üçün 10 gün əvvəldən yazılmaq lazımdır. Məsələn, bu ayın 16-na kimi yer yoxdur”.



Salon sahibəsi bildirdi ki, hətta şəhərin tanınmış insanları da itlərini onlara etibar edir.

“Müğənnilər Almaz Ələsgərli, Röya, Nura Suri, Azərbaycan yığmasında oynayan voleybolçu Adina Bayramova, fotoqraf Orxan Aslanov, DJ Sam, müğənni Çingiz Mustafayev və başqaları itlərini bizim salona gətirirlər. Çünki buranın təmizliyi, gigeynik qaydalara əməl olunması onlarda əminlik yaradır.

Salonda itlər üçün müxtəlif formada geyimlər də satılır”. N.Əliyevanın bildirdiyinə görə, salonda gün ərzində minimum 5-6 it qəbul edilir. Xidmət haqqı itlərin parodasından asılı olaraq dəyişir.



“Qiymərlər itin vəziyyətindən və parodasından asılıdır. Elə vaxt olur ki, it salona səliqəli gəlir, bəzən isə pis vəziyyətdə. Qiymətlər buna görə müxtəlifdir.

Məsələn, “Yorkshire Terrier”i götürək, onun tüklərinin daranması, kəsilməsi , gözlərinin və qulaqlarının təmizlənməsi, dırnaqların kəsilməsi, parfüm vurulması, bantik taxılması 45-55 manat edir . Eyni zamanda istəkdən asılı olaraq biz itlərin tüklərinə rəng də qoyuruq, qulaqlarına sırğa vururuq. Bundan əlavə itlərə tatu edirik, müştərilərin zövqünə uyğun itlərin dırnaqlarını boyayırıq.



Salonumuza daha çox “Yorkshire Terrier” və “Şpitsi” gətirirlər. Siz burada digər cinsdən olan itəri də görə bilərsiniz. “Ovçarka”, “Çoban iti” , ”golden rentriver” , ”rotveyler” , ”xaski” , ”akita inu” vəs.

Nailə xanım deyir ki, itlərlə işləmək üçün onları sevmək lazımdır, əks halda iş alınmayacaq.

“Yeni işçi götürəndə birnci növbədə istəyirəm ki, həmin insan itləri sevsin. İt qorxulu heyvan deyil. Sadəcə onları sevmək lazımdır. 12 yaşımdan it saxlayıram”.



Salonda istifadə olunan alətlər müxtəlif ölkələrdən gətirilir.

“İstifadə etdiyimiz alətləri tapmaq çox çətindir. Alətləri əsasən Ukraynadan, Rusiyadan, İtalyadan, Amerikadan sifarişlə alıram. İtlər üçün şampun, balzam, spreyləri burada tapmaq olmur.

Ən böyük arzum küçə itləri üçün ev və otel açmaqdır. Azərbaycanlılar hələ bunları qəbul etməyə hazır deyir. Biz salonu təzə açanda qonşular şikayət edirdilər ki, bağlayın buranı, murdarlıqdır. Allahın yaratdığı bir canlıya necə murdar demək olar. Zaman keçdikdə insanlar öyrəşirlər”.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az

Foto


Teqlər: