Siyavuş Novruzovdan müxalifətə: `Nədən söhbət edək?`

Siyavuş Novruzovdan müxalifətə: `Nədən söhbət edək?`
  18 Mart 2016    Oxunub:3017
Yeni Azərbaycan Partiyası (YAP) müxalifətin antiböhran koalisiyasının debat təklifinə münasibət bildirib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov AzVision.az-a deyib ki, partiya belə debatlarda iştirakı məqbul saymır.

Onun sözlərinə görə, koalisiyanın təklifi nəticəsi olmayan söhbətə bənzəyir: “Onlar müzakirə olunmaq üçün yazılı şəkildə ortaya material qoymalıdırlar. Bunun əvəzinə deyirlər ki, gəlin, oturub söhbət edək. Nədən söhbət edək? Ortada müəyyən məsələlərin müzakirə olunması üçün layihələr olmalıdır. Onların layihələri olsun ki, nəyisə müzakirə edək

Tutaq ki, debatda iştirak etdik. Hərəmiz üç kəlimə söz deyib dağılışacağıq. Nəticəsi nə olacaq? Yəni, hansı sənədin üzərində müzakirə aparırıq? Əgər hazır layihələri varsa, buyurub təqdim etsinlər, müzakirə aparaq”, -deyə YAP-ın icra katibinin müavini vurğulayıb.

S.Novruzov qeyd edib ki, hər bir partiya müzakirə olunması üçün YAP-a yazılı layihə təqdim edə bilər: “Bütün partiyalar belə təkliflərini Yeni Azərbaycan Partiyasının Dialoq Komissiyasına təqdim edə bilər. Komissiya bu məsələlərə baxdıqdan sonra ardıcıllığı ilə müzakirə oluna bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti