Ermənistan zavodları Azərbaycana görə dağılır...

Ermənistan zavodları Azərbaycana görə dağılır...
  05 İyun 2015    Oxunub:2690
Ermənistanda işçiləri illərdir əməkhaqqı almayan və müflis olan “Nairit” kauçuk zavodunun vəziyyəti bu ölkənin işğalçılıq siyasəti üzündən hansı acınaclıq durumda olduğunu bir daha göstərir.

Virtualaz.org saytı xəbər verir ki, sosioloq, ixtisasca kimyaçı-texnoloq olan Aaron Adibekyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, “Nairit” zavodunun taleyi erməni axmaqlığının ən müstəsna hallarından biridir.

A.Adibekyan deyib ki, zavod vaxtilə kauçuk istehsal edirdi və istehsal etdiyi məhsula təkcə SSRİ-də yox, başqa ölkələrdə də tələbat var idi. Ancaq 90-cı illərin əvvəllərində Qarabağ müharibəsinə görə Azərbaycanla dəmir yol əlaqəsi kəsildiyindən Erməni Milli Hərəkatı iqtidarı bu zavodu bağlamalı oldu. Çünki xammal - butadien qatarla yalnız Azərbaycan ərazisindən daşına bilirdi.

A.Adibekyan zavodun yenidən işə salınmasının iqtisadi baxımdan düzgün addım olmadığını, bu üzdən “Nairit”in indiki duruma düşdüyünü deyib.

“Aravot” qəzeti keçmiş baş nazir Qrant Baqratyandan bu zavodla bağlı şərh alıb.

Q.Baqratyan deyib: “Bizim hökumətin “Nairit”i bağlamaqdan başqa yolu yox idi. Çünki zavod işləyə bilməzdi, Azərbaycanla dəmir yol əlaqəsi kəsilmişdi və biz butadien ala bilmirdik. Zavodun əsas xammalı butadien idi, biz onu Sumqayıtdan, Volqoqraddan və s. alırdıq. Dəmir yolu bağlandı. Gürcüstan ərazisindən butadien gətirmək mümkün deyildi, çünki qadağan olunmuşdu. Sonra bu yol da bağlandı. 1-2 dəfə butadien gətirə bildik, ancaq çox çətinliklə, dəniz yolu ilə. Sisternləri əvvəlcə gəmilərlə daşımaq, sonra kranlarla qatara yükləmək lazım gəlirdi. Bu üzdən bizim hökumət “Nairit”i bağladı, sonra yenə açdı. Ancaq nə xeyri? Butadien almaq üçün tranzit dəmir yolu lazımdır, qatarlar İrəvana qədər bu xammalı daşımalıdır. Başqa yolla onu daşımaq çox təhlükəlidir”.

Qeyd edək ki, “Nairit” zavodunun işçiləri əməkhaqqı tələbi ilə aylardır aksiyalar keçirir, prezident Serj Sərkisyanın iqamətgahı qarşısında piketlər keçirir. Ermənistan hökuməti isə işçilərə əməkhaqqı vermək iqtidarında deyil. Bütün tranzit daşımalarından, regional nəqliyyat-infrastruktur layihələrindən təcrid olunan Ermənistan acından ölən işçiləri işğal etdiyi Azərbaycan torpaqları ilə doydura bilmir...


Teqlər:





Xəbər lenti