Qarabağa getdiyinə görə eks-spikerə cinayət işi açıldı

Qarabağa getdiyinə görə eks-spikerə cinayət işi açıldı
  11 Aprel 2015    Oxunub:2464
Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etmiş Slovakiya vətəndaşı barəsində cinayət işi başlanıb.
APA-nın əldə etdiyi məlumata görə, adı “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”nda adı yer almış Slovakiya vətəndaşı Frantişek Mikloşko (František Mikloško) Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinir.

Radikal fikirləri ilə seçilən Frantişek Mikloşko Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə qanunsuz səfər edib, işğal olunmuş ərazilərdə keçirilən qondarma seçkilərdə “müşahidəçi” kimi iştirak edib.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 25 may 2010-cu ildə İrəvanda keçirilən mətbuat konfransında “qondarma parlament seçkiləri müstəqillik haqqında özünəməxsus referendumdur”, “Qarabağın gələcəyi Ermənistanla birlikdə konfederasiyada birləşməkdədir” bəyanatları verib.

Növbəti ictimai çıxışlarında isə o, separatçı Dağlıq Qarabağ rejimi barədə “müstəqil dövlət kimi qəbul olunmalıdır”, “bizim üçün müstəqil dövlətdir” kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına çağıran açıq çağırışlar edib.

O, dini zəmində nifrətə çağıran ifrat bəyanatların da müəllifidir.

Frantişek Mikloşko Xristian Demokrat Hərəkatından Slovakiya Milli Şurasının, 1990-1992-ci illərdə Slovakiya Milli Şurasının spikeri olub.

2010-cu ildən ölkə daxili siyasətdən ayrıldığını iddia edir.

AzVision.az


Teqlər:





Xəbər lenti