Ərdoğanın İran səfəri etirazla başladı

Ərdoğanın İran səfəri etirazla başladı
  07 Aprel 2015    Oxunub:1767
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana kritik səfəri başlayır.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iranlı siyasətçilərin birmənalı qarşılamadığı səfər öncəsi növbəti etirazlar səslənib.

Belə ki, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komisiyasının sözçüsü Hüseyn Nəkavi Hüseyni Ərdoğanın səfərini İran üçün utancverici hal kimi qiymətləndirib:

“Ölkəni təhqir edən birinin ayağının altına qırmızı xalı sərmək diplomatiyamız üçün utancverici haldır. Ərdoğanın İran barədə səsləndirdiyi fikirlərə görə hökumət onun ölkəmizə səfərinə icazə verməməli idi. Bu səfər ya ləğv edilməli, ya da təxirə salınmalı idi”.

H.Hüseyni əlavə edib ki, iranlı millət vəkilləri Ruhani kökumətinin səfəri təxirə salmamasından narahatdır.

Bundan öncə isə Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur Ərdoğanı səfəri təxirə salmağa çağırmışdı. Həmçinin İran parlamentinin 65 deputatı ölkə başçısı Həsən Ruhaniyə məktub yazaraq Ərdoğana sərt xəbərdarlıq etməyi tələb etmişdi.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yəməndə davam edən böhranı şərh edərkən İranın bölgədə dominantlıq etməyə çalışdığını deyib. Ərdoğan sərt çıxışında İrandan Yəmən, Suriya və İraqdakı bütün qüvvələrini geri çəkməyi tələb edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti