TQDK-dan ilk - abituriyentlər üçün pulsuz avtobuslar
Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq qəbul imtahanı keçirilməyən şəhər və rayonlarda yaşayan abituriyentlərin imtahan mərkəzlərinə rahat şəkildə çatdırılması məqsədilə Respublikanın bütün şəhər və rayonlarında pulsuz avtobus xidmətləri təşkil olunub. Həmin avtobuslarla imtahan keçirilən şəhərə yola düşmək könüllüdür. Bunun üçün abituriyentlər imtahanda iştirak edəcəyini təsdiqləyən buraxılış vərəqəsini və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə qeyd olunan xidmətdən yararlanacaqlar. Avtobusların operativ hərəkətini təmin etmək məqsədilə onları Dövlət Yol Polisi müşayiət edəcəkdir. Abituriyentlərin imtahan başa çatdıqdan sonra yaşadıqları məntəqəyə qaytarılmaları da həmin avtobuslarla təmin olunacaqdır.
Xatırladaq ki, 2013/2014-cü tədris ili üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ilk qəbul imtahanı iyulun 14-də III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir.
İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 imtahan mərkəzində aparılacaqdır. III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib.
Teqlər: