Mikayıl Cabbarov: Təhsil şöbələrində ciddi nöqsanlar var

Mikayıl Cabbarov: Təhsil şöbələrində ciddi nöqsanlar var
  05 May 2015    Oxunub:3281
“Təhsil Nazirliyinin keçirdiyi monitorinqlərin nəticəsində bir sıra rayon təhsil şöbələrinin fəaliyyətində nöqsanlar aşkar edilib”.

Bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan sarayında ümumilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şöbələrin bəzilərində bir neçə müəllim vakansiyalarının gizli saxlanılması və müsabiqəyə çıxarılmaması faktlarına rast gəlinib. Nazir aşkar olunan nöqsanlarla bağlı müvafiq aidiyyəti qurumlara məlumatın verildiyi və bu prosesin bundan sonra da davamlı olacağını qeyd edib.

O, həmçinin qeyd edib ki, ötən il Bakıda çalışan 32 min müəllim sınaq qiymətləndirilməsindən keçib: “Mərkəzləşdirilmiş qaydada keçən müsabiqə nəticəsində keçən il 1 692 nəfər müəllim işə qəbul edilib ki, onlardan 1405 nəfərinə həvəsləndirici tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz yüksəlib”.

Nazir deyib ki, ötən il Bakıda çalışan 32 min müəllimin biliyi diaqnostik qiymətləndirmədən keçirilib, prezidentin sərəncamı ilə həmin müəllimlərin dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb: “Bu qərarla müəllimlərin əmək haqqı orta aylıq əmək haqqına yaxınlaşıb. Bu tədbirin ölkənin bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulub. Bununla bağlı hökumətə müvafiq təkliflər təqdim edilib”.

“Bu ilin sentyabr ayından yuxarı siniflərdə təmayülləşmənin tədbiqini planlaşdırırıq və bu, bütün Azərbaycan məktəblərində tətbiq olunacaq”-deyən Mikayıl Cabbarov bildirib ki, hazırda proses üzərində hazırlıq işləri gedir: “Hesab edirik ki, bu, bizim istedadlı gənclərin öz həyat yollarını seçərkən onlara daha keyfiyyətli təhsilin çatdırılması üçün zəruri olan azmildir. Bundan başqa, Bakı şəhərinin 2 məktəbində ilk dəfə olaraq 2015-ci ilin sentyabrında inklüziv təhsilin tədbiqinə başlanılacaq. Sirr deyil ki, bu gün ölkədə on minlərlə fiziki qüsurlara malik olan uşaqlar təhsil sistemindən kənarda qalır. Bu ildən başlayaraq bütün belə uşaqlar gələcəkdə inklüziv təhsillə əhatə olunacaq”.

Nazir həmçinin əlavə edib ki, bu ildən I siniflərə şagirdlərin məktəblərə qəbulunu elektron qeydiyyat vasitəsilə həyata keçiririk. Bu da mühüm yeniliklərdən biridir: “Bu il başa çatan və gələcək üçün əhəmiyyəli olan layihələrdən biri də xaricdə təhsil proqramıdır. Bu günə qədər 3 184 azərbaycanlı gənc bu proqram hesabına xaricdə təhsil almağa göndərilib”.

AzVision.az


Teqlər:  





Xəbər lenti