Kralıçanı göz yaşına boğan Qarabağ atı

Kralıçanı göz yaşına boğan Qarabağ atı
  13 May 2015    Oxunub:12326
Kraliçanın sevinci

Kral Qəsrinin önündə toplanmış minlərlə insan onu ayaqda alqışlamağa başlayır. İngiltərənin adlı-sanlı, əsilli nəcabətli lordları dəyirmi şlyapalarını hörmət əlaməti olaraq başlarından çıxarır, qadınlar dəsmallarını yelləyirlər. Kraliçanın təəccübdən və heyrətdən dəyişmiş simasında gizli bir heyranlıq duyulur. Sevincindən kraliçanı göz yaşları boğur. Bütün imperiyanın idarəçilərinin yığıldığı London onu qəbul edir, gözəlliyinin qüdrəti qarşısından afərin deyir...
Azərbaycanın ilk jokeyi

Azərbaycanda bütöv bir jokeyçilər nəsli onun adıyla bağlanır.

1930-cu ildə Borçalıda dünyaya göz açan Tağıyev Əli Tağı oğlu erkən yaşlardan yolunu Azərbaycandan salmalı olur.

Onun atlara marağı və cıdır yarışlarına can atması, şəraiti yaxşı olan Ağstafa şəhərində ona taleyinin ən böyük uğrunu qazanmağa imkan verir.

Əli Azərbaycanın ilk usta jokeyi, ilk əməkdar məşqçisi, 1500-dən çox qələbəsi olan, Azərbaycan və beynəlxalq arenalarada, cıdır meydanlarında qələbəsi olan həyatını sırf bu sahəyə bəxş eləmiş bir insan olur.

Gənc Əli Ağsatafada atçılıq təsərüffatından təsadüfən maraqlı bir hadisənin şahidi olur.

Burda bəslənilən cins ingilis atlarına çox pis qulluq edilir və təsərrüffat sahibləri heç bir vəchlə atlardan istədikləri nəticəni ala bilmirlər.

Tezliklə, Əlinin əsil at mütəxəssisi olmasını görən zavod sahibləri onu bura işləməyə dəvət edirlər.

Bu zaman Əlinin cəmi 11 yaşı var idi...

Elə həmin vaxtdan etibarən Əli Bakıya-cıdır yarışlarına çıxış etmək üçün tez-tez gəlməyə başlayır.

Tezliklə, nəticələr qazanaraq usta jokey adına da sahib olur.



Generalın yavəri

Artıq gənclik dövrünə qədəm qoyan Əli 1955-ci ildə sovet ordusunda hərbi xidmətə başlayır.

Az sonra hərbi xidmət yerinin Moskvaya dəyişdirilməsi üçün SSRİ Müdafiə Nazirliyinin rəhbər işçilərindən birinin xüsusi göstərişi hərbi hissəyə daxil olur.

Əli Tağıyev Moskvaya məşhur cıdır meydanında sovet generallarının atlarına qulluq etməyə başlayır.

Xruşşovun “Zaman”ı

Xruşşovun hakimiyyətə gəlməsi ilə SSRİ-də Stalinin dövründə qoyulmuş qadağalar aradan qalxmağa başlayır.

SSRİ-ABŞ rəhbərlərinin görüşü, daha sonra digər Avropa ölkələrinin də rəhbərləri ilə əlaqələr yaxşılaşdırılmağa başlanılır.

SSRİ-nin rəhbəri Avropada və dünyada xüsusi söz sahibi olan Britaniya ilə münasibətləri yaxşılaşdırmaq üçün heç bir fürsəti fövtə vermir.

Xruşşova Britaniyanın kraliçası II Yelzavetanın at həvəskarı olması çoxdan məlum idi.

Sovet rəhbəri bu maraqdan istifadə edərək, kraliçaya xüsusi bir jest etməyə qərar verir.

1956-cı ilin 21 aprelində kraliçanın 30 yaşı tamam olur. Bu münasibətlə dünyanın dörd bir tərəfindən Londona qonaqlar gəlməyə başlayır.

Xruşşov da məhz öz hədiyyəsini göndərmək üçün elə bu tarixi seçməli idi...

Bakıda böyük seçim



Moskvadan Bakıya böyük nümayəndə heyəti gəlir. İttifaqın bütün respublikalarını gəzən qonaqlar heç yerdə tapa bilmədiklərini Bakıda tapırlar.

Bakıdakı cıdır meydanında gördükləri Qarabağ atınının gözəlliyinə heyran qalırlar.

Zaman adı verilən at cins Qarabağ atı idi və çəhrayı rəngi vardı və bu rəngdə çox az rast gəlinən biri idi.

Zaman Ağdam atçılıq məktəbinin yetirməsi idi: Nə gözəlliyinə, nə də sürətinə çatacaq at yox idi.

4 yaşlı dünya gözəli olan Zamanı Londona kimin aparacağı mübahisə doğurur.

Eyni zamandan Bakıda Londona kimin gedəcəyi ilə bağlı 30 idmançı arasında seçim aparırlar.

Amma heç kəsi bəyənmirlər.

Çıxılmaz vəziyyət yarananda, kimsə Əli Tağıyevin adını çəkir.

Əli artıq Moskvada generalların atını tədbirlərə hazırlayırdı. Əlinin adını eşidən kimi Moskvaya müraciət edilir və hərbi hissədən onun Bakıya gətirilməsi üçün tapşırıq icra edilir.

Atı aparacaq şəxs müəyyən olunduqdan sonra Əliyə çərkəzi paltar tikdirirlər.

Amma Xruşşov baxış zamanı paltarlardan narazı qalır.

Ona yeni paltar hazırlanır, xəncər və papaq da əlavə edilir.

Zaman üçün isə gümüş yəhər və üzəngi gətirilir.

Zaman kral qəsrində



Uzaq yoldan sonra Zaman kralın qəsrində kraliçaya təqdimat üçün hazırlanır.

Minlərlə insanın toplaşdığı ad günü mərasimində igid Azərbaycan oğlu Əli Tağıyev Qarabağın cins atını-Zamanı kraliçaya təqdim edir.

Atın gözəlliyindən vəcdə gələn kraliça uzun müddət onun yalmanını oxşamaqdan doymur.

İki həftəyə yaxın Londonda qonaq qalan Əliyə xüsusi, kraliçanın dəvətnaməsi təqdim edilir: O, Zamanla yarışlara qoşulmalı idi.

Səfər zamanı Əlini bir an da olsun gözdən qoymayan KQB əməkdaşları buna razı olmurlar.

İllər sonra, ayğır at olan Zaman başqa cinslə qarışdırılır və kraliçanın atlarının bir çoxunda Qarabağ atının gözəlliyinin elementləri yaşamağa başlayır.

SSRİ dağlana yaxın kral ailəsi Əli kişiyə Zamanın törəmələrinin fotolarını da yollayırlar. Ən gözəl davamçısı isə gözəl Jasmin imiş.

Avropada saç dəbinin qəribə sirri



Kral ailəsinin Zamana xüsusi diqqəti bütün Avropada yeni saç trendinin yayılmasına səbəb olur.

Xüsusi gözəlliyə malik olan Zamanın saçları-yalmanı o qədər yaraşıqlı və gözəl idi ki, gün işığında pardaqlanan telləri gümüşü rəngə çalır və xüsusi bir harmoniya yaradırdı.

Təbii ki, qadınlar bu gözəlliyi kəşf etməmiş deyildilər. Az sonra bütün kral ailəsinin qadınları və London qızlarının qızılı saç rəngləri modası geniş yayılır.

50-60-ci illərin Avropa qadınlarının bu saç stilinin kökündə Qarabağın cins atı-zamanın gözəlliyi dayanırdı.

Əlinin sonrakı taleyi

Əsgərliyini çəkib Bakıya qayıdan Əli cıdırda qələbələrə doymur.

Ömrü böyü at üstündə olan cəsur kişinin 1500 dən çox qələbəsi olub. Azərbaycan SSR ümumittifaq yarışlarında 50-ə yaxın qələbə qaznır. Onun 40-nı təkcə Əli qazanır.

Şıxəli Qurbanovun təşəbbüsü 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilir və ilk dəfə bayram məşəlini İçərişəhərdə at belində alovlandıran da Əli olur.

Əli o qədər şöhrət qazanır ki, onun ən yaxın dostlarından biri olan marşal Budyonnı hər zaman ən yaxşı atları tapmaq üçün birbaşa xahiş etməli olur.

2005-ci ilə kimi, rəhmətə gedənə qədər at ustası kimi işləməyə davam edir...

Zamanın sorağı 50-ci illərdə Avropanı necə fəth etmişdisə, 2012-ci ildə kraliçanın hakimiyyətə gəlməsinin 60 illiyi münasibətilə Əli kişinin nəvələrini Londona dəvət edirlər.

Əlinin nəvəsi jokey Camal Tağıyev üç Qarabağ atının gözəlliyi ilə bir daha kraliçanın cavanlığını yadına salır.

Ruslara dərs verən qoca



1989 cu ildə 59 yaşlı Əli Konfet adlı atı ilə Gürcüstana yarışa yollanır.

Bütün SSRİ-də olduğu kimi, Gürcüstanda da hamı onun hörmətini saxlayır.

Yarış başlamamışdan qabaq Rusiyanın ən güclü jokeylərindən biri Konfeti göstərib deyir ki, bunu kim minəcək?

Qıraqda var-gəl edən Əli kişini göstərirlər.

Rus özünü saxlaya bilmir, gülür və deyir:

- Eto starik şto li?

Əli kişi eyhamı başa düşür və bir azdan qonağa yaxınlaşır:

- Kak tvoya familiya?

- Varona.

- Ya tebe vorabey zdelayet posmotriş.


Elə həmin yarışı da bu 60 yaşlı qoca udur və ruslara bir daha unutmayacaqları dərs verir.

Bu il Əli Tağıyevin 85 illik yubileyi ilə bağlı yubiley yarış olacaq.

Biz isə onun “Pulemyot”, “Timur”, “Konfet”, “Səməndər” kimi atlarını da xatırlayaraq rəhmət diləyirik.

At babalarımızdan qalma, xüsusi əhəmiyyəti olan bir cəhətimizdir. Bizim kişilər atına görə tanınıb.

Nə qədər ki, yaxşı kişilər var, tarix atların belində yaradılırdı.


Natavan Abdulla
Əziz Əlibəyli



Teqlər:





Xəbər lenti