“Su içmək orucu pozurmu?”- RƏYLƏR

“Su içmək orucu pozurmu?”- RƏYLƏR
  15 İyul 2013    Oxunub:9733
“Boğazdan nə keçərsə, oruc pozulmuş hesab olunur”
Son günlər mətbuatda İranlı din xadiminin su içməyin orucu pozmadığı barədə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. AzVİsion.az xəbər verir ki, məsələ ilə bağlı Türkiyə mətbuatında da müxtəlif fikirlər yer alıb.
Azərbaycanlı din xadimləri bu suala necə aydınlıq gətirir? Oruc tutan şəxs su içərsə, orucu pozulurmu?

Hacı Qamət Süleymanov AzVision.az-a açıqlamasında deyib ki, oruc tutan adam su içərsə, onun orucu pozulur: “Boğazdan nə keçərsə, oruc pozulmuş hesab olunur. İslam hər şeyi nəzərə alıb. Özünü pis hiss edirsənsə, orucu pozmaq olar. Sonradan həmin günün qəza orucunu tutmaq mümkündür”.

Hacı Rövşən Məmmədov da bu fikirdədir ki, su içmək orucu batil edir: “Quran ayəsində də qeyd olunur ki, xəstə olsanız oruc tutmaya bilərsiz. Dünən də belə bir hadisə olmuşdu ki, yüksək təzyiqli adam oruc idi və özünü pis hiss edirdi, iynə vurdurdu və o vəziyyətdən çıxdı”.
R.Məmmədov vurğulayıb ki, orucu pozulmuş adam daha sonra qəza orucu tuta bilər: “Ramazan ayı bitəndən sonra həmin günün qəza orucunu tutmaq olar”.

Qeyd edək ki, İran din xadimi Ayətullah Əsədullah Bayat Zəncani deyib ki, oruc tutanlar susuzluğa dözə bilmədikləri anda az miqdarda su qəbul edə bilər.
Ayətullahın sözlərinə görə, oruc tutan şəxs susuzluqdan halsız vəziyyətə düşübsə, özündən gedirsə, susuzluqdan ölməməsi üçün su içə bilər və bu, orucu pozmaz.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti