Mərkəzi Bank bankları necə qoruyur? - TƏHLİL

Mərkəzi Bank bankları necə qoruyur?  - TƏHLİL
  18 Mart 2015    Oxunub:2463
Mərkəzi Bank (AMB) bankları bir sıra risklərdən qorumaq məqsədilə bir-birinin ardınca sığorta tədbirləri həyata keçirir. Bütün bunları banklara dəstək siyasəti də adlandırmaq olar. Ümumiyyətlə, AMB-nin son addımlarını onun bu sahədə “əlindən gələni” etdiyi kimi də xarakterizə etmək mümkündür.

Eyni zamanda, AMB-in əhalinin qayğısına da qaldığını görürük. Əmanətlərin Sığortalanması Fondunun (ƏFS) bu ilin fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsini 9-dan 12 faizə qaldırması buna misal ola bilər.

ƏSF tərəfindən bu addımın atılması olduqca yerinə düşdü. Bir tərəfdən manatın devalvasiyası, digər tərəfdən bu ildən banklardakı əmanətlərdən gəlirlərə verginin tədbiqi şəraitində qorunan depozitlər üzrə faiz dərəcələrinin qaldırılması zəruri sayılırdı. Bu, ilk növbədə banklardan vəsaitlərin çəkilməsinin qarşısını almağa, ikincisi də real şəraitdə vəsaitlərin yenidən yerləşdirilməsi tendensiyası zamanı əlavə stimul yaratmaq üçün yardım məqsədi daşıdı.

Lakin bu zaman kredit faizləri üzrə dərəcələrin artması təhlükəsi yarandı ki, əslində isə, bu il ölkə Prezidentinin tapşırığı ilə bu sahədə endirim olmalıdır. Qorunan əmanətlər üzrə faiz dərəcəsinin qaldırılması isə hər şeyi əksinə edə bilərdi. Odur ki, əlavə tədbirlər lazım idi.

Banklar üzrə bütün depozitlər üçün məcburi ehtiyat normasının 4 dəfə aşağı salınması bu mənada mühüm addım oldu. Belə ki, bu, bank sektorunu sığortalamaq sahəsində növbəti addım sayıldı. 26 fevral 2015-ci il tarixdə verilən qərarla bütün mənbələrdən depozitlər üzrə məcburi ehtiyatlar normasının 2 faizdən 0,5 faizə salınması banklara kredit təklifləri səviyyəsini nəinki qoruyub saxlamağa, onu hətta artırmaq üçün də imkan yaratdı. Bunun mənası odur ki, banklar çəlb etdikləri əmanətlərin 0,5 faiz hissəsini saxlamaqla qalan hamısını borc vermək imkanı qazandılar.

Ancaq, AMB-in bankları müdafiəsi bununla bitmir. Sözügedən qurumun rəhbərliyi hələ devalvasiyadan öncə banklara əhaliyə öz əmanətlərin milli valyutadan dollara çevirmələri istəyi üçün hər cür şərait yaratmalı olduqlarını tapşırmışdı. Bu isə manatla kredit təklifində onsuz da təşəkkül tapmaqda olan problemin daha da genişlənməsinə və möhkəmlənməsinə zəmin ola bilərdi. Buna rəğmən, ölkənin baş maliyyə qurumundan kommersiya banklarına bu ayın 5-də göndərilən məktubda açıq valyuta mövqeyi üzrə limitin tətbiqinin 2016-cı ilin yanvarın 1-nə qədər dondurulması haqda bildiriş gəldi. Bunun isə məğzi ondan ibarət idi ki, banklar cəlb etdikləri əmanətlərin və yaxud digər vəsaitlərin daha çox hansı valyutada olmasına baxmayaraq, mövcud maliyyəni məhz tələb olunan pul vahidi ilə təklif edə bilərlər və bu sahədə heç bir çətinlik çəkməyəcəklər. Yəni, bu sahədə sərbəstlik əldə etdilər.

AMB-in həmçinin həyata keçirdiy tədbirlər sırasında aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına dair qaydalara dəyişiklikləri də qeyd etmək yerinə düşər.

Bu dəyişikliyə əsasən isə 2015-ci il fevralın 23-nə kimi restrukturizasiya olunmuş aktivlər standart, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş isə qənaətbəxş kimi təsnif edilməyəcək. Və bu da banklara verdikləri kreditlər üzrə yaranan borc öhdəliyinə görə likvidliklərinə güzəşt verildiyi deməkdir. Yəqin ki, növbəti addımlar da olacaq.

Lakin sual yaranır ki, AMB fevralın sonundan etibarən bütün bu addımları atmasa və bir-birinin ardınca sığorta tədbirləri həyata keçirməsə idi, nə baş verə bilərdi? Ümumiyyətlə, AMB-in başlıca məqsədi nədən ibarətdir?

Bizcə, bəzi bankların tezliklə sıradan çıxmasının şahidi olacaqdıq. Hazırda ölkədə ikisi dövlətin olmaqla cəmi 45 bank fəaliyyət göstərir. Ötən şərhlərimizdən birində də yazmışdıq ki, AMB-in adi banklara kapitallarını 50 milyon manata çatdırmaq üçün verdiyi vaxtı 2015-ci ilə qədər uzatması haqda qərar ölkənin baş maliyyə qurumu tərəfindən onların sayını azaltmaq istənilmədiyini göstərmişdi.

Belə ki, AMB rəhbərliyi hələ o zaman dövlətin bu yolla hər hansı bankı inzibati yolla bazardan çıxartmaq və qeyri-müəyyənliyə yol açmaq niyyətində olmadığını söyləmişdi. Çünki ölkədə neçə bankın fəaliyyət göstərməli olduğu önəmli deyil. Əsas odur, əhalinin bank sisteminə inamı artsın. Və sözügedən sistemin iqtisadiyyatın maliyyələşdirməsində rolu durmadan genişlənsin. AMB-in siyasəti də məhz bu məqsədə xidmət etməkdədir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti