Polşa ilə şagird mübadilə edəcəyik

Polşa ilə şagird mübadilə edəcəyik
  21 May 2013    Oxunub:1879
12-18 may 2013-cü il tarixlərində Bakı şəhəri Xəzər rayonunun İcra Hakimiyyətinin başçısı Gülağa İslamovun rəhbərliyi altında Polşa Respublikası Pruşkuv rayonunun Nadajın şəhərinə 6 nəfərlik nümayəndə heyəti səfər edib. Səfər çərçivəsində Polşadakı səfirliyimizin dəstəyi və Nadajın şəhər icra hakimiyyətinin köməyilə silsilə tədbirlər keçirilib.
Varşava şəhərinin Saska Kempa mədəniyyət mərkəzində Xəzər rayonunun təmsilçiləri səfirliyimizin təşkil etdiyi Milli Lider Heydər Əliyevlə bağlı tədbirdə iştirak ediblər. Tədbir çərçivəsində nümayəndə heyətinin üzvləri tərəfindən Xəzər rayonunda aparılan quruculuq və abadlıq işlərilə bağlı Azərbaycan Diasporasının üzvlərinə ətraflı məlumat verilib.

Nümayəndə heyəti həmçinin Nadajın şəhərində yerləşən Eşitmə Fiziologiyası və Patologiyası İnstitutunda olub. Onlara İnstitutun iş fəaliyyəti haqda məlumat verilib və son illər ərzində əldə olunmuş nailiyyətlər haqda danışılıb.

Nadajın şəhərində yerləşən II İoan Pavel adına gimnaziyada Milli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nadajın şəhərinin meri Yanuş Qjıb Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yer, ölkənin sabitliyi və inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov tərəfindən İoan Pavel II adına gimnaziyanın şagirdləri tərəfindən “Azərbaycan Şərq və Qərb arasında Qapı” mövzusunda yazılmış inşa müsabiqəsində ilk üç yeri tutmuş şagirdlərə diplom və qiymətli hədiyyələr təqdim olunub.Tədbirdə polyak məktəbliləri üzərində “Heydər Əliyev-90 “ yazılmış köynək və papaq geyiniblər.

Səfər zamanı razılaşdırılıb ki, 2013-cü il iyun ayının sonları Polşadan 14 nəfərlik şagird heyəti bir həftəlik Bakıya gələcək. Şagirdlərə bir həftə ərzində Azərbaycan mədəniyyəti və tarixi, Azərbaycanda polyak izləri, Azərbaycanın tarixi abidələri, Azərbaycan ailəsi və s. mövzular haqqında məlumat veriləcək. Azərbaycanlı şagirdlərin Polşa səfəri 2013-cü il avqust ayında nəzərdə tutulub.





Teqlər:





Xəbər lenti