Yaqland Kəlbəcər girovlarından danışdı: `Mən nə edə bilərəm?`

“Bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkənin tanımadığı və Ermənistanın dəstəklədiyi rejim tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normalar pozularaq insanlıqdan kənar əməllər həyata keçirilib. Bu günədək bütün çağırışlara baxmayaraq, onlar girovluqda saxlanılmaqda davam edirlər. Cənab baş katib, onların ailələri sizdən dəstək gözləyirlər, girovların azad olunması istiqamətində addımlar atmağa çağırırlar. Girovların azadlığa buraxılması üçün baş katib kimi hansı addımlar ata bilərsiniz?”
T. Yaqland isə bu məsələləri diqqətlə izlədiyini bildirib. “Bu məsələ məni çox narahat edir. Mən nə edə bilərəm? İndi bu məsələdə nə edə biləcəyimi sizə desəm, güman ki, bir nəticə verməz. Amma sizi əmin edə bilərəm ki, bu məsələni yaxından izləyirəm və vəziyyətin müsbətə doğru dəyişməsinə çalışıram”.