Metsamoru `yeniləmək` cəhdi: Yerevan özünü ifşa etdi – ARAŞDIRMA

Metsamoru `yeniləmək` cəhdi: Yerevan özünü ifşa etdi – ARAŞDIRMA
  19 May 2016    Oxunub:4627
Bu gün bütün Cənubi Qafqaz, Türkiyə və İranın şimalı, Rusiyanın cənubu istənilən an radiasiya təhlükəsinə məruz qala bilər. Ekspertlərin fikrincə, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasında baş verəcək faciənin fəsadları Çernobl hadisəsindən də ağır olacaq.

Artıq dünyada hər kəs Metsamorun təhlükəli olduğunu qəbul edir. Elə Azərbaycan da başda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik olmaqla beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib.

Bu gün Yerevanın yeganə ümid yeri Avropa İttifaqının bu ilin yanvarında irəli sürdüyü “Ermənistanın nüvə idarəetmə müəssəsinin potensialının artırılması və bunun təşkilinə texniki dəstəyin verilməsi” layihəsidir. Layihə çərçivəsində Avropa Birliyi Ermənistana 2 milyon 500 min avro ayırıb. Tenderdə iştirak etmək istəyən şirkətlərin müraciətləri iyul ayınadək davam edəcək. Tenderin qalibi oktyabrda elan olunacaq. Layihə oktyabrdan etibarən 36 ay müddətində həyata keçiriləcək.

Çexiyanın businessinfo.cz saytı öz şirkətlərini tender barədə məlumatlandırmaq üçün xəbər yerləşdirib. Xəbərə görə, Çex Respublikasının Ticarət və Sənayə Nazirliyi Ermənistanın nüvə idarəetmə müəssəsinin potensialının artırılması və Metsamor nüvə elektrik stansiyasının 2-ci blokunun uzunmüddətli təhlükəsizliyini nəzərdə tutan sənədləri təhlil edərək, bu işin təşkilinə texniki dəstəyin verilməsinə dair tender barədə məlumatlandırılıb. Lakin araşdırmalarımız nəticəsində məlum oldu ki, bu günə kimi nəinki çex, dünyanın heç bir şirkəti layihədə iştirak etmək üçün müraciət etməyib. Hətta Rusiya şirkətləri də susurlar.

Adından göründüyü kimi, bu layihə sübut edir ki, Metsamor AES, AEBA tərəfindən müəyyən edilmiş “nüvə, radiasiya, nəqliyyat, nüvə tullantıları və ümumi təhlükəsizlik standartları”na cavab vermir. Zavodun texniki personalının peşəkarlıq səviyyəsi olduqca aşağı olduğundan, AB onları təkmilləşdirməyə ehtiyac duyub.


Erməni “nüvə adamları”nın səriştəsizliyini Metsamorun tarix də sübut edir. Belə ki, 1982-ci il, okyabrın 15-də baş vermiş yanğını söndürmək üşün 110 işçi 7 saat vaxt sərf etmişdi. 1988-ci il, dekabrın 7-də Spitakda baş verən zəlzələdən dərhal sonra Metsamor Atom Elektrik stansiyasının yerli personalı stansiyanı təşviş içində tərk etmiş, operativ və təmir briqadasının olmaması üzündən reaktorun qızması təhlükəsi yaranmışdı.

Qəzanın qarşısını almaq üşün SSRİ Nazirlər Şurası və SSRİ Atom sənayesi nazirliyi Kolsskiy AES-dən personalı təcili ora göndərmək məcburiyyətində qalmışdı. Hər iki stansiyanın texniki parametrləri oxşar olub.

Sadaladıqlarımız, erməni atom işçilərinin peşəkarlıq səviyyəsinin hələ yüksək təhlükəsizlik standartlarının mövcud olduğu Sovet İttifaqı dönəminin (1988-ci il) göstəricisidir. Bundan sonrakı dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in müasir təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində heç bir addım atılmayıb.

Digər tərəfdən, sovet dönəmində tikilmiş bu AES-də VVER, PBMK, EGP və BN olmaq üzrə dörd moduldan istifadə edilir. Halbuki, təxminən 40 illik təcrübə nəticəsində VVER reaktorlarının çox etibarsız olduğu müəyyən olunub. Ən çox qəzalar da məhz VVER reaktoru ilə çalışan stansiyalarda baş verib. “Metsamor” AES də məhz VVER modeli ilə çalışır. Stansiyanın ilk modulu VVER440/230 modelidir. Ən köhnə, təhlükəsizlik sistemi yox dərəcəsində olan bu modeldən istifadə edilməsi, “Metsamor” AES-in Çernobıl AES-dən də riskli olduğunu sübut edir. Çünki bu modeldə radioaktiv maddə sızıntısının qarşısını alacaq polad qübbə yoxdur. Bununla yanaşı, stansiyanın müasir təhlükəsizlik və texniki təchizatının olmaması, reaktorun soyudulması üçün istifadə edilən suyun azlığı və soyutma sisteminin köhnəlmiş layihə ilə tikilməsi də regionun ekoloji vəziyyəti üçün ciddi təhlükələr ortaya çıxarır.



AES-in VVER-440/270 modelinə əsasən tikilən ikinci bloku isə nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur. Beynəlxalq Nüvə Energetikası Agentliyinin (BAEA) reyestrinə görə, Rusiyada istehsal olunmuş VVER-440/270 tipli bu blokların toplam istehsal gücü ildə 916 MVt elektroenerjidir.

Birinci blokun inşasına 1969-cu ilin iyulun 1-də başlanıb və o, 1977-ci ilin noyabrın 6-da istifadəyə verilib. İkinci blok isə 1975-ci ilin iyulun 1-də tikilməyə başlanıb, 1980-ci ilin mayın 3-də istismara verilib. Blokların heç birinin hermetik "qılaf"ı, yəni hər hansı qəza və ya fövqəladə hadisə zamanı müdafiə korpusunun radioaktiv sızmaların qarşısını ala biləcək konstruksiyası yoxdur.

Reaktorların dəyişdirilməsinə göstərilən səylər də uğursuz olub və alternativ enerji mənbələrinin axtarışı, eləcə də yeni reaktorun ən müasir idarəetmə elementləri və ehtiyat köçürmə sistemi ilə bağlı göstərilən səylər hələ ki faydasızdır.

“Metsamor”un ciddi təhlükə mənbəyi olmasını əsaslandıran səbəblərdən biri də onun Rixter şkalasını üzrə 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında tikilməsidir. Nüvə enerjisi üzrə beynəlxalq standartlar isə 5 baldan çox zəlzələ ehtimalı olan ərazilərdə AES-lərin tikilməsini qadağan edir.

AES-də fəaliyyət dövrü ərzində 5 böyük, 150-dən çox kiçik qəzalar baş verib. Qəzalardan ən böyüyü 1988-ci ildə Ermənistanın Spitak (Hamamlı) ərazisində baş vermiş zəlzələ nəticəsində qeydə alınıb. O zaman 25 min nəfər ölmüşdü.

Bu gün Metsamorda qəza baş verərsə, personal qorxub qaçarsa, təhlükəsizliyi kimin təmin edəcəyi məlum deyil. Bundan başqa, stansiyada peşəkarlığı şübhə doğuran bir işçinin qəza törətməyəcəyinə də təminat verən yoxdur. Üstəlik, sözügedən personal bu gün həm də nüvə materiallarının kontrabandası ilə məşğuldur. Bunu sübut edən kifayət qədər faktlar var.

Həmin faktlar da göstərir ki, Metsamor AES dərhal bağlanmalıdır. Çünki bu obyekt adi bir qəza ilə böyük bir regionda canlı aləmi məhv edə bilər. Ona görə də, bu məsələ heç bir dövlətin daxili iş ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək.

Xüsusi olaraq qeyd etməliyik ki, "Metsamor" AES-in Azərbaycan, Türkiyə və İran üçün yaratdığı real təhlükənin ümumi ərazisi mövcud Ermənistandan təxminən iki dəfə böyükdür. Bütün bunlara görə, Ermənistana qonşu ölkələr “Metsamor”un bağlanması üçün təzyiq göstərməlidirlər.

Bundan başqa, Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarında nüvə tullantıları basdırması, "Metsamor" Atom Elektrik Stansiyasının radiasiya tullantılarının Araz çayı vasitəsilə Xəzər dənizinə axıdılması inkar edilməz faktlarla təsdiqini tapıb. Ermənistan rəhbərləri Azərbaycan və Türkiyəyni radiaktiv tərkibli silahdan istifadə etməklə təhdid edib. Butün bu faktlar dünya ictimaiyyətini daha ciddi düşünməsi üçün bəs edir.

Bunu da unutmaq olmaz ki, Ermənistan tərəfi işğal altında saxladığı Azərbaycan torpaqlarında terrorçu təşkilatlara təlim düşərgəsi yaradıb. Heç kim zəmanət verə bilməz ki, terrorçuluğu dəstəkləyən, ayrı-ayrı terror təşkilatları ilə əməkdaşlıq edən Ermənistan, "Metsamor" AES-in imkanlarından Azərbaycan və Türkiyəyə qarşı məqsədli istifadə etmək niyyətində deyil.

Səbinə Həsənova
BURADAN


Teqlər:  





Xəbər lenti