Xaricdə diplom alanlar: Diqqətli olun (VİDEO)

Xaricdə diplom alanlar: Diqqətli olun (VİDEO)
  25 İyun 2015    Oxunub:4962
Xaricdə təhsil almaq istəyənlərin diplomu tanınmaya bilər.
Son zamanlar sosial şəbəkələrdə Ukraynada, Türkiyədə, Gürcüstanda təhsil adlı səhifələrə, şirkətlərə tez-tez rast gəlirik.

Xüsusilə də qəbul imtahanları zamanı bu işbazlar var qüvvəsi ilə fəaliyyət göstərir. Təklifə diqqət yetirin. Müştəri cəlb etmək istəyən şirkət imtahansız yalnız atestatla xaricdə ali məktəbə qəbul keçirdiyini elan edir. Hətta bu ali məktəblər atestatı olmayanları da 9-cu sinif şəhadətnaməsi ilə qəbul edir və abituryent ovuna çıxır. Qəbul imtahanında yaxşı nəticə göstərə bilməyən abituriyent və övladını diplomlu görməyi arzulayan valideyin isə sonda onların qurbanına çevrilir.

Ağır nəticəni isə 4 il sonra geri dönən tələbə diplomunu dövlət orqanlarına təqdim edərkən hiss edir. Hansı ki, hazırda minlərlə şəxs belə bir vəziyyətlə üz-üzə qalıb. Onların diplomlarının Təhsil Nazirliyi tərəfindən tanınması hələ də sual altındadır.

Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov deyir ki, Təhsil Nazirliyi xaricdə təhsil alan tələbənin diplomunu və onun biliklərini yoxlamadan diplomu tanımayacaq.

Rəsmi statistikaya görə, bu günə kimi dövlət xətti ilə xaricdə təhsil alanların sayı 3 min nəfərə çatır. Xaricdə təhsil alan bu gənclər daha sonra dövlət orqanlarına da müsabiqəsiz qəbul olunurlar.

Araşdırmalar da göstərir ki, bu gənclər test imtahhanlarında yüksək nəticə göstərib. Amma özəl yollarla xaricə oxumağa gedənlərin nəticələri isə heç 200 bala da çatmır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə aşağı bal yığıb, xaricə üz tutanları sonradan peşman olmamaq üçün indidən ehtiyatlı davranmağa çağırır. O bildirib ki, xaricə tələbələr diplom üçün yox hansısa biliklərini daha da genişləndirmək üçün getməlidirlər. Çünki, xaricdə diplom əldə edənlər əmək bazarında özlərinə iş tapa bilməyəcəklər.

Təhsil üzrə ekspert Nabatəli Qulamovun da fikrincə, xaricdə təhsil alan tələbələr Azərbaycanda işləmək üçün mütləq imtahandan keçməlidirlər.

Amma qanun və qaydaları əlində bayraq edənlər daha mühüm bir məqamı görməzdən gəlirlər. Hansı ki, Azərbaycanın da qoşulduğu Lissabon konvensiyasında açıq şəkildə göstərilir ki, tələbənin diplomumun tanınması üçün onun ixtisas bilik və bacarıqları mütləq dərəcədə əsas götürülməlidir. Elə bu səbəbdən də hökumət diplomların tanınması məsələsinə yenidən baxmaq fikrindədir. Təhsil Nazirliyi qaydalara dəyişikliklərlə bağlı yeni təkliflər paketi hazırlayır. Bu təkliflərin üzrərində isə dövlət orqanları müzakirələr apararaq yeni qaydalar qəbul edəcək ki, təhsildə yaranan bu saxta diplom biznesi şəbəkəsinin fəaliyyəti dayandırılsın.

Təhsil hər bir millətin yeganə xilas və inkişaf yoludur. Məsəl var deyirlər “Elm Çində də olsa onun ardınca get”. Amma diqqətli olun ki, bu yol sonda uçruma deyil, həqiqi bilik və bacarıqlar əldə etməyə aparıb çıxarsın.
(Ans.tv)






Teqlər:  





Xəbər lenti