Ermənistanın Antikorrupsiya Şurası israfçılıqda ittiham edilir

Ermənistanın Antikorrupsiya Şurası israfçılıqda ittiham edilir
  18 Avqust 2015    Oxunub:1941
Ermənistnda polisin, prokuror və hakimlərin, səhiyyə işçilərinin daha çox korrupsiyaya qurşandıqları hər kəsə məlumdur.
AzVision.az 4npress-ə istinadən xəbər verir ki, müxbir Marianna Qriqoryan bildirir ki, ABŞ və Aİ-dən maliyyə alan antikorrupsiya şurası siyasəti təmizləmək vədi versə də, seçilən sədr şuranın işi ilə bağlı böyük şübhə yaradır. Ermənistanda böyük diqqət çəkmiş antikorrupsiya təşəbbüsü yaxşı başlanğıc götürməyib, belə ki, komitənin sədri, yəni baş nazir də daxil olmaqla, əsas hökumət üzvlərinin xərclədikləri pullar və gəlirləri insanları şübhəyə salır.

Avropa İttifaqı və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) maliyyə dəstəyi alan Antikorrupsiya Şurası rəsmi olaraq iyul ayının sonu fəaliyyətə başlayıb. Şuraya müxalifət və vətəndaş cəmiyyəti üzvlərinin də qoşulması nəzərdə tutulsa da, nə müxalifət, nə də qeyri-hökumət təşkilatlarından heç kim quruma qoşulmayıb. Bunun əsas səbəbi isə quruma etibar edilməməsidir.

2014-cü ildə Beynəlxalq Şəffaflıq Təşkilatı 175 ölkə arasında Ermənistanın dövlət sektorunda korrupsiya üzrə 94-cü yerdə gəldiyini bildirmişdi. Hökumət uzun müddət korrupsiyanı pisləsə də, vəzifəsindən sui-istifadə etməkdə şübhəli bilinən baş rəsmilərin araşdırılıb izlənilməsində çox vaxt uğursuz olub.

Baş nazir Ovik Abrahamyan şuranın açılış mərasimində yeni qurumun korrupsiya ilə mübarizə aparıb, qanunlara riayət edən vicdanlı dövlət xadimlərinin seçilməsi üçün lazımi iradə və qətiyyətə sahib olduğunu vurğulayıb.

Ancaq Abrahamyanın özünün antikorrupsiya qurumuna rəhbərlik üçün uyğun olub-olmadığı sual altındadır. Bu yaxınlarda Civilnet.am saytı Abrahamyan tərəfindən həyata keçirilən yüksək xərcli şəxsi uçuşlar haqqında rəsmi məlumatları açıqlayıb.

Uçuşlarla bağlı müqavilələr baş nazirin rəsmiləri qənaət etməyə və lazım olmadığı hallarda xaricə səyahətdən çəkinməyə çağırdığı gün imzalanıb. Ermənistanın artıq milli hava yolu şirkəti yoxdur.

İyul ayının 3-ü özəl uçuşları həyata keçirən “Air Training Centre” şirkəti baş nazirin rəsmi bir işlə bağlı Parisə gedişli-qayıdışlı səyahət etməsi üçün təxminən 66 min dollar ayırıb. Yerli səyahət agentliklərinin verdiyi məlumata görə, həmin səyahətin adi qiymətləri arasında ən yüksək məbləğ 3340 dollar olub.

Baş nazir digər rəsmiləri səyahət xərclərini azaltmağa çağırmasından bu yana oxşar qiymətlərlə başqa səyahətlər də edib. Məsələn, iyun ayında Praqaya səyahət üçün 43 min dollar xərclənib. Avrasiya İqtisadi Birliyinin may ayında keçirilən sammiti üçün vergi ödəyicilərindən 34,500 dollar çıxıb – Abrahamyan bir neçə saatlıq məsafədə yerləşən Qazaxıstana şəxsi təyyarə ilə səyahət edib. Fevral ayında Moskvaya səyahət üçün 54 min dollar xərc çəkilib. Bu, adi bir uçuşun qiymətinən 100 qat artıqdır.

3 milyon əhalinin təxminən üçdə birinin yoxsulluq şəraitində yaşadığı və aylıq orta gəlirin 383 dollar olduğu bir ölkə üçün bu cür uçuşlara çəkilən xərclər olduqca yüksəkdir.

Parlament sözçüsü kimi xidmət göstərmiş, 20 il daxili işlər naziri vəzifəsində çalışmış qocaman siyasətçi Abrahamyan səyahət xərcləri ilə bağlı danışmaqdan imtina edib. Baş nazir ötən il də bir milyon dollardan da çox xərc çəkib ofisini yenidən qurmasına görə sərt tənqidlərlə üzləşmişdi.



Baş nazirin şəxsi sərvəti də araşdırılmağa başlanıb. Ermənistanın konstitusiyasına əsasən, maraqların toqquşmasının qarşısını almaq üçün hökumət üzvlərinə bizneslə məşğul olmağa icazə verilmir. Abrahamyanın isə qohumlarının adına özəl şirkətləri, qaz doldurma stansiyaları, kazinoları, minlərlə hektar torpaq əraziləri olduğu iddia edilir.

Şura rəsmiləri arasında “sahibkar qohumları” olan yeganə şəxs Abrahamyan deyil. Maliyyə naziri Qaqik Kaçatriyanın ailə üzvlərinin internet xidməti provayderi Ucom, bir neçə ərzaq idxalçıları, İrəvanın mərkəzində yerləşən böyük alış-veriş mərkəzi, supermarket zənciri Nor Zovq daxil olmaqla bir sıra bizneslərlə əlaqələri olduğu məlum olub.

Kaçatriyan isə bu şirkətlərin heç biri ilə əlaqəsi olmadığını və onların ailə üzvlərinə mənsub olduğunu bildirib. Antikorrupsiya Şurasının maraqların toqquşması şəraitində korrupsiya ilə necə mübarizə apara biləcəyi sualına isə cavab verməkdən imtina edərək bunun fərqli bir mövzu olduğunu deyib.

Belə bir şəraitdə müxalifət partiyaları və qeyri-hökumət təşkilatları Antikorrupsiya Şurasına etimad etmədiklərini bildirirlər. Müxalifətin “İrs partiyası”nın baş rəsmisi Anahit Baxşiyan bu haqda bildirib: “Hökumət korrupsiya ilə mübarizə haqqında həmişə vədlər verib, ancaq bunların hamısı tamaşadır və biz başdan bəri inanmadığımız bir prosesə daxil ola bilmərik.”

Ermənistanın adi vətəndaşlarının da eyni şəkildə bu quruma inancları yoxdur. İrəvanda yaşayan 38 yaşlı proqram təminatçısı Narek Qalstiyan məsələyə belə münasibət bildirib: “Onlara qarşı mübarizə aparmaq üçün başqa bir şura da olmalıdır. Ovik Abrahamyan həm korrupsiyaya qarşı mübarizədən danışır, həm də ora-bura səyahət etmək üçün dövlət büdcəsindən milyonlar xərcləyir.”

Bütün bunlara baxmayaraq, şura qərbdən yardım almağa davam edir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi ötən səkkiz il ərzində korrupsiya ilə mübarizə üçün Ermənistana 16,5 milyon dollar məbləğində yardım edib. İyul ayında isə Ermənistan bildirib ki, həmin agentlik Antikorrupsiya Şurasına əlavə 750 min dollar da yardım göstərəcək.

Avropa İttifaqının İrəvandakı Nümayəndəliyi 2011-14-cü illərdə antikorrupsiya layihələrinə 1,5 milyon avro ayırıb, şəffaflığın təbliği və vətəndaşlara xidmət üzrə islahatlar keçirilməsi üçün əlavə 21 milyon avro ayrılacağı elanı verib.

USAID-in Ermənistan üzrə missiya rəhbəri Karen Hilliard bu yardımlarla bağlı tənqidlərə belə cavab verib: “Antikorrupsiya üzrə ən son strategiya üçün maliyyə yardımı göstərilməsi riskini götürməyə dəyər.”

Vətəndaş hüquqlarını müdafiə edən fəal Artur Sakunts bundan əvvəlki rəsmi antikorrupsiya təşəbbüslərində olduğu kimi bu pulların da boşa gedəcəyini düşünür: “Təəssüf ki, bu da başqa bir teatrdır və korrupsiya ilə mübarizə aparmaq üçün siyasi iradə və müstəqil bir qurum olmadığı müddətdə heç bir nəticə əldə edilməyəcək.”


Teqlər:  





Xəbər lenti