Magistrlar əsgərliyə getsin, yoxsa yox? - Müzakirə

Magistrlar əsgərliyə getsin, yoxsa yox? - Müzakirə
  17 May 2016    Oxunub:2527
Bu gün Milli Məclisdə "Elm haqqında" qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, layihə barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. Komitəs sədri bildirib ki, sənəd azərbaycançılığa söykənən ideoloji baza formasında hazırlanıb.

“Layihənin sonuncu variantı Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir. Layihənin birinci oxunuş üçün variantı 1 il bundan əvvəl hazırlanmışdı. Layihənin yeni variantında dünyada gedən proseslər geniş mənada öz əksini tapıb. İlk dəfədir ki, layihədə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr daxil edilib. Layihədə ilk dəfə olaraq, AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Elmlər doktoru elmi dərəcə olsa da, AMEA-nın müxbir üzvi, həqiqi üzvlüyü elmi rütbə hesab edilmirdi. Ona görə də bu məsələ layihəyə daxil edilib".

Komitə sədri qeyd edib ki, layihənin yeni variantı 7 fəsil, 41 maddədən ibarətdir: "Əvvəlki layihədən fərqli olaraq magistratura təhsilinin iki istiqamət (ixtisas və tədqiqat magistraturası) üzrə aparılması ilə bağlı maddə çıxarılıb. Bu maddə əhəmiyyətli olsa da, "Elm haqqında" qanun layihəsi üçün əhəmiyyətli deyil, "Təhsil haqqında" qanuna daxil edilməlidir. Ona görə də bunu "Təhsil haqqında" qanuna əlavə və düzəlişlər kimi etmək fikrindəyik. Bundan başqa, Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də layihədən çıxarılıb. Bu məsələnin layihədən çıxarılmasının səbəbi təmas xəttində gərginliklərin artmasıdır. Düşünürəm ki, belə bir zamanda magistr və doktorantlara möhlət hüququnun verilməsi düzgün olmaz. Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər. Hazırda gənclərin də ən böyük arzusu Azərbaycanın torpaqlarının müdafiəsi, qorunması və haqq işində qalib gəlməyimizdir".

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, dövlətin əsas vəzifələrindən biri elmi fəaliyyətdə olduğu kimi təhsildə də fasiləsizliyi təmin etməkdir.

Millət vəkilinin sözlərinə görə, magistraturaya qəbul olanlara hərbi möhlət verilməlidir.

Q.Həsənquliyev çıxışı zamanı 700 bal toplayan gəncin aprel döyüşlərində şəhid olmasını xatırlayıb: “Vətəni qorumaq hər bir azərbaycanlının borcudur. Amma vətəni tək səngərdə deyil, hər insan öz sahəsində müdafiə etməlidir. Düşünürəm ki, 700 bal toplayan gənc ölkəmizə elmi sahədə böyük töhfələr verə bilərdi. Təklif edirəm ki, elmi fəaliyyətini davam etdirən magistratura və doktoranturaya qəbul olmuş şəxslər hərbi vəzifədən azad olunsunlar. Həmçinin fəlsəfə doktorları orduya çağırılmamalıdır. Ermənilərə üstün gəlməyimizin bir yolu da elmin üstün olmasından keçir”.

Müzakirələrdə çıxış edən deputat Fazil Mustafanın fikrincə, son hadisələr göstərdi ki, Azərbaycan peşəkar ordusu ilə Qarabağı düşməndən azad edəcək. Millət vəkili qeyd edib ki, gəncləri təhsildən ayıraraq hərbi xidmətə cəlb etmək doğru deyil.

Deputat təhsildə fasiləsizliyin təmin edilməsi ilə bağlı müddəanın qanun layihəsinə əlavə olunmasını təklif edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti