Dollarlaşma tam bitdimi? – TƏHLİL

Dollarlaşma tam bitdimi? – TƏHLİL
  17 May 2016    Oxunub:3243
Ölkədə dollarizasiya prosesinin səngidiyi özünü hələ fevralın əvvəlindən göstərməyə başlayıb. Düzdür, fevralın sonuna yaxın xarici valyutaya tələb yenə artmışdı. Lakin bunun müvəqqəti xarakter daşıdığı aydın görünürdü.

Təsadüfi deyil ki, məhz elə həmin ərəfədə rəsmilər manatın tezliklə “özünə qayıdacağını” qeyd etmişdilər. Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində bildirmişdi ki, martdan Mərkəzi Bank (AMB) və Maliyyə Bazarlarına Nəzarət Palatası, o cümlədən digər qurumlar manatın likvidliyini artırmaq üçün çox ciddi qərarlar qəbul edəcəklər. N.Əmirov bəyan etmişdi ki, yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq.

Ümumiyyətlə, manatın fevralın 1-dən 25-nə kimi nisbətən möhkəmlənməsinə dair şərhimizdə də yazmışdıq ki, bu, bir neçə səbəblə bağlıdır: birincisi, neftin qiyməti sabitləşib, ikincisi, ABŞ dollarının dünyada möhkəmlənməsi prosesi səngiyib, üçüncüsü, Azərbaycan hökumətinin maliyyə bazarına yönəlik tənzimləyici tədbirləri genişlənib və gücləndirilib, dördüncüsü, ölkədə bank sektorunda II devalvasiyadan sonra başladılan ləğvetmə və konsolidasiya prosesi qeyri-müəyyənlik yaradıb, beşincisi isə, əhalinin bir hissəsi əllərindəki dollarları manata dəyişməyə başlayıb.

Manatın xarici valyutalara nəzərən məzənnəsinin fevralın 25-dən ucuzlaşmağa başlamasını isə uyğun olaraq ona qarşı yenə psixoloji təzyiqlərin yaranması, ölkəyə idxal əməliyyatlarına meylin artması, AMB və Neft Fondu (ARDNF) tərəfdən valyuta hərraclarına həmin ərəfədə məqsədli şəkildə az dollar vəsaiti çıxarılması və nəhayət, ölkədə bank sektorunda ləğvetmə və konsolidasiya prosesinə artıq, moratorium elan edilməsi ilə izah etmişdik.

Sonuncu tendensiyanın nə qədər davam edə biləcəyinə gəldikdə isə yazmışdıq ki, manatın xarici valyutalara nəzərən məzənnəsinin neftin ixrac qiymətinin yaxşılığa doğru dəyişməsinə rəğmən dəyərsizləşməsi onun dəyərinin artıq, tamamilə yeni şərtlər əsasında formalaşmağa meyl etdiyi göstəricisi sayılmalıdır. Və ümumiyyətlə, müşahidə belə deməyə əsas vermişdi ki, AMB-in məzənnəyə dair, yəni bilavasitə dolların manata nəzərən 1,55-dən təxminən 1,70 AZN aralığında rəqs etməsinə imkan yaradan müəyyən bir “hədəfi” vardır. Məqsəd isə onu məhz, yeni bazar şərtlərinə adaptasiya olunmağa sövq etməkdən ibarətdir.

Real olaraq isə artıq, bir müddətdir manatın dollara nəzərən məzənnəsi 1,50 AZN civarındadır... Bu isə o deməkdir ki, dollarizasiya ümumiyyətlə, dayanıb. Sual oluna bilər ki, bunun başlıca səbəbi nədir?

Fikrimizcə, ölkədə dollarizasiya prosesinin tamamilə dayanmasında birinci növbədə yuxarıdan ikinci abzasda qeyd etdiyimiz səbəblərin bir çoxunun daha da möhkəmlənməsi təşkil edir. İkinci səbəb isə bununla yanaşı, xüsusən, ölkədə bankların fəaliyyətini sağlamlaşdırmaq, o cümlədən, əhalinin inamını, manatın itirdiyi mövqeyini bərpa etmək üçün əmanətlərin tam olaraq sığortalanması, həmçinin faiz gəlirlərinin də vergidən azad olunması tədbirləri mühüm rol oynadı.

Xatırladaq ki, Prezidentin 19 yanvar 2016-cı il tarixdə imzaladağı və 1 mart 2016-cı il tarixdən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanununa əsasən, 1 mart 2019-cu ilə qədər banklarda yerləşdirilmiş bütün əmanətlər əvvəl müəyyən edilən 30 minədək limit ləğv edilməklə məbləğlərindən asılı olmayaraq, tamamilə sığortalanmağa başlandı. Dollar üzrə sığortalanılan faiz həddinin isə 3%-ə endirilməklə manata görə 12%-də saxlanması xarici valyuta ilə əmanət yerləşdirilməsini əvvəlkindən daha artıq səviyyədə etibarlılıq əldə etməsinə rəğmən səmərəsiz, manatla isə cəlbedici etdi.

Odur ki, biz, hələ onda yazmışdıq ki, əmanətlərin tam olaraq sığortalanması ilk növbədə ölkədə məhz dollarizasiya əleyhinə yönələn addım kimi dəyərləndirilməlidir.

Yeri gəlmişkən, I rübdə fiziki şəxslərin manatla əmanətləri ilin əvvəli ilə müqayisədə 6,4% artdığı halda, xarici valyutada əmanətləri 20,8% azalmış, ümumiyyətlə isə, fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85%-dən 80%-ə enmişdir. Fiziki şəxlərin manatla əmanətlərinin həcmi aprelin 1-nə 1 milyard 511,6 milyon manat təşkil edib ki, bu isə cari ilin fevral ayının yekunları ilə müqayisədə 102,5 milyon manat və ya 7,27% çoxdur. Xarici valyutada fiziki şəxslərin əmanətləri isə aprelin 1-nə 6 milyard 377,3 milyon manat təşkil edib. Bu da martın 1-nə olan göstəricidən 291,1 milyon manat və ya 4,36% azdır.

Düzdür, bütün bu rəqəmlər əhalinin banklarda olan əmanətlərinin ümumən azalması fonunda baş verib. Lakin əsas odur ki, dollarlaşma səviyyəsi nəyinki dayanmış, azalmağa doğru istiqamətlənib. Bu, banklar tərəfdən əhaliyə və digərlərinə nağd valyuta satışında da özünü göstərməkdədir.

Bəs, bu proses yenidən əvvəlki tempə qayıda bilərmi? Bu, nə dərəcədə inandırıcıdır?

Məsələ bundadır ki, ölkədə dollarizasiya prosesi maksimum səviyyəyə çatmışdı. Əvvəlki tendensiyanın yenidən bərpa olunmasına isə manata qarşı yenə psixoloji təzyiqlərin yaranması, ölkəyə idxal əməliyyatlarının genişlənməsi, AMB və ARDNF tərəfdən valyuta hərraclarına dollar vəsaiti çıxarılmasının məhdudlaşması və bank sektorunda mövcud vəziyyətin – bir sıra problemlərin həllinin yubanması şərait yarada bilər.

Bütün bunların baş verməməsi üçün isə ilk növbədə neftin dünya bazar qiymətləri 40 dollardan uzunmüddətli şəkildə çox da aşağı səviyyəyə düşməməli, ikincisi isə sözsüz, hökumətin ilin əvvəlindən bəri atdığı islahat xarakterli addımlar davam etdirilməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti