Allaha inanmaq `sərfəli`dirmi? – ELMİ CAVAB

Allaha inanmaq `sərfəli`dirmi? – ELMİ CAVAB
  01 May 2015    Oxunub:25513
Dində “Paskal mərci” adlanan bir arqument var. Xristianlar onu 17-ci əsrin fransız riyaziyyatçısı Blez Paskalın, müsəlmanlar isə İslamın 4-cü xəlifəsi və şiələrin 1-ci imamı Əli ibn Əbu Talibin adına yazırlar.

Arqumentin klassik forması belədir:


- Allaha inanmaq bütün hallarda daha sərfəlidir. Çünki əgər Allah yoxdursa belə, inanan insan bununla heç nə itirməyəcək. Yox, əgər Allah varsa, onda inanmayan insan əbədi əzaba məhkum olacaq. Buna görə də, Allaha inanmaq bütün hallarda daha yaxşıdır.

Doğrudan da belədirmi?

Bu məntiqə zamanında Deni Didro, Uilyam Ceyms kimi filosoflar aydınlıq gətiriblər. Bizim dövrümüzdə məşhur bioloq, ateist-alim Riçard Doukinz `Allah illüziyası` kitabının 3-cü bölümündə həmin yanaşmanı bu cür izah edir:

- Nəyəsə inanıb-inanmamaq seçimlə olmur. Məsələn, mən sadəcə nəyəsə inanmağa qərar verdiyim üçün həmin o nəyəsə inana bilmərəm. Mən öz qərarımın əsasında kilsəyə gedə, Bibliya oxuya və ona inandığıma and içə bilərəm. Amma bütün bunlar məni inanclı insan etməyəcək. Ona görə də, Paskalın dediyi fikir uzaqbaşı bunu sübut edə bilər ki, özünü inanclı göstərmək daha sərfəlidir. Sadəcə, bir məsələ açıq qalır: gərək bəxtiniz gətirsin və ona inanmağa qərar verdiyiniz Allah hər şeyi bilən olmasın. Əks halda başa düşəcək ki, siz ona sərfəli olduğu üçün inanırsınız.

Doukinz məsələyə həm də bu tərəfdən yanaşır ki, bəlkə Allah Tövratda deyildiyi kimi kinli, qisascıl və aqressiv yox, savadlı, ziyalı və alicənabdır, fürsətcil yaltaqları deyil, öz fikrində səmimi olan mərd insanları sevir. Siz haradan bilirsiniz ki, Allah üçün sağlam və səmimi şübhə məqsədli inancdan daha dəyərli deyil? Onda sadəcə `sərfəli` olduğu üçün Allaha inanmağı seçən insanların halı nə olacaq?

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti