El-Ninyonun təhlükəli fəsadları artacaq
DST-nin Fövqəladə hallarda risklərin idarə olunması və humanitar reaksiya tədbirləri üzrə departamentinin direktoru Riçard Brennan deyib: “El-Ninyonun Efiopiyadan tutmuş Haiti və Papua-Yeni Qvineyaya qədər necə ziyan vurduğunu görürük. Düşünürük ki, səhiyyə sahəsində bu fenomenin nəticələri 2016-cı ildə də hiss ediləcək”.
DST-nin nümayəndəsi deyib: “İnsanların tələf olmasının və xəstəliklərin qarşısını almaq üçün hökumətlər fövqəladə hallara və onlara reaksiya göstərilməsinə hazırlıq tədbirlərinin gücləndirilməsi üzrə layihələrə sərmayə yatırmalıdırlar”.
Məruzədə deyilir ki, Şərqi və Cənubi Afrika, Sakit okean adaları, Cənub-Şərqi Asiya və Mərkəzi Amerika ölkələrinin çoxunda El-Ninyo fenomeni ciddi quraqlığa, daşqınlara, leysanlara və temperaturun yüksəlməsinə gətirib çıxarıb ki, bu da yoluxucu xəstəlik ocaqlarının yaranması, qida və içməli su çatışmazlığı və səhiyyə sistemində pozuntular ilə nəticələnib.
El-Ninyonun sağlamlıq üçün ciddi fəsadları inkişaf etməkdə olan ölkələrdə daha çox təzahür edir.
BMT-nin məlumatına görə, bu il El-Ninyodan təqribən 60 milyon adam zərər çəkə bilər. El-Ninyo ilə üzləşən 7 ölkə hazırda maliyyə yardımı göstərilməsi çağırışı ilə dünya birliyinə müraciət edib. Ekspertlər hesablayıblar ki, Efiopiya, Lesoto, Keniya, Papua-Yeni Qvineya, Somali, Tanzaniya və Uqandada səhiyyə sektorlarının dəstəklənməsinə 76 milyon ABŞ dolları tələb olunur.