İlham Əliyev və xanımı açılışlar etdi

  13 May 2015    Oxunub : 1971
İlham Əliyev və xanımı açılışlar etdi
Mayın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Avropa Oyunları Parkının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı parkın rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə və xanımına məlumat verdi ki, Avropa Oyunları Parkı su polosu, çimərlik voleybolu, çimərlik futbolu və basketbol yarışları üçün nəzərdə tutulub. Park üç idman qurğusundan və dörd funksional zonadan ibarətdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda görülən işlərlə tanış oldular.

Sonra dövlətimizin başçısı və xanımı parkın ərazisində Oyunlar zamanı Avropadan olan rəsmi və texniki heyətə xidmət göstərəcək taksilərə baxdılar.

***

Bu gün prezident İlham Əliyev, xanımı, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu Əliyeva Veloparkın açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Veloparkın baş planına baxıblar. İlham Əliyevə burada görülən işlərlə bağlı məlumat verili. Qeyd edilib ki, ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa olunub. Burada maneəli yarış meydançası da qurulub. Meydançada yaradılan şərait Beynəlxalq Velosipedçilər İttifaqının standartlarına tam cavab verir. BMX veloparkında 1197 tamaşaçı yeri yaradılıb. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, əlil tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub. Veloparkın ərazisində tikilən ikimərtəbəli ofis binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət, dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və digər yardımçı otaqlar da var. Ofis binasının damında xüsusi örtüklü start meydançası, bundan əlavə, idmançıların hazırlanmaları üçün 20 hazırlıq çadırı quraşdırılıb. Ərazidə VİP, olimpiya ailəsi, beynəlxalq federasiya və rəsmi nümayəndələr üçün avto dayanacaq, qeydiyyat, fərdi yerləşdirmə və digər xidmət sahələri də mövcuddur.

Veloparkla tanışlıqdan sonra dövlət başçısı “Synergy Baku Cycling Project” velosiped komandasının üzvləri ilə görüşüb.

AzVision.az

Teqlər: