TQDK-dan xəbərdarlıq: “Biz cavabdehlik daşımırıq”

TQDK-dan xəbərdarlıq: “Biz cavabdehlik daşımırıq”
  13 İyul 2013    Oxunub:3618
TQDK və «Space» telekanalının birgə layihəsi olan “Abituriyent” verilişi builki qəbul kampaniyasında da fəaliyyət göstərəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul kampaniyasının bütün mərhələlərində ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm verir. Bu məqsədlə həyata keçirilən ənənəvi layihələrdən biri - «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişi cari qəbul kampaniyasında da fəaliyyət göstərəcəkdir.

Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hər bir qəbul imtahanından dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası başa çatdıqdan sonra saat 19:00-da «Space» telekanalında canlı yayımlanan həmin verilişdə TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları elan olunacaq və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

Son günlər bəzi digər telekanallarda efirə verilən anonslardan məlum olur ki, qəbul imtahanlarından sonra müxtəlif hazırlıq kursları tərəfindən analoji layihənin həyata keçirilməsinə cəhd göstərilməsi, imtahanda istifadə olunmuş sualların müzakirəsinin təşkil olunması planlaşdırılır.

TQDK ölkə ictimaiyyətinin nəzərinə çatdırır ki, digər telekanallarda imtahan suallarının müzakirəsi və guya düzgün cavablarının elan olunmasına heç bir cavabdehlik daşımır. Çünki Komissiyanın ekspertləri tərəfindən imtahan suallarının düzgün cavabı kimi təsdiqini tapmış, hüquqi qüvvəyə malik etalon yalnız “Space» telekanalının adı çəkilən verilişində elan olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti