Çörək 36 saat əvəzinə 3 gün saxlanılır
Azərbaycan Respublikasinin Standartlaşdirma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyalari və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji prossesi reqlamentləşdirən texnoloji təlimat və resepturalar mövcud deyil, istehsal yerində sanitariya qaydalarına əməl olunmur, sabit keyfiyyətdə məshul istehsalı üçün şərait yoxdur. Həmçinin müəssisədə istehsal olunan çovdar və buğda unu qarışığından hazırlanan çörəklərin təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatı mövcud deyil. Nəticədə normativ sənəd ГОСТ 2077-84 standartının, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, 6-cı, 7-ci, 13-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddələrinin tələbləri pozulub.
Yoxlanılan məhsulun qablaşdırılması, saxlanması və markalanması normativ sənəd ГОСТ 2077-84 standartının tələblərinə cavab verməyib. Belə ki, istehsal olunan çörəyin üzərinə reklam xarakterli “Pəhriz” yazısı qeyd olunmuş, çörəyin saxlanılma müddəti maksimum 36 saat olduğu halda markalanmada 3 gün göstərilib. Müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur və heç bir laboratoriya ilə müqavilə bağlanmayıb. Məhsulun keyfiyyətinə nəzarət olunmadığı müəyyən olunub.
Aşkar olunan nöqsanlarla əlaqədar olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 3123 ünvanında fəaliyyət göstərən 29 saylı çörəkbişirmə müəssisəsində istehsal qadağan edilmiş, müəssisə barədə inzibati qaydada protokol tərtib olunmuşdur.