Daha bir jurnalist üçün prezidentə müraciət edildi

Daha bir jurnalist üçün prezidentə müraciət edildi
  12 İyul 2013    Oxunub:1605
Bir sıra tanınmış ictimai xadimlər və müxtəlif KİV-lərdə çalışan 20-dən artıq redaktor və jurnalist daha bir həmkarlarına dəstək vermək xahişilə Prezident İlham Əliyevə müraciət ediblər.
Müraciətdə ölkə başçısından Teleqraf.com saytının redaktoru Zahid Nurəliyev və həyat yoldaşı Rəna Hacıyevanın jurnalistikada 15 illik təcrübəsini, eləcə də ailənin vəziyyətini – ev və torpaq sahələrinin olmamasını, uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən azyaşlı qızlarının fasiləsiz və ciddi müalicəyə ehtiyacı olmasını, maddi imkansızlığını nəzərə alaraq, jurnalistlər üçün tikilən binadan onlara mənzil ayrılmasına yardım etməsi xahiş olunur.

Müraciətdə deyilir: "Cənab Prezident! Biz, bu müraciəti imzalayanlar Sizin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamınızı yüksək qiymətləndirir və bunu Azərbaycan jurnalistlərinə diqqət və qayğınızın göstəricisi hesab edirik.

Bu il jurnalistlərin peşə bayramı ərəfəsində mənzilə ehtiyacı olan media nümayəndələrinə yeni mənzillərin açarlarının təqdim olunacağı gözlənilir və bu, bizi çox sevindirir.

Sizə müraciət etməkdə məqsədimiz isə mənzilə kəskin ehtiyacı olan, lakin müəyyən edilən şərtlərdən birinə cavab verməyən və bu səbəbdən mənzil alacaq jurnalistlərin siyahısından kənarda qalan jurnalistlərimizdən birinə - Teleqraf.com saytının redaktoru Zahid Nurəliyevə istisna hal kimi yardım etməyinizlə bağlıdır. Belə ki, jurnalistikada 15 illik təcrübəsi olsa da, hazırda onun çalışdığı KİV iki ildir ki, fəaliyyətə başlayıb. Müəyyən olunan şərtlərdə isə bildirilir ki, mənzillər son 3 ildə mütəmadi olaraq yayımlanan KİV-də (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) 5 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlara verilə bilər" - deyə, müraciətdə bilidirilir.

Qeyd edək ki, Zahid Nurəliyev Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirib. 1998-ci ilin fevral ayından “Avrasiya” qəzetində çalışmağa başlayıb. O vaxtdan etibarən müxtəlif aparıcı qəzetlərdə - “Bu gün”, “Reytinq”, ”Mərkəz”, “Politika”, “Ölkə” və s. müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışıb.

2012-ci ilin iyun ayından etibarən isə “Gündəlik Teleqraf” qəzetinin internet versiyasının – Teleqraf.com saytının redaktorudur.

AzVision.az


Teqlər:





Xəbər lenti