Fuad Ələsgərov: “Əcnəbilər Azərbaycan adətlərinə hörmət etməlidirlər” - MÜSAHİBƏ

Fuad Ələsgərov: “Əcnəbilər Azərbaycan adətlərinə hörmət etməlidirlər” - MÜSAHİBƏ
  12 İyul 2013    Oxunub:2007
AzVision.az saytı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun yeni qüvvəyə minən miqrasiya məcəlləsi ilə bağlı müsahibəsini təqdim edir.



- İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunu imzaladı. Yeni məcəllə barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Miqrasiya Məcəlləsinin qəbul edilməsi bütün sahələrdə olduğu kimi miqrasiya sahəsində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu islahatların tərkib hissədir.

Son onillikdə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı ölkəmizə marağı artırıb, bu isə öz növbəsində miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarıb. Belə şəraitdə miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi ehtiyacları köklü islahatların həyata keçirilməsini zəruri edib.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən miqrasiya siyasətinin prioritet istiqamətləri müəyyən edilib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərinin yaradılması, miqrasiya proseslərinin idarəolunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi, qeyri-qanuni miqrasiyanın qarşının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə kimi qoyulub. Həyata keçiriləcək tədbirlərdən biri də Miqrasiya Məcəlləsinin qəbul edilməsi idi. Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı normaları müəyyənləşdirən vahid sənəddir.

Məcəllə üzərində iş bir neçə il davam edib, sənədin hazırlanmasına müxtəlif dövlət orqanları, mütəxəssislər, alimlər, vətəndaş cəmiyyətinin nümayəndələri və bir sıra beynəlxalq təşkilatların ekspertləri cəlb olunublar. BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının Azərbaycandakı Nümayəndəliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin, Azərbaycanda Amerika Ticarət Palatası və digər təşkilatların təklifləri nəzərə alınıb.

Yeni normalarla yanaşı, Məcəllədə bu günədək miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ hüquqi aktların, o, cümlədən 10-a yaxın qanunun, 20-dən çox Azərbaycan Respublikası Prezidentinin aktlarının və Nazirlər Kabinetinin qərarlarının müddəaları toplanıb. Miqrasiya ilə bağlı normaların bir sənəddə toplanması istər bu sahədə fəaliyyət göştərən qurumların, vətəndaşlarımızın, istərsə də əcnəbilərin qanunvericiliyin tələbləri barədə məlumatın bir mənbədən, rahat şəkildə əldə etmələrinə imkan yaradacaq.
Onu qeyd etmək lazımdır ki, Miqrasiya Məcəlləsi ilk dəfə olaraq Azərbaycanda qəbul edilir.

- Məcəllədə yeni normaların olduğunu qeyd etdiniz. Yeniliklər nədən ibarətdir?

-Məcəllədə müəyyən olunmuş normalar miqrasiya prosesləri ilə bağlı müxtəlif prosedurların sadələşdirilməsinə, vətəndaşlarımızın və ölkəmizə gələn əcnəbilərin hüquqlarının təmin edilməsinə, həmin şəxslər tərəfindən qanunlara riayət olunmasına və dövlətimizin mənafeyinin qorunmasına yönəlib.

Məcəllədə ilk dəfə olaraq əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu ilə bağlı normalar müəyyən olunub. Burada miqrasiya uçotunun məqsədləri, aparılma qaydası və əsasları öz əksini tapıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən tranzit keçidi qaydaları təkmilləşdirilmiş, onların qeydiyyat proseduru sadələşdirilərək, vahid miqrasiya məlumat sistemi vasitəsi ilə olduğu yer üzrə qeydiyyata alınması qaydası müəyyən edilib. Qeyd olunmalıdır ki, olduğu yer üzrə qeydiyyatla bağlı hər hansı bir sənədin alınması, həmçinin dövlət rüsumunun ödənilməsi tələb olunmur və əcnəbilər, habelə onları qəbul edən şəxslər qeydiyyat üçün Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müraciət edə bilərlər.

Məcəllədə vizaların, habelə Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama icazələrinin alınması üçün elektron qaydada müraciət etmək imkanı nəzərdə tutulub. Yaşama və iş icazələrinin verilməsi sahəsində də müsbət yeniliklər nəzərdə tutulub. Qüvvədə olan qanunvericiliyə əsasən müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin müddəti dörd dəfədən artıq uzadıla bilməzdi. Məcəllədə bu məhdudiyyət aradan qaldırılıb.

Ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin 1 ilədək müddətə, Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500.000 manat investisiya qoyan şəxslər üçün isə 3 ilədək müddətə verilməsi nəzərdə tutulub. Eyni zamanda 1 il müddətinə verilən icazələrin növbəti dəfə 2 ilədək müddətə uzadılması nəzərdə tutulur.

Bundan sonra ölkəmizdə daimi yaşamaq istəyən əcnəbilərin hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı bilikləri yoxlanılacaq. Bunun üçün artıq cənab Prezident tərəfindən Miqrasiya Xidmətinə, Ədliyyə və Təhsil nazirliklərinə birgə komissiyanın yaradılması, həmin komissiyanın fəaliyyət qaydasının təsdiq edilməsi və tələb olunan qanunlardan çıxarışları əks etdirən nəşrlərin hazırlanması ilə bağlı tapşırıqlar verilib.

Qanunvericilikdə indiyədək mövcud olan “immiqrant”, “immiqrant statusu” anlayışları müvafiq olaraq “Azərbaycan Respublikasının ərazisində daimi yaşayan”, “daimi yaşamaq üçün icazə” anlayışları ilə əvəz edilib.

Sadalananlardan əlavə müxtəlif beynəlxalq konvensiyaların tələblərindən irəli gələn bir çox mütərəqqi normalar da Məcəllədə öz əksini tapır.

- Statusdan söz düşmüşkən, son zamanlar bəzi kütləvi informasiya vasitələrində Miqrasiya Məcəlləsinin qəbul edilməsi ilə xarici ölkə vətəndaşları olan azərbaycanlıların üzərindən əcnəbi statusunun götürüləcəyi ilə bağlı xəbərlər yayılıb. Bu məsələ ilə əlaqədar nə deyə bilərsiniz?

- İlk növbədə qeyd etməliyəm ki, kütləvi informasiya vasitələrində qaldırılan bu məsələ Miqrasiya Məcəlləsinin tənzimləmə predmetinə aid məsələ deyil. Məcəllədə istifadə olunan “əcnəbi”, “vətəndaşlığı olmayan şəxs”, “əməkçi miqrant” və s. anlayışlar hüquqi terminlərdir və müəyyən kateqoriyadan olan şəxsləri ifadə etmək üçün istifadə olunur.
Səsləndirilən fikrin müəllifləri “əcnəbi statusu”nun götürülməsi dedikdə xarici olkə vətəndaşı olan azərbaycanlılara Azərbaycana gələrkən və ölkə ərazisində olarkən müəyyən güzəştlərin tətbiq edilməsini nəzərdə tuturlar. Hər hansı ölkə vətəndaşlarının digər ölkəyə gəlməsi və orada qalması rejimlərində güzəştlərin tətbiq edilməsi həmin dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə əsasən müəyyən edilir. Belə müqavilələrin müddəaları milliyətindən asılı olmayaraq razılığa gələn dövlətlərin vətəndaşlarının hər birinə tətbiq olunur.

Azərbaycan Respublikası öz növbəsində həmyerlilərimizin yaşadığı müxtəlif dövlətlərlə vizasız gediş-gəliş rejimi tətbiq edir, xarici ölkə vətəndaşlarının qeydiyyat prosedurlarını sadələşdirir. Xaricdə yaşayan azərbaycanlılara münasibətdə “əcnəbi” termininin istifadə olunmasının dövlətin həmin şəxslərə qarşı müəyyən yanaşma tərzi kimi qəbul edilməsi tamamilə yanlış fikirdir. Harada olmasından asılı olmayaraq Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə daim yardım göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında diaspor quruculuğu işi davam etdirilir, xaricdə yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb olunurlar.

- Vizaların alınması üçün elektron müraciət formasının müəyyən olunduğunu qeyd etdiniz, bəs ümumilikdə vizalarla bağlı nə kimi yeniliklər var?

- Məcəllədə vizalarla bağlı ayrıca fəsil nəzərdə tutulmuşdur. Burada vizaların növləri və kateqoriyaları müəyyən edilmiş, viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı və vizaların verilməsi qaydası öz əksini tapmış, vizalarla bağlı müraciətlərə baxılması müddətləri qısaldılıb. Azərbaycanda turizmin inkişaf etdirilməsi, habelə ölkəmizə turist kimi gələn əcnəbilərə vizaların verilməsi prosedurunun sadələşdirilməsi məqsədi ilə elektron vizaların verilməsi qaydası müəyyən olunmuşdur. Bu sistem Məcəllənin qəbul edilməsindən bir müddət əvvəl işə salınmış və artıq 2000-ə yaxın əcnəbi turistə elektron vizalar verilib.

- Məcəllədə əcnəbilərin üzərinə nə kimi vəzifələr qoyulur?

- Əcnəbilərin üzərinə düşən vəzifələrin dairəsi dəqiq müəyyən edilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, vətəndaşlarımızla bərabər bütün vəzifələri yerinə yetirməlidirlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının və digər qanunvericilik aktlarının tələblərini pozmamalı, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər.

Əcnəbilər tərəfindən qanun pozuntusuna yol verilməsi məsuliyyətə səbəb olur. Misal üçün, Məcəllədəki yeniliklərdən biri əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olmalarının arzuolunmaz hesab edilməsi prosedurunun müəyyən edilməsidir. Bu prosedur müvafiq dövlət orqanları tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, ölkəmizdə olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, xalqımızın vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə tətbiq edilir.

Bununla yanaşı Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisindən kənara çıxarılması barədə qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Bu yeni bir qərardır və həmin qərar miqrasiya orqanları tərəfindən müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş, Azərbaycan Respublikasının ərazisində olması arzuolunmaz hesab edilmiş, habelə cəza çəkməkdən azad edilmiş və ölkə ərazisində yaşamaları üçün əsasları olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində qəbul edilir.

- Məcəllə qəbul edildikdən sonra Azərbaycan Respublikasında miqrasiya sahəsində tam formalaşmış qanunvericilik bazasının mövcud olduğunu demək mümkündürmü?

- Sözsüz ki, Miqrasiya Məcəlləsinin qəbul edilməsi miqrasiya sahəsində qanunvericiliyin formalaşmasında atılmış mühüm bir addımdır. Lakin qanunvericilik daim inkişaf və təkmilləşmə tələb edir, praktiki fəaliyyət və gündəlik həyatda ortaya çıxan məsələlər isə yeni dəyişiklikləri zəruri edir. Azərbaycan bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də, mütərəqqi, qabaqcıl dünya təcrübəsindən istifadə edir. Çox sevindirici haldır ki, son zamanlar bir sıra dövlətlər Azərbaycan Respublikasının qanunvericiliyində tətbiq olunan təcrübədən istifadə edirlər. İstisna deyil ki, bizdən sonra başqa dövlətlər də öz miqrasiya məcəllələrini qəbul etsinlər.

Eyni zamanda Miqrasiya Məcəlləsinin qəbul edilməsi və bu sənəddə müxtəlif prosedurların dəqiq müəyyən olunması ölkəmizin beynəlxalq müqavilə bazasının genişlənməsinə zəmin yaradır. Misal üçün, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında viza prosedurlarının sadələşdirilməsinə dair danışıqlar artıq başa çatmaq üzrədir və bununla bağlı sazişin “Şərq Tərəfdaşlığı” ölkələrinin cari ilin noyabr ayının 28-29-da Litva Respublikasının Vilnyus şəhərində keçiriləcək sammiti zamanı imzalanması nəzərdə tutulur. Qeyd olunan saziş qüvvəyə mindikdən sonra Şengen zonasına daxil olan Avropa ölkələrinə səfər edən Azərbaycan Respublikası vətəndaşları rahat şəkildə, bəzi hallarda isə rüsum ödəmədən həmin ölkələrə viza ala biləcəklər.

Əminəm ki, mövcud olan və gələcəkdə daha da təkmilləşəcək qanunvericilik bazası Azərbaycan vətəndaşlarının, habelə ölkəmizə gələn əcnəbilərin hüquqlarının təmin edilməsinə, qanunsuz miqrasiyanın qarşısının alınmasına və bununla da dövlətimizin təhlükəsizliyinin və milli maraqların qorunmasına xidmət edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti