Azərbaycanda 5 minə yaxın qanunsuz miqrant var

  23 May 2016    Oxunub : 1292
Azərbaycanda 5 minə yaxın qanunsuz miqrant var
Bu gün Bakıda “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.9.5-ci yarımbəndinə əsasən insan alverinin və qanunsuz miqrasiyanın mahiyyətinə dair kütləvi informasiya vasitələrinin əməkdaşları üçün seminar keçirilib.
Seminarda Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin və Mətbuat Şurasının nümayəndələri iştirak edib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev seminarın açılışında çıxış edərək bildirib ki, insаn аlvеrinə qаrşı mübаrizə sаhəsində şəхsiyyətin və cəmiyyətin insаn аlvеrinin istənilən fоrmаlаrındаn müdаfiəsi, bu növ cinаyətlərin аşkаr еdilməsi və qаrşısının аlınmаsı, hаbеlə nəticələrinin аrаdаn qаldırılmаsı istiqamətində bir sırа işlər görülüb, beynəlxalq, regional və milli səviyyədə mühüm tədbirlər həyata keçirilib.

Ölkəmizdə insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasının ötən 11 ilində bu sahəyə dövlət və hökumət səviyyəsində xüsusi diqqət ayrılıb.

2015-ci ildə otel və digər yerlərdə 197 əxlaqsızlıq yuvası aşkarlandığını deyən Şərif Əsədullayev bildirib ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi heç bir otel və mehmanxanaya nəzarət etmir. O, əlavə edib ki, İnsan alveri qurbanlarının sığnacaqda yerləşdirilməsi üçün aylıq saxlanılma xərci 720 manatdır: “Həmin şəxslərə lazımi tibbi yardımlar olunur və onlar mövsümü geyimlərlə təmin edilir”.



Seminarda Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi İlkin Qurbanov “İnsan alverinə qarşı mübarizə fəaliyyəti, onun təşkilati və hüquqi əsasları”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova “İnsan alveri və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsi üzrə sosial fəaliyyət” mövzularında çıxış ediblər.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiyaya Nəzarət Baş İdarəsinin rəis müavini Qüdrət Məmmədov “Azərbaycan Respublikasında qanunsuz miqrasiyaya qarşı mübarizə fəaliyyəti” haqqında danışarkən bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının son illər keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq ölkəmizə qeyri-leqal yolla daxil olan əcnəbilərin sayı azalıb.

Əvvəlki illərdə ölkəmizə Banqladeş və Pakistan vətandaşları qanunsuz miqrant kimi daxil olublar:

“Azərbaycanda son 11 ildə 646 insan alveri qurbanları aşkar edilib. Bunlardan 7 faizi əcnəbi və vətəndaşlığı olmayan şəxlərdir. Son 6 ay ərzində Yaxın Şərq-Türkiyə-Azərbaycan marşurutu ilə Avropaya qanunsuz miqrant axını faktları qeydə alınıb. Bu da Azərbaycanın tranzit ölkəyə çevrilməsinə gətirib çıxarır.

Hüquq-mühafizə orqanları əməkdaşları 5 mütəşəkkil dəstə zərərsizləşdirib. Saxlanılanlar arasında Azərbaycan vətəndaşları olmayıb. Əsasən həmin qanunsuz miqrantların öz ölkələrindən olan şəxslər olub. Azərbaycanda 5 minə yaxın qanunsuz miqrant var”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat Şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə “İnsan alveri və qanunsuz miqrasiyaya qarşı mübarizədə Dövlət Komitəsinin rolu”, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli “İnsan alveri və qanunsuz miqrasiya, eləcə də belə hallara qarşı mübarizəyə dair məlumatların kütləvi informasiya vasitələrində işıqlandırılması xüsusiyyətləri” mövzusunda çıxış və məruzələr ediblər.

AzVision.az

Teqlər: