V qrup və kolleclərə ərizə qəbulu başlayır

V qrup və kolleclərə ərizə qəbulu başlayır
  04 May 2015    Oxunub:27080
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır.
AzVision.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ərizələrinin qəbulu mayın 5-dən 18-dək aparılır.

Ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar.

Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər.

Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış imtahanındakı nəticələri əsasında iştirak edirlər.

“Abituriyentin elektron ərizəsi” formasını doldurulduqdan sonra ərizələrinin təsdiqi təmin edilməlidir. Aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq edirlər:
•Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini (orta məktəbi) 2015-ci ildə bitirən abituriyentlər;

•Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini (orta məktəbi) 2012-ci, 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər;

•Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini (peşə məktəblərini) 2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər;

•2012-ci və ondan sonrakı illərdə ali məktəblərə və tam orta təhsil bazasında (11 illik) kolleclərə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər;
•I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizələrinin təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında (11 illik) kolleclərə də ərizə verən abituriyentlər.

Digər abituriyentlər tələb olunan sənədləri təqdim etməklə elektron ərizələrini müvafiq SQK-da təsdiq etdirirlər. SQK-lar mayın 5-dən 18-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (yuxarıda göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər.

Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin et¬dikdən sonra mayın 6-dan 19-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim et¬mək¬lə seçmə turda iştirak edirlər.

QİK-də abituriyentlərin seç¬dikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiy¬yata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarında iştirak edirlər. Qəbul imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.

Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar “Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərt¬ləri”ndə və “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri”ndə verilmişdir.

V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat və xarici dil fənlərindən test imtahanı verirlər. İmtahanda abituriyentlərə hər fəndən 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının cavablandırılmasına ümumilik¬də 2 saat 15 dəqiqə vaxt ayrılır.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti