Müsavatla `Yeni Müsavat` arasında qalmaqal

Müsavatla `Yeni Müsavat` arasında qalmaqal
  13 Yanvar 2016    Oxunub:4745
Müsavat Partiyası və “Yeni Müsavat” qəzeti arasında qalmaqal baş verib.
AzVision.az-ın məlumatına görə, buna səbəb Müsavat başqanının müavini Səxavət Soltanlının qəzeti partiya əleyhinə təbliğat aparmaqda suçlaması olub.

S. Soltanlı qeyd edib ki, Fəzail Ağamalıdan Müsavat Partiyasına qarşı açıqlama alan, ölkədə baş verənlərdə Müsavat Partiyasını ittiham edən bir müsahibəni yayımlayan “Yeni Müsavat” qəzeti Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması haqqında xəbər belə vermir.



S.Soltanlının mövqeyinə isə “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan sərt reaksiya verib. “Arif Hacılı, məni eşidirsinizmi...” başlığı altında yazdığı cavabda A.Ayxan qeyd edib: “Müavininiz Səxavət Soltanlı status yazıb. "Yeni Müsavat"ı, eləcə də qəzetdə işləyən jurnalistləri təhqir edib. Mən də onun statusunun altından sizə xitabən bir şərh yazdım. Əvvəldən proqnozlaşdırdığım kimi, sildi mənim şərhimi. Ona görə də burdan, öz divarımdan sizə səslənirəm. Həm də o şərhimi bir az böyüdərək...”



`Yeni Müsavat`ın redaktoru yazıb ki, bir qəzetə, böyük bir jurnalist kollektivinə qarşı bu cür tərbiyəsizliyi Arif Hacılının müavini, yaxın çevrəsi edir, o da səssizcə bu biabırçılığı seyr edir: “Arif bəy, o həşəmətli müavininizə qəzet oxumaq, sayt izləmək vərdişi, həmçinin demokratiya təlimi keçəsiniz bəlkə? Bir də zəhmət olmasa, deyin ki, azca tərbiyəli olsun, özünü sokak sərsərisi kimi aparmasın. O anlamır, uşaqdı, axı siz bilirsiniz ki, jurnalistlərlə belə davranış yolverilməzdir. Kimi danışdırıb, kimin xəbərini verməyi bizə diqtə etməyin doğru olmadığını sizdəmi bilmirsiniz yoxsa? Bəlkə dünən Etibar Seyidağanın sizdən mövqe öyrənib qəzetdə çap etdiyini unutmusunuz? Bəlkə xəbəriniz yoxdur ki, BMCMİ-nə çağırılmağınızı da sayta qoymuşuq saatlar öncə. Bu insanlarla hara gedirsiniz, Arif Hacılı? Deyirsiniz ki, İlham Əliyev komandasını dəyişsin, qoca nazirləri istefaya göndərib ətrafına gənclərdən ibarət kadrları yığsın. Sizin ki komandanızda gənclərdir. Onların zəkası nədən bu qədər qırtışlanıb, qocalıb, mənəvi-ruhi baxımdan devalvasiyaya uğrayıb?”

Sonda A.Ayxan Arif Hacılıya sual da edib: “Arif bəy, azacıq ictimai əhəmiyyətiniz artan kimi, adınız bir-iki saytda çəkilən kimi, müavinlərinizin birinci işi "Yeni Müsavat"ı və bizləri söymək olur. Bu, nə cür bir zehniyyətdir, insanlıqdır?!”

Qeyd edək ki, son günlər Əli Kərimlinin AXCP-si ilə qəzet arasında qarşıdurma yenidən güclənmişdi. İndi isə Müsavat da qəzetə qarşı hücuma keçib.

AzVision.az


Teqlər:  





Xəbər lenti