ABŞ-ı mat qoyan azərbaycanlı: `Alen Delon deyiləm...`
Sakit okeanın sahili ilə Avropa arasında saat fərqi söhbətimizin alınmasını bir az çətinləşdirsə də sonda anlaşdıq ki, biz suallarımızı göndərək, Üzeyir yazılı cavab versin. Üzeyir ingilis dilində yazışmağa üstünlük verdi...
Qısa, fasiləli canlı ünsiyyətdən yadda qalan isə telefonun o başındakı ehtiramlı səs tonu, tanış ləhcənin “j”sı, bir də Üzeyirin tez-tez işlətdiyi “eləmi, çox gözəl, gözəl”i oldu.
Üzeyir Novruzov 1976-cı ildə Ermənistanda doğulub. 1988-ci ildə ailəsi ilə birlikdə Rusiyaya - Krasnodar şəhərinə köçüb. Anası hazırda Gəncədə yaşayır. Atası vəfat edib.
Üzeyirin 9 yaşında iki əkiz qızı var. Ailəsi ilə birlikdə dünyanın ən böyük əyləncə şəhərlərindən sayılan Las-Veqasda yaşayır. İndi məşğul aktyor həyatı var - bu şəhərdə ona iş çoxdur.
Üzeyir deyir ki, bir gün uşaqlıq xatirələrini əks etdirən qeyri-adi bir şou yaratmaq istəyir. Şounun detallarını indi təsəvvür etmir, amma orda Azərbaycan kültürü və ənənələrinin olacağına inanır.
Üzeyirin uşaqlığı isə şən keçib, ata-anası dörd səs-küylü uşaq böyüdüb. Üzeyir uşaqlıqdan baməzə imiş: tez-tez onu qohum- əqrəbanı yamsılayan görərmişlər.
-Üzeyir, jürini heyrətə gətirən çıxışınızda dəstəksiz nərdivana dırmaşırsınız. Qafqazdan Sakit okeanın ən məşhur səhnələrinə qədər yol gəlmisiniz. Bu yolçuluqda ən çətin adlanan pillə hansı oldu?
-Hər bir peşənin öz çətinliyi var - səbr. Səbrli olmaq çox vacibdir. Və azacıq zəhmət çəkmək. Mənim pilləkənlərimdə, həyatın özü kimidir - zirvəyə addım-addım qalxırsan. Nə olursa-olsun, heç bir halda ruhdan düşüb geri çəkilmə! Bu, elə mənim həyat şüarımdır.
-Müsahibələrinizin birində demisiniz ki, sirk ustası olmağınız atanızın arzusu idi. Hələ də atanızın arzusunda yaşayırsınız, yoxsa sizinkinə çevrilib bu arzu artıq? Sizin öz arzunuz nə idi bəs?
-Sirk ustası olmaq atamın arzusu yox, mənə məsləhəti idi. Atam özü müxtəlif işlərlə məşğul olurdu, amma incəsənət adamı deyildi. Yaxşı səsi var idi, özünü inkişaf etdirsəydi, bəlkə müğənni olardı. Yəqin ona görə də uşaqlarının idmançı və ya incəsənət adamı olmasını istəyirdi.
Mənim özümün isə xüsusi bir uşaqlıq arzum yox idi. İndi isə var - indi mən filmlərə çəkilmək və film çəkmək istəyirəm.
-“America’s got talent”də siz Çarli Çaplin rolundasınız. Niyə Çaplin?
-Çünki mən Alan Delon deyiləm. Üz cizgilərim Çaplinə bənzəyir və mən bundan qürur duyuram.
-Dəstəksiz nərdivana qalxmaq üçün adamda ürək lazımdır. Həyatda da ürəkli adamsınız? Elə isə ən ürəkli qərarınız nə olub?
-Mən supermen saymıram özümü, amma cəsarətli adam olduğuma əminəm. Biz hər gün həyatımızda kiçik-kiçik cəsarət nümayiş etdiririk. Həyatımda elə hadisə yoxdur ki, vaxtında addım atmadığıma görə peşman olum. Mən həmişə qərarlarımda cəsarətli olmuşam.
-Fotolardan gözləriniz çox kədərli təsir bağışlayır…
-Gözlərim kədərli deyil. Bu, kədər deyil, qəlbimin dərinliyindəki mehribanlığın görünən ifadəsidir.
Teqlər: