Jurnalistlər Gəncədə tarixi abidələri ziyarət ediblər

Jurnalistlər Gəncədə tarixi abidələri ziyarət ediblər
  01 Dekabr 2015    Oxunub:8670
Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Səfir olsaydım - Azərbaycanı necə təbliğ edərdim?" adlı layihəsi çərçivəsində media nümayəndələri Gəncəyə səfərin ikinci günü şəhərin tarixi memarlıq abidələrinə, müasir dövrdə tikilən obyektlərə baş çəkiblər.

Demokratik İslahatçı Gənclər İctimai Birliyindən verilən məlumata görə, media nümayəndələri öncə dahi Azərbaycan şairi şeyx Nizaminin məqbərəsini və Nizami muzey kompleksini ziyarət ediblər. Muzeylə tanışlıq zamanı Nizaminin bir sıra xarici ölkələrdən gətirilmiş XIV-XV əsrlərdə köçürülmüş əlyazmalarının foto surətləri media nümayəndələri tərəfindən maraqla qarşılanıb.

Media nümayəndələrinin diqqətini daha çox ınşasına 2012-ci ildə başlanan Qala Kompleksi çəkib. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qalanın hər iki tərəfindəki birinci mərtəbələrdə və yeraltı keçiddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin sələfləri və xələflərinin şəkillərindən ibarət qalereya yaradılıb. Burada Gəncənin 26 görkəmli şəxsiyyətinin abidəsi qoyulub. Muzeyin sağ tərəfində isə Gəncənin hərb tarixi muzeyi yaradılıb.



Gəncənin tarixi, etnoqrafiyası, arxeologiyası öz əksini tapıb. Burda dulusçuluq, xalçaçılıq, misgərlik nümunələri, Azərbaycanın milli geyimləri bu qala muzeyində sərgilənir. Eyni zamanda qalanın üzərində Gəncənin tarixi panolar şəklində öz əksini tapıb.

Kompleksdə həm turistlərin rahatlığını təmin etmək, həm də Gəncənin qədim və zəngin süfrə mədəniyyətini, qonaqpərvərlik ənənələrini yaşatmaq məqsədilə qalanın dördüncü mərtəbəsində Azərbaycanın milli mətbəxi də yaradılıb. Muzeydə həmçinin Gəncədə mövcud olan ölkə üçün ilk dövlət əhəmiyyətli qədim tikililərin rəsm və fotoları nümayiş etdirilir.

Tikilinin möhtəşəmliyi kompleksin bütün mərtəbələrində özünü göstərir. Yeraltı muzey və tunel isə kompleksə xüsusi effekt verir. Qeyd edək ki, tunelin uzunluğu 62 metrdir. Tunel qalanın iki hissəsini birləşdirir.

Qalanın ikinci hissəsində isə ölkəmizin müxtəlif regionlarına məxsus geyimlər və bəzək əşyaları nümayiş olunur. Burada Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında tərtib edilən, müxtəlif bölgələrə aid 120-dən artıq qiymətli arxeoloji eksponat sərgilənir.

Səfərin sonuncu günü media nümayəndləri "Göy-göl İstirahət Turizm Kompleksi"nə səfər ediblər. Qeyd edək ki, sakinlər hazırda səhər saat 09:00-dan 22:00-a kimi qoruq ərazisində daxil ola bilirlər. Qoruq ərazisinə giriş uşaqlar üçün pulsuz, böyüklərə isə 2 manatdır. Avtomobil dayanacağında isə avtomobili saxlamağın 1 saatı 50 qəpikdir. Qeyd edək ki,"Göygöl Dövlət Təbiət Qoruğu" Azərbaycanda yaranan ilk qoruqdur. "Göygöl Dövlət Təbiət Qoruğu"nun ərazisi 6.732 hektardır.

Səfərin sonu olaraq media nümayəndələri, Gəncə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyevlə də görüşüblər. Müzakirələr zamanı Gəncənin yenidən inşa olunduğu, qədim memarlıq abidələrinin yenidən restavrasiya olunduğu, şəhərin muzaylər şəhərinə çevrildiyi vurğulanıb. Bildirilib ki, şəhərin ən görkəmli komplekstlərindən biri də Heydər Əliyevin adını daşıyan park və parkın içində fəaliyyət göstərən ulu öndər Heydər Əliyevin adının əbədiləşdirilməsi və siyasi kursunun öyrənilməsi məqsədilə əhalinin istifadəsinə verilmiş Heydər Əliyev Mərkəzidir.


Teqlər:





Xəbər lenti