AMEA-dan yenilik- magistrlar təqaüd alacaq

AMEA-dan yenilik- magistrlar təqaüd alacaq
  05 May 2015    Oxunub:3114
"Bu ildən AMEA-nın magistratura pilləsinə qəbul olunacaq bütün magistrlar dövlət sifarişi əsasında hazırlanacaq və dövlətin müəyyən etdiyi təqaüdləri alacaqlar. Bununla yanaşı, onların hər biri ixtisaslarına uyğun institutlarda laborant, kiçik elmi işçi və digər vəzifələrdə işə cəlb olunacaq".
Bunu AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib.
O bildirib ki, magistrlar gördükləri işin müqabilində əmək haqqı alacaqlar: "Bundan başqa, AMEA institutlarının alimləri keçirilən müxtəlif qrant layihələrində qalib olurlar. Magistrları da həmin layihələrə cəlb edə bilərik. Bununla da onlar, hətta qrant layihələrindən də əlavə qazanc əldə edə biləcəklər. Eyni zamanda, onların hər birini ixtisas profillərinə uyğun olaraq dünyanın aparıcı elmi mərkəzlərinə qısa müddətli də olsa, təcrübə toplamağa göndərəcəyik".

Ə.Sadıqov qeyd edib ki, akademiyada təhsil alacaq magistrların beynəlxalq konfranslarda iştirakları təmin ediləcək: "Çünki gənc kadrlar üçün belə tədbirlərdə iştirak etmək çətin məsələdir. Onu da xüsusi vurğulayım ki, 7 ixtisas üzrə 20 yerlik magistr hazırlamaq AMEA üçün heç bir problem yaratmayacaq. AMEA prezidenti Akif Əlizadə ilk dərs günü magistları qəbul edəcək və qiymətli hədiyyələr verəcək".

O, gələcəkdə AMEA-nın magistraturasına qəbul üçün nəzərdə tutulan ixtisas sayının artacağını istisna etməyib: "Pilot layihə kimi hələlik 7 ixtisas üzrə 20 yer ayrılıb. Artıq institutlarımız arasında rəqabət mühiti yaranıb. Növbəti illərdə Riyaziyyat və İnformasiya Texnologiyalar İnstitutu üçün magistr qəbulunu həyata keçirmək niyyətindəyik.

Akademiyanın nəzdində 40-a yaxın elmi tədqiqat institutu var. Əslində, onların hər birində magistr hazırlamaq imkanımız var. Növbəti illər üçün ixtisasların sayı azı iki dəfə artırılaraq 15-ə çatdırılması nəzərdə tutulub. Növbəti qəbulda ekologiya, kompüter elmləri, idarəetmə sistemləri, kimya üzrə ixtisasların sayı artırılacaq. Tarix üzrə ixtisasın da bu sıraya daxil edilməsi planda var".

Hazırda AMEA-nın 500-ə qədər magistr hazırlamaq imkanının olduğunu deyən idarə rəisi əlavə edib ki, magistrların əsas üstünlükləri onlara ölkənin ən görkəmli alimlərinin dərs deməsi olacaq: "Bundan başqa, antropologiya ixtisasi üzrə xaricdən müəllimlər dəvət edəcəyik. Çünki bu ixtisas üzrə Azərbaycanda tələbələr bakalavrda yalnız üçüncü kursa qədər oxuyurlar. Magistratura səviyyəsi isə ümumiyyətlə yoxdur".

Onun sözlərinə görə, bu il AMEA-ya qəbul olunan magistrlar dövlət hesabına oxuyacaqlar: "İkinci qəbulda akademiyada təhsil alacaq magistrların təhsil haqqının miqdarını isə dövlət müəyyənləşdirəcək. Bunun üçün Tarif Şurası var. Yəqin ki, təhsil haqqı ixtisas üzrə mütəxəssis hazırlanması üçün nə qədər vəsait tələb olunması nəzərə alınaraq təyin olunacaq. Müvafiq dövlət orqanları araşdırıb təhsil haqqını təyin edəcəklər".

Qeyd edək ki, magistraturaya qəbul aparılacaq ixtisaslara dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası daxildir.
(Report)


Teqlər:  





Xəbər lenti