Baltanızı itiləmisinizmi? – NLP texnikası

Baltanızı itiləmisinizmi? – NLP texnikası
  30 Aprel 2015    Oxunub:9374
Babək Bayramov, NLP ustadı
AzVision.az üçün


Puma çox ağıllı heyvandır. Ovun dalınca qaçmazdan əvvəl, sərf edəcəyi enerjini hesablayaraq, qərar verir. Əgər əldə edəcəyi ovun ətindən alacağı enerji, o ovu tutmaq üçün sərf etdiyi enerjiden çox olacaqsa, ovun ardınca getməz. Bunu etməyən puma “Axmaq Puma” sindiromuna tutulub.

Sadəcə pumalar deyil, insanların əksəriyyəti də “Axmaq Puma” vəziyyətindədir. Bəzən istədiklərini əldə etdikləri zaman bu yolda o qədər resurs itirirlər ki, əldə etdikləri itirdiklərini ödəmir.

Məsələn, tanışlarımdan biri başqasının sənədlərini yoluna qoymaq üçün cəhd göstərirdi və bu işin müqabilində 500 manat alacaqdı. Yadımdadır ki, bu prossesin başlamasından 7 ay keçmişdi, hələ də tamamlanmamışdı. Heç nəticənin nə olduğunu da bilmədim.

Həyatda bütün varlıqların mövcudiyyətinin məqsədi var. Bitkilər və heyvanlar belə, bir-birlərinin qidasıdırlar. Bəs insan bu həyata nə məqsədlə gəlir? Tozu-dumanı udmağa, yoxsa tozu-dumana qatmağa?

Bu yaxınlarda tanınmış komediya ustası Fərda Xudaverdiyev bir tanışı tərəfindən ona ünvanlanmış sualı birlikdə çıxdığımız tv proqramında səsləndirdi və o söz çox təsiredici idi: “Bilirəm, çox məşhursan, işin-gücün yaxşıdır, hörmətin var. Yaxşı, bəs denən görək, YAŞAYIRSANMI?”



Fikrimcə, hər şeydən əvvəl, insanın həyatda məqsədləri olmalıdır. Çünki, məqsəd insanı həyata bağlayır, həvəsləndirir, canlandırır. Məqsədləri olan insanlar, o məqsədlərə çatmağın xəyalı ilə yaşayırlar və o həzzə qovuşmaq istəyirlər. Məqsədlər insanların dünyasını zənginləşdirib, həyat fəlsəfəsini dərinləşdirirlər.

Çox işləmək vacib deyil, vacib olan effektiv işləməkdir!

Bir odunçu firmaya gələrək, işə düzəlmək istəyir. Müdir onu işə qəbul edir və tapşırığını bildirir. Odunçu hər gün meşəyə gedərək, ağac kəsməlidir. Hər kəsilən ağacın müqabilində ona pul ödəniləcək. Odunçu bir gün ərzində 18 ağac kəsib gətirir və haqqını alır. Səhərisi gün daha çox gəlir əldə etmək üçün daha erkən meşəyə getmək, daha çox ağac kəsməyi düşünür. Lakin ikinci gün 16 ağac kəsə bilir. Üçüncü gün yenə də, daha çox zaman və enerji sərf etməsinə baxmayaraq, daha az ağac kəsir. Və bu, bir müddət belə davam etdikdən sonra, gündəlik kəsdiyi ağac sayı 10-a qədər düşür. Əldə etdiyi nəticə və məhsuldarlığı rəhbərliyi də qane etmir. Kor-peşman və qarışıq bir beyinlə müdirin yanına gəlir və deyir: “Hər gün əlimdən gələni edirəm, ancaq bu işin sirrini anlaya bilmirəm. Nəyə görə hər gün daha çox enerji sərf etdiyim halda, daha az məhsul əldə edirəm?” Müdir soruşur: “Axırıncı dəfə baltanı nə zaman itiləmisən?”

Hər gün yataqdan duran kimi, hər birimiz “ağac kəsirik” və daha çox “ağac kəsmək” istəyirik. Biz işə o qədər köklənirik ki, “baltamizi itiləmək” yadımızdan çıxır. Arada bir dayanıb, nəfəs almağımız, özümüzü yeniləməyimiz, təlimlərdə iştirak etməyimiz, şəxsiyyətimizin “yeni versiyasını” yaratmağımız lazımdır. Dünən öyrəndiklərimizin bu gün işə yaramadığı bir zamana gəldiyimizi unutmamağımızda fayda var. Texnoloji inkişaf dünyanı çox dinamik bir hala gətirdi və tez-tez yeni bacarıqlar öyrənməliyik, öyrənməsək zamanla ayaqlaşa bilmərik.



Təlim demişkən, may ayının 2-si və 3-ü türkiyəli mütəxəssis Cemal Kondu ilə birlikdə 2 maraqlı və faydalı seminarımız var. Mayın 4-də isə Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlər üçün hədiyyə olaraq motivasiya seminarı təşkil olunacaq. Arzu edən jurnalistlər buyurub iştirak edə bilərlər. Breyk servisi də təmin ediləcək.

Bəzən insanlar arzularını “MƏQSƏD” olaraq qavrayırlar və ifadə edirlər. Mən çox insanın sadəcə arzularla yaşadığını görmüşəm, məqsədlər arzuların əsasında formalaşsa da, bunlar eyni şey deyillər. Arzular məqsədlərə çevrilməzsə reallaşmazlar. NLP və Koçluq alətlərindən istifadə edərək, məqsədlərimizi dəqiqləşdirmək, beynimizi məqsədlərimizə istiqamətlənmiş şəkildə proqramlaşdırmaq və sürətlə nəticə almaq mümkündür. Beyin yaxşı tanımadığı hədəfə doğru getməz. Bəzi hallarda insanlar bir hədəf müəyyənləşdirirlər, lakin özlərini hərəkətə keçirə bilmirlər. Bunun sirlərini daha çox seminarda açıqlayacağıq, lakin burada bəzi məqamlara aydınlıq gətirəcəm.

İnsanlar sadəcə 2 cür hərəkətə gəlirlər. Birincisi, bir məqsədi əldə edəcəyinə əmin olmaqdır. İnsan, onu həyəcanlandıran və içini isidən bir məqsədini reallaşdıra biləcəyinə əmin olanda onu əldə etmək üçün dərhal hərəkətə keçirlər. Əmin deyillərsə, addımatmazlar. İkincisi isə, məcbur olmaqdır. Bir işi görməyə, bir məqsədi reallaşdırmağa məcbur olan insan, onu reallaşdırmaq üçün hərəkət edir. “Mənim başqa yolum yoxdur, bunu mütləq etməliyəm” dediyiniz anlar olubmu? Bəzən məcbur olub etdiyiniz şeylərə kənardan baxsanız, bunu necə etdiyinizə heyrətlənərsiniz. O zaman etdiniz, çünki məcbur idiniz.

Düşünürəm ki, sənətindən asılı olmayaraq “fərdi inkişaf”, hər birimizin ikinci sənəti olmalıdır. Daim özümüzü yeniləməliyik, güclənməliyik, yeni hədəflərə doğru irəliləməliyik. Təşkilati inkişaf da fərdi inkişaf əsasında baş verir. İstənilən təşkilatı irəli aparan, onun inkişafını təmin edən qüvvə, o təşkilat daxilində işləyən fərdlərdir. Fərdi məhsuldarlığı yüksəltmədən təşkilati məhsuldarlığı yüksəltmək olmaz.


Teqlər:  





Xəbər lenti