DİN-in 343 əməkdaşı cəzalandırılıb -Yenilənib

DİN-in 343 əməkdaşı cəzalandırılıb -Yenilənib
  06 Mart 2015    Oxunub:1802
“Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, əvvəlki illərdə olduğu kimi, ötən il tutulan və ya həbs olunan şəxslərə işgəncə vermə, habelə qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və cəzaya məruz qoyma faktları qeydə alınmayıb. Lakin idarədaxili nəzarət qaydasında aşkarlanan əsassız saxlama, gətirmə və kobud rəftar kimi faktlar prosessual qanunvericilik çərçivəsində hərtərəfli və obyektiv araşdırılaraq hər biri üzrə qanuni qərarlar qəbul edilib”.

AzVision.az xəbər verir ki, bu barədə insan hüquqları üzrə müvəkkil (ombudsman) 2014-cü il üzrə illik hesabat çıxışı zamanı deyib. Onun sözlərinə görə, ötən il ərzində təsdiq olunan 277 fakt üzrə (onlardan 133-ü vətəndaşlarla kobud rəftar, 69-u polisə əsassız gətirmə və saxlama, 52-si sürücülərin hüquqlarının pozulması, 3-ü əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbi və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 17-si isə digər faktlar) 343 əməkdaş intizam məsuliyyətinə cəlb edilib:

“Onlardan 21-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 37 əməkdaş tutduğu vəzifədən azad edilib, 285 əməkdaş barəsində digər intizam tədbirləri görülüb. Dövlət Yol Polisinin (DYP) bəzi əməkdaşları tərəfindən sürücülərlə kobud rəftar, etik davranış qaydalarını pozma, qeyri-peşəkar münasibət kimi halların olması ilə bağlı 172 müraciət daxil olub”.

***

“2014-cü ildə müvəkkilin fəaliyyəti dövründə onun ünvanına 13 150 müraciət daxil olub. Onların 74,2 faizi şikayətlərdən, 25,8 faizi isə ərizələrdən ibarətdir”.

AzVision.az xəbər verir ki, bu barədə insan hüquqları üzrə müvəkkil(ombudsman) Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında hazırladığı 2014-cü il üzrə illik məruzəsində bildirib.

E.Süleymanova qeyd edib ki, ötən il şəxsiyyət vəsiqəsi, habelə qeydiyyatla bağlı respublikanın şəhər və rayonlarından 70 müraciət daxil olub ki, onların da sayı ötən illərə nisbətən xeyli azalıb.

“Bununla belə müvafiq sahədə hələ də bəzi çatışmazlıqlar qalır. Rəsmi məlumata əsasən, bir sıra səbəblərdən şəxsiyyət vəsiqəsini təqdim etməyən hamilə qadınlar barədə məlumat müvafiq elektron bazaya daxil edilmədiyi üçün onların körpələrinə doğum haqqında tibbi şəhadətnamə verilməyib. Doğum şöbələri tərəfindən belə qadınlar barədə müvafiq polis orqanlarına məlumatlar verilməsinə baxmayaraq, məsələ öz həllini tapmayıb”.

Ombudsman hesabatında bildirib ki, müvəqqəti saxlama yerlərinə baxışlar zamanı bir sıra nöqsanlar aşkar edilib və bununla bağlı aidiyyəti qurumlara müraciət edilib:

“Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, tutulma, həbs edilmə, müvəqqəti saxlama yerində insan hüquqlarının pozulması halları qeydə alınmayıb, bununla belə, xidməti vəzifələrin icrasında nöqsanlara yol verdiklərinə görə müvəqqəti saxlama yerlərinin 77 əməkdaşı intizam qaydasında cəzalandırılıb. Onlardan da 8-i daxili işlər orqanlarında xidmətdən xaric edilib, 2-si tutduğu vəzifədən azad olunub, 67 əməkdaş barəsində digər intizam tədbirləri görülüb”.

***
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2014-cü il üzrə illik məruzəsi dinlənilir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti