Laçınlılar ANS-lə bağlı prezidentə müraciət etdi

Laçınlılar ANS-lə bağlı prezidentə müraciət etdi
  01 İyun 2015    Oxunub:38084
Azərbaycanın işğal olunmuş Laçın rayonunun sakinləri ANS telekanalı ilə bağlı prezidentə müraciət ediblər.
AzVision.az həmin müraciəti təqdim edir:

-Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri İlham Əliyev cənablarına Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarının qorunması uğrunda erməni hərbi işğalçıları ilə döyüşlərə atılmış laçınlı ziyalı və müharibə veteranlarının

MÜRACİƏTİ

Hörmətli Prezident!
Cənab Ali Baş Komandan!

Doğma Vətənimizdə ailələrimizlə bərabər məcburi-köçkün statusunda yaşamağa məcbur olunduğumuza baxmayaraq, şəxsən Sizin Ali Baş Komandan kimi verəcəyiniz əmrlə yenidən silaha sarılıb, işğal altında inləyən qədim və əzəli ulu torpaqlarımızı, el- obamızı işğalçı erməni hərbi birləşmələrindən azad edəcəyimiz tarixi QƏLƏBƏ gününə bütün xalqımız kimi, biz də bir an da olsun qəti və dərin inamımızı itirməmişik!

Bu inamı, bu sarsılmaz qətiyyəti bizə müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan Ulu Öndərimiz Heydər Əliyev və Sizin rəhbərliyinizlə gücləndirilmiş dövlətimizin iqtisadi və hərbi potensialı vermişdir.

Ancaq, təəssüf ki, bizim bu inamımızı sarsıtmağa çalışanlar da vardır. ANS televiziya şirkətinin rəhbərliyi artıq 23 ildir ki, Laçın rayonunun hər il keçirilən işğal günləri ərəfəsində hazırladıqları verilişlərdə yurdundan didərgin düşüb respublikamızın 1500- dən çox yaşayış məntəqəsində məcburi-köçkün vəziyyətində yaşayan və dövlətimiz ətarfında sıx birləşən 75 min nəfərlik Laçın rayon sakinlərini hər vəchlə alçaltmaqdan, təhqir etməkdən əl çəkmirlər. Rövşən Cavadovun yaxından dəstəyi ilə “Azərbaycanın Milli Qəhramanı” fəxri adını almış Çingiz Mustafayefin lentə aldığı süjetləri qəsdən, bilərəkdən məqsədyönlü şəkildə montaj edərək, hadisələrə və videogörüntülərə özlərinin məkrli niyyətlərinə sərf edən formada şərhlər verərək, Laçın rayon sakinlərini qorxaqlıqda, torpaqları qəsdən müdafiəsiz qoymaqda “ittiham” edirək, bizləri milyonlarla televiziya izləyicilərinin gözləri qarşısında aşağılamağa çalışırlar.

Halbuki, həmin videoçəkilişlər 1992-ci ilin may ayının 12-dən 17-dək olan müddət ərzində Laçın rayon ziyalılarının, laçınlı hərbçilərin təkidli tələbi ilə videolentə alınmışdır. Çünki, 08 may 1992-ci ildən başlayaraq Şuşadan və Turşsu yüksəkliyindən Ayaz Mütəllibova və Rəhim Qazıyevə şəxsən tabe olan hərbi birləşmələrin və ağır zirehli döyüş texnikaların uzun kolonna şəkilində çıxarıldılaraq, Laçın şəhərinin içindən keçməklə Qubadlı rayonu istiqamətindən Bakı şəhərinə hakimiyyət çevrilişində iştirak etmələri üçün geri qaytarılmasını gözləri ilə görən əlisilahsız dinc Laçın rayon sakinləri və köməksiz qalmış laçınlı hərbçilər yalnız Çingiz Mustafayevin videokamerasının köməyi ilə bu xəyanətin qarşısını almağa çalışırdılar. Həmin günlərdə Çingizlə birgə olan laçınlı hərbçilər bu gün də sağdırlar və baş verən xəyanətləri bütün detallarına kimi geniş ictimaiyyət arasında faktlarla sübut etməyə hər an hazırdırlar!...

Yuxarıda qeyd etdiklərimiz, Şuşa və Laçın rayonlarının işğalı ilə bağlı 29 iyul 1994-cü il tarixdən 12 may 1995-ci il tarixədək olan dövrdə Azərbaycan Republikası Ali Məhkəməsində keçirilən məhkəmə proseslərində çoxsaylı Şuşa və Laçın rayon sakinlərinin canlı şahid ifadələrində tam sübut edilmişdir və bu haqda Ali Məhkəmənin hakimi Ənvər Seyidovun 12 may 1995-ci il tarixli hökmü də geniş ictimaiyyətə çoxdan məlumdur!...

Hörmətli cənab Prezident!

ANS-in 17 may 2015-ci il tarixli xəbərlər bülletenində efirə getmiş süjetlərə şərh verən telejumalist Ləman Əşrəfqızı Laçın rayon sakinlərini növbəti dəfə alçaldıb təhqir edərək, bizləri heç bir əxlaq və insanlıq normalarına sığışmayan sərt ifadələrlə ləkələməyə çalışmışdır.

Telejumalist Ləman Əşrəfqızı ANS-in “biznesmen”rəhbərlərindən aldığı xüsusi tapşırıqlar əsasında həmin videomaterialları çox məkrli və pis niyyətlə montaj edərək hazırladığı xəbərlər bülleteninin sonunda yalnız ANS-çilərə məxsus əda və həqarətlə belə demişdir: “23 il əvvəl-mayın 16-sı Laçında vəziyyət bax belə idi. Laçın təslim üçün əllərini qaldırmışdı. O bu görkəmi ilə 1926-cı ilə qədər daşıdığı öz köhnə Abdal adına daha çox oxşayırdı.”

Hörmətli cənab Prezident!

Məlum edirik ki, biz laçınlı döyüşçülər və ziyalılar qanunun bizə verdiyi bütün hüquqlar çərçivəsində və dövlətimizin haqq-ədalət məhkəməsində qarşılaşmaqla, təmiz adımızı, ləyaqətimizi, qürurumuzu və şərəfimizi uca tutaraq pozulmuş hüquqlarımızı bərpa edəcəyimizdə qəti qərarlıyıq.

İlk balanığıcda Rövşən Cavadova sığınıb hörmət qazanan, çirkli maliyyə dəstəyi əldə edən ANS onun ölümündən sonra xain Rəsul Quliyevin qoltuğuna girdi, növbəti maliyyə dəstəyi əldə etdi. Az sonra isə alət funksiyalarını icra edərək dövləti mənafelərdən uzaqlaşdı. BU proseslər isə hər kəsə bəllidir. Heç nə unudulmur və heç nə yaddan çıxmır. Elə ANS-in tarixi yoluda.

Xahiş edirik Laçın rayon sakinlərinin şərəf və ləyaqətinə hörmət qoymayan, Vətənimizin müdafiəsində canlarını qurban vermiş 400 nəfərə yaxın laçınlı şəhidlərimizin pak və müqəddəs ruhlarını incitmiş bu mövqesizlərin öz şəxsi mənafeləri naminə indiyə qədər bütün hakimiyyətlərə dönüklüklərini dəfələrlə nümayiş etdirmiş və millətimizin faciələri üzərində “imperiya”lannı, çirkin bizneslərini qurmuş ANS rəhbərlərinin qanunun aliliyi qarşısında cavab vermələri təmin olunsun.

Ulu Öndərimiz Heydər Əliyevin vaxtilə dediyi kimi,- “Qoy ədalət zəfər çalsın!”

Sonda Sizi- cənab Ali Baş Komandanımızı bir daha əmin edirik ki, dövlətimizin bütün vətəndaşları kimi, Laçın rayon sakinləri də və ehtiyatda olan biz keçmiş hərbçilər də verəcəyiniz əmrlə yenidən silaha sarılıb, erməni işğalında inləyən qədim və əzəli torpaqlarımızı yağı düşmənlərdən azad etməyə həmişə hazırıq!




Teqlər:  





Xəbər lenti