Daha 300 min nəfərə hesab açıldı
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Fond tərəfindən əlavə olaraq 315 512 sığortaolunana fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnamələri paylanılıb.
2013-ci il iyulun 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı ümumilikdə 2 581 586 nəfər təşkil edir ki, onların 58,6 faizi kişi, 41,4 faizi qadındır.
2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir.
Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 23,5 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 23,3 faiz, 40-50 yaş aralığında olan sığortaolunanlar 22,8 faiz, 50-60 yaş aralığında olan sığortaolunanlar 20,5 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,8 faiz təşkil edir.
AzVision.az
Teqlər: