Rus-Türk müharibələri: 350 ilin qarşıdurması – TARİXİ ARAYIŞ

Rus-Türk müharibələri: 350 ilin qarşıdurması – TARİXİ ARAYIŞ
  30 Noyabr 2015    Oxunub:51660
Xırda toqquşmaları çıxsaq, bu günə qədər rus və türk əsgərləri düz 10 dəfə müharibə meydanlarında üz-üzə gəliblər. Bu savaşlar müxtəlif səbəblərdən olub: Qara Dənizin şimalını və Qafqazı ələ keçirmək uğrunda, boğazlarından keçmək hüququ qazanmaq üçün, xristianları Osmanlı imperiyasından qorumaq adı ilə...

Üst-üstə götürsək, Rusiya və Türkiyə 69 il bir-biri ilə vuruşublar, 350 il faktiki müharibə vəziyyətində olublar. Rus-Türk müharibələrinin birini o birindən cəmi-cümlətanı təxminən 25 il ayırıb.

Ruslarla türklərin ilk hərbi toqquşması 1556-cı ildə baş verib: Həmin il Moskvaya hücum edən Krım xanı Sahib Gireyin qoşununda Osmanlı türkləri də vardı. Bu döyüşdə türklər məğlub olurlar, rus qoşunları isə Matvey Rjevskinin rəhbərliyi ilə gəlib Krıma çatır, hətta iki türk gəmisini də ələ keçirilər.

1568—1570-ci il müharibəsi

Sultan Süleyman Qanuni əvvəlcə şimaldakı hərbi məğlubiyyətləri ciddiyə almır. Amma məsələnin çox dərinləşdiyini anlayanda Həştərxanı ruslardan qoparmaq fikrinə düşür. Amma 1566-ci ildə vəfat etməsi bu planı yubadır.

Nəhayət, 1568-ci ildə onun xələfi sultan II Səlim Qasım paşanı 20 minlik qoşunla Həştərxanı tutmağa göndərir. Paşa həm də Volqa ilə Don arasında kanal çəkdirməli idi ki, Osmanlı gəmiləri Xəzərə gələ bilsinlər.

Amma Həştərxanda olan 15 minlik rus qarnizonu qalanın mühasirəsinə və kanalın çəkilməsinə imkan vermir. Bu işə cəlb olunmuş 50 minlik Krım ordusu da darmadağın edilir.

1672—1681-ci illər

1669-cu ildə Şərqi Ukrayna kazaklarının getmanı Pyotr Doroşenko Osmanlı təbəəliyini qəbul edir. Yeni müttəfiqinə arxalanan sultan II Mehmet 1672-ci ildə Polşa ilə savaşa başlayır və Podoliyanı ələ keçirir. Türklərin bu uğurlarından qorxuya düşən ruslar Osmanlıya müharibə elan edirlər.
1673-76-cı illərdə Ruslar Ukraynanın şərqində don kazaklarının da köməyilə ardıcıl qələbələr qazanırlar. 1678-ci ildə türklər yenidən üstünlüyü ələ alır və rus qoşunlarını geri otuzdurur.
Bütün bunlar 1681-ci ildə imzalanan və status-kvonu möhkəmləndirən Baxçasaray sülh müqaviləsilə başa çatır.

1686—1700-cü illərin savaşı

1683-cü ildə Avstriya-Osmanlı müharibəsi başlayır. Birləşmiş Polşa-Avstriya-Alman qoşunları kral III Yan Sobeskinin rəhbərliyilə Vyananı türklərin mühasirəsindən qurtara bilirlər.

1684-cü ildə Osmanlı İmperiyasına qarşı Avropa xristian dövlətlərinin “Müqəddəs Liqa”sı yaradılır. Ora Müqəddəs Roma İmperiyası (Habsburqlar), Reç Pospolita və Venesiya daxil idi. Polşa ilə sülh müqaviləsi imzalanandan sonra Rusiya da bu ittifaqa qoşulur.

1687-89-cu illərdə ruslar Zaporojye kazakları ilə birlikdə iki dəfə Krıma yürüş etməyə cəhd göstərsələr də, uğursuz alınır. 1695-ci ildə təşkil olunan Azov yürüşü də nəticə vermir. Amma 1696-cı ildə Azovu dənizdən mühasirəyə götürən ruslar qalanı ələ keçirə bilirlər. 1700-cü ildə imzalanan sülh müqaviləsi Azovun ruslara keçməsini təsdiqləyir.

1710—1713-cü il müharibəsi

1710-cu ildə Osmanlı Rusiyaya müharibə elan edir. 1711-ci ildə Yassı adlanan yerdə I Pyotr ilə böyük vəzir Mehmet Baltaçı paşanın qoşunları üz-üzə gəlirlər.

Bu döyüşdə I Pyotr əsir düşür, amma indiyə qədər də müəmmalı olan səbəblərdən buraxılır. Bəzi versiyalara görə, Mehmet Baltaçı Paşa onu çox böyük rüşvət müqabilində azad edib.

Əgər əsir düşmüş Pyotr azad edilməsəydi, şübhəsiz ki, Rusiyanın da, Osmanlının da, Avropanın da tarixi tamam ayrı cür inkişaf edəcəkdi...

Müharibə 1713-cü ildə Ədirnə sülh müqaviləsilə başa çatır.



1735—1739-ci illərin savaşı

Rusiya və Avstriya “Polşa mirası”na görə birlikdə Osmanlıya qarşı döyüşürlər. Bundan başqa, müharibə Rusiyanın Qara Dənizə çıxmaq strategiyasının həyata keçməsinə xidmət etməli idi. Amma bu müharibə tam şəkildə Osmanlının üstünlüyü ilə keçir.

1739-cu ildə imzalanan Belqrad sülh müqaviləsinə görə, Rusiya Qara dənizdə hərbi gəmilər saxlamaq hüququnu itirir. Dənizdə ticarət də ancaq türk gəmilərilə aparıla bilərdi.

1768-1774-cü illər

Üç illik əməliyyatlardan sonra ruslar Krımı ələ keçirilər. Bundan sonra sülh müqaviləsi imzalamağa çalışsalar da, Osmanlı Krımın itirilməsilə razılaşmaq istəmir. Nəticədə 1773-cü ildə döyüşlər yenidən bərpa olunur.

Suvarovun uğurlu hərbi əməliyyatlarından sonra 1774-cü ildə Küçük Qaynarça sülh müqaviləsi imzalanır. Müqaviləyə görə Krım xanlığı müstəqil elan olunur, Rusiya Azovu, Kerçi, Yeni Qalanı, Böyük və Kiçik Kabardanı və bir sıra digər əraziləri ələ keçirir.

1787—1791-ci illər

Osmanlı özü başlayır və uduzur. Səbəb bu idi ki, savaş qərarı yanlış informasiyalara əsasən qəbul edilmişdi. Ağır məğlubiyyətin xəbərini eşidəndə sultan I Əbdülhəmid ürək sarsıntısı keçirir və vəfat edir. Onun yerinə gələn III Səlim Osmanlı ordusunun müfuzunun tam itməməsi üçün heç olmasa bir qələbə qazanılmasına çalışsa da, mümkün olmur. Quruda Suvarov, dənizdə Uşakov kimi sərkərdə və admiralları olan rus hərbisi bu dövrdə çox güclü idi. Üstəlik, ruslarla münasibəti yenicə düzəlmiş Avstriya da fürsətdən istifadə edib, Osmanlıyla savaşa girir. Müharibə 1791-ci ildə Yassı müqaviləsilə bitir. Krım və Oçakovo Rusiyada qalır, iki dövlətin sərhədi Dnestrə qədər geri çəkilir.

1806—1812-ci illər

Məlum olanda ki, Napoleonla müharibə qaçılmazdır, çar I Aleksandr buna qədər cənub sərhədlərində vəziyyəti qaydaya salmaq istəyir. Mixail Kutuzovun apardığı uğurlu hərbi kampaniya Osmanlının Buxarest sülh müqaviləsini imzalayaraq, Bessarabiyanı Rusiyaya verməsilə başa çatır.



1828—1829-cu illər

I Nikolayın elan etdiyi müharibə Ədirnə müqaviləsilə başa çatır. Nəticədə Qara dənizin şərq sahilləri, Qafqazın bir hissəsi Rusiyanın nəzarətinə keçir, Serbiyaya müxtariyyat verilir.

Krım savaşı (1853—1856)

Britaniya, Fransa və Osmanlının Rusiyaya qarşı apardığı müharibə üçlüyün qələbəsilə başa çatır. 1856-cı ildə imzalanan Paris müqaviləsilə cənubi Bessarabiya və Dunayın mənsəbi Osmanlıya keçir, Qara Dəniz neytral hövzə elan olunur.

1877—1878-ci illərin savaşı

Rusiya güclü millətçilik dalğasının qalxdığı Balkan dövlətlərinin tərəfindən Osmanlı ilə müharibəyə girişir. Plevna yaxınlığında Osman paşanın ordusu təslim olandan sonra rusların Konstantinopola yolu açılır. Bu, boğazları ələ keçirmək üçün real şans idi, amma Avropa dövlətlərinin təpkisindən qorxan Rusiya buna getmir.

Müharibəyə nöqtə qoyan Berlin müqaviləsilə cənubi Bessarabiya, Qars, Ərdəhan, Batum Rusiyaya keçir; Serbiya, Çernoqoriya və Rumıniyanın ərazisi böyüdülür, Bosniya və Herseqovina isə Avstriya-Macarıstan imperiyasına birləşdirlir.

Birincü dünya müharibəsi

Rusiya və Osmanlı ayrı-ayrı hərbi blokların üzvü kimi savaşa cəlb olunurlar. Sarıqamışda və Qafqaz cəbhəsində məğlubiyyətdən sonra türklər Ərzurumda da yenilirlər. Ərzurum və Trabzonu qaytarmaq üçün əks hücum hazırlayan Osmanlı ordusu Ərzincanda məğlub olur, ardınca Bitlis də rusların əlinə keçir. Bundan sonra hərbi əməliyyatlar dayandırılır. 1918-ci ildə bolşevik çevrilişi nəticəsində Rusiya müharibədən çıxır, bununla da olaraq Qafqaz cəbhəsi bağlanır. Türkiyədə isə Qurtuluş Savaşı başlayır.

Tariyel Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti