“Chatam House” kimlərə işləyir? – FAKTLAR, FOTOLAR

“Chatam House” kimlərə işləyir? – FAKTLAR, FOTOLAR
  13 İyul 2015    Oxunub:6710
Dünyada bir neçə beyin mərkəzi var ki, onlar ölkələrin idarə edilməsində mühüm rola malikdirlər. Yəni, bu mərkəzlər müxtəlif vasitələrlə dövlətlərə, ölkə rəhbərliklərinə təsir edə bilir, hətta ölkənin taleyüklü məsələlərinə istənilən formada müdaxilə imkanına sahibdirlər.

Son günlər Azərbaycana qarşı qərəzli mövqeyi ilə mətbuatımızda adı tez-tez hallan “Chatam House”da belə beyin mərkəzlərindən birdir.

“Chatam House” nədir?



“Chatam House”un fəaliyyətini gizli olduğuna görə adı çəkilən təşkilatla bağlı geniş məlumat əldə etmək çox çətindir. Bir çox qaynaqlarda bu təşkilat dünya gündəminə dair müxtəlif hesabatlar hazırlayan, bir çox debatları təşkil edən siyasi mərkəz kimi tanınır. Əslində isə “Chatam House” mənbələrdə qeyd olunduğu kimi dünyanı idarə edən beyin mərkəzi olaraq qəbul edilməkdədir. Amma iddialara görə adıçəkilən təşkilat massonlar tərəfindən idarə olunur və birbaşa onların nəzarəti altındadır. Amma bu iddialar rəsmi formada öz təsdiqini tapmayıb.

“Chatam House”un tarixi



Beyin mərkəzinin əsası Birinci Dünya Müharibəsinin yekunlarına həsr olunan Paris Konfransında qoyulub. Konfransa qatılan ingilis və amerikan nümayəndə heyəti qarşıdakı problemləri araşdıraraq müharibələrin qarşısını alacaq bir beyin mərkəzi qurmağı qərara alırlar. İngilis nümayəndə heyəti British Institute of Foreign Affairs (Britaniyanın Xarici İşlər İnstitutu), amerikalılar isə New Yorkda Council of Foreign Relations ( Xarici Əlaqələr Şurası) beyin mərkəzi təsis edirlər.

“Chatam House” ilk yaradılışında “Dəyirmi Stulçular” adlandırılıb. Bu adın seçilməsi onların böyük dairəvi masa arxasında müzakirə aparmaları olub. Sonradan isə rəsmi bir quruma çevrilərək 1926-cı ildə “Kral Beynəlxalq Münasibətlər İnstitutu” adlandırılıb. Böyük Britaniyanın xarici siyasətini bir əsrə yaxın bir müddətdə müəyyən edən mərkəzin “Chatam House” adlanması isə Londonda yerləşən qərargahının adı ilə əlaqəlidir.

Mərkəzin fəaliyyət istiqaməti



“Chatam House” dünyadakı problemlərin, mümkün böhranların yaradılması və yönləndirildiyi ilk yer olaraq bilinir. Ancaq, rəsmi bilgilərdə bu təşkilat yalnız siyasi və iqtisadi hesabatlar hazırlayan, belə məsələlər ətrafında müzakirələr təşkil edən mərkəz kimi təqdim edilir.



Məhz bu təşkilatın hazırladıqları hesabatlar dünyanın siyasi gündəmini dəyişmək qüdrətinə malikdir. İsrail dövlətinin qurulmasına öndərlik edən, Osmanlı İmperiyasının parçalanmasını həyata keçirən, Yaxın Şərqin ilk parçalanmasına dair planları hazırlayan da məhz “Chatam House” olub. Eyni zamanda İraqdakı monarxist rejimin, Körfəz ölkələrinin parçalanaraq kiçik əmirlik və şeyxliklərə bölünməsində də mərkəzin rolu böyükdür.

“Chatam House” kimlərlə işləyir?



“Chatham House” əsasən Böyük Britaniyanın Exeter Universitetinin məzunları ilə işləyir. Bu universitetin bir çox məzunu Yaxın Şərq ölkələrini idarə edən siyasətçilərdir. Bura bir çox tanınmış siyasətçilər, o cümlədən Türkiyənin sabiq prezidenti Abdulla Gül, İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi İkmələddin İhsanoğlu və digərləri bu universitetdə müxtəlif vaxtlarda ya məzun olublar, ya da təcrübə keçiblər.

Diqqət çəkən digər bir məqam isə universitet daxilində dünyada yeganə olan Kürd İnstitununun 2006-cı ildə qurulmasıdır. Yaxın Şərqin hazırkı durumuna nəzər yetirsək bu univeritetin “rolu” və “Chatam House”un nədən bu məzunlarla işlədiyi aydın olar.

Digər bir məsələ bu təşkilat beynəlxalq münasibətlərə böyük töhfələr verən liderlərə 2005-ci ildən başlayaraq ali mükafat verir. Bu mükafata 2010-cu ildə Türkiyənin sabiq prezidenti Adulla Gül də layiq görülüb.



“Chatham House” un verdiyi mükafatının sponsorları İngilis və ABŞ neft şirkətləri, British-American Tobacco və bəzi maliyyə təşkilatlarıdır.

“Chatham House”un daxili qaydaları

Təşkilatın qaydaları ilə təşkil edilən iclaslara və ya iclasın müəyyən bir qisminə qatılan şəxslər aldıqları bilgiləri istifadə etməkdə sərbəstdirlər. Ancaq, iclaslar video görüntü altında keçirilir. Həmçinin iclas iştirakçılarının kimliklərinin gizli saxlanılacağına dair təminat verilir. Bundan başqa iclaslarda müzakirə olunan məsələlər heç bir halda ictimaiyyətə açıqlanmır.

“Chatham House”un Qafqaz maraqları

Son olaraq qeyd edək ki, "Chatham House” adı ilə bilinən Kral Beynəlxalq Münasibətlər İnstitutu Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyanla görüş keçirib. Bu, Azərbaycanın haqlı etirazlarına səbəb olub.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, “Chatham House” un Bako Saakyanla görüş keçirməsi ikili yanaşma, standartın göstəricisidir.



Politoloq təəssüflə qeyd edib ki, Azərbaycana qarşı belə hərəkətlər ənənə halını alıb: ““Chatam House” tanınmış bir təşkilatdır. Ona görə də müzakirə üçün kimisə dəvət edən zaman yüz ölçüb, bir biçməlidir. Bu təşkilata bəlli olmalıdır ki, Dağlıq Qarabağ separatçılarının liderini görüşə dəvət edirsə, bu, Azərbaycanın haqlı narazılığına səbəb olacaq. Onu da anlamalı idilər ki, Azərbaycan və Böyük Britaniya arasında münasibətlər yaxşıdır. BP kimi böyük neft şirkəti Azərbaycanda böyük layihələr həyata keçirir. Belə hallar isə problemlər yaradır. Deməli bu riski gözə alıblar. Ona görə də elə bir mesaj verməliyik ki, gələcəkdə də bu addımları atsalar, tək özlərinə yox, təmsil olunduqları dövlətə də böyük problemlər yarada bilərlər”.

Politoloq hesab edir ki, “Chatam House” bu addımı ilə balansı pozub: “Onlar balansı saxlasaydılar, yəni Bako Saakyanla bərabər Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbərini də dəvət etsəydilər, burada müəyyən balanslaşdırma ola bilərdi. Yəni, Azərbaycan tərəfinin də rəyini öyrənərdilər. Hələ də gec deyil. Yəni, Bako Saakyandan sonra Dağlıq Qarabağın Azərbaycanlı icmasının bir neçə üzvünü də dəvət edərək azərbaycanlıların da mövqeyini öyrənə bilərlər.”, - deyə E. Şahinoğlu vurğulayıb.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti