Tanınmışlar kimləri oxuyur? – SORĞU

Tanınmışlar kimləri oxuyur? – SORĞU
  20 May 2013    Oxunub:1949
“İnternet və televiziyalar kitaba marağı azaldıb” – nə qədər məntiqli səslənsə də, mütaliəni sevənlər üçün bir az da bəhanə kimi görünür bu fikir. Yəni oxuyan onsuz da oxuyur, internet və televiziya hər nə qədər at oynatsa da. Respondentlərimiz də oxuyanlardır – tanınmış oxuyanlar. Onlardan mütaliə edib-etməməyi soruşmamışıq, bu, yersiz idi – onlardan kimi oxuduqlarını soruşmuşuq. Beləliklə, maraqlıdır, tanınmışlar kimi oxuyur?
İradə Tuncay, “Ədalət” qəzetinin baş redaktoru:

- Mən indi daha çox informativ xarakterli kitablar oxuyuram . Dünya ədəbiyyatın demək olar ki, oxumuşam. Yeniləri də yeri gəldikcə oxuyuram.

Salam Sarvan, şair:

- Elə indi Nəcib Məhfuzun tərcüməsini oxuyub redaktə edirəm.

Zülfiyyə Eldarqızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi, aktrisa:

- Hazırda böyük hind filosofu, qüdrətli söz adamı Osonun “Kişilərin kitabı” adlı əsərini mütaliə edirəm. Bundan qabaq isə İskəndər Atillanın Cavid haqqında əsərini oxumuşam.

Telli Pənahqızı, jurnalist:

- Vaqif Bəhmənlinin "Hamı", Elçin Mirzəbəylinin "Poz bu sükutu" şeirlər kitablarını və Xulio Kortasarın "Taynoye orujye" əsərini oxuyuram. Kürçaylı Məmmədov və Aqşin Yenisey, Günay Ümüd xoşuma gəlir.

Aygün Səmədzadə, bəstəkar:

- Hazırda özüm monoqrafiya üzərində işlədiyimə görə bədii əsər oxumuram. Kitablarım bu həftə çapa gedəcək. Ondan sonra nə oxuyub oxumayacağıma qərar verəcəyəm. Stolüstü kitablarım isə Yunis Imrənin, Pir Sultan Abdalın əsərləridi. Bu kitablar mənə rahatlıq gətirir.

Şərif Ağayar, yazıçı:

- Milan Kundera, Murakami, Knut Hamsun və özümü oxuyuram… Zarafat eləmirəm. Mən eyni vaxtda çoxlu kitablar oxuya bilirəm. Birindən usananda digərinə keçirəm. Özümü isə ona görə oxuyuram ki, kitab hazırlayıram. Redaktə işləri gedir. Yerli müəllifləri isə saymağa hacət yoxdur. Çalışıram istedadlı gənclərin hamısını izləyim…

Afaq Şıxlı, şairə:

- Hazırda Nəcib Fazıl Kısakürekin "Sahte Kahramanlar"nı, Ejder Olun "Qrafoman"ını, Ənvər Yavəroğlunun “Dostluğun Romanı” kitablarını oxuyuram.

Seymur Baycan, yazıçı:

- Henrix Bollun “Qde ti bil adam” əsərini oxuyuram. Yerli ədəbiyyatdan isə hələ ki, heç nə oxumuram. Lakin Qənirə Paşayevadan oxumaq istəyirəm.

Elmin Həsənli, jurnalist:

- Həmidə xanım Cavanşirin “Xatirələrim” əsərini oxuyuram. Yerli ədəbiyyatdan isə heç nə oxumuram.

Günel Xəzəl, şairə:

- Salam Sarvan, Səlim Babullaoğlu, Rəbiqə Nazimqızı, Feyziyyə, Qismət, Svetlana Turan…

Aydın Xan Əbilov, YYSQ sədri, kitabxana.net – Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq:

Paralel oxuyuram: Gecələr Qurani-Kərimi təkrarən elmi-analitik mütaliə edirəm, gündüzlər dünya fəlsəfi tarixinə aid müntəxəbatı və Azərbaycan klassik bədii nəsr nümunələrini, özü də rusca!
Bir də Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun “Əxbarnamə” adlı tarixi kitabını. Müasirlərdən isə demək olar əksəriyyətini internetdən izləyirəm: Anar, Elçin, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Ağacəfər Həsənli, Vaqif Bəhmənli, Çingiz Əlioğlu, Fikrət Qoca, Elçin Hüseynbəyli, Günel Anarqızı, Səlim Babullaoğlu, İlqar Fəhmi, Zahir Əzəmət, Qulu Ağsəs, Qan Turalı, Günel Mövlud, Aqşin, Fərid Hüseyn, Könül Səid, Əkbər Qoşalı, Şərif Ağayar və b.

Mirmehdi Ağaoğlu, yazıçı:

- Bundan əvvəl Haruki Murakaminin “Norveç meşəsi” kitabını oxuyub bitirdim. Çox xoşuma gəldi. Hazırda isə Tomas De Vaalın “Qarabağ” adlı kitabını oxuyuram. Qarabağ münaqişəsini anlamaq üçün olduqca maraqlı kitabdır. Üstəlik, burdan bir neçə kiçik hekayə mövzuları da çıxartmaq olar. Müasirlərdən isə hələ ki, Fərid Hüseynin kitablarını oxuyuram.

Əsəd Qaraqaplan, yazıçı:
- Mopassanın "Həyat" romanını oxuyuram. Şopenhauerin fəlsəfəsini və bir çox türk şairlərinin şeirlərini. Fəridə Məmmədovanın şeirlərini çox həvəslə oxuyuram. Və oxumaqdan vaz keçmədiyim müəlliflər var - Əli Kərimdən bu yana Vaqif Bayatlı, Salam Sarvan, Aqşin Yenisey, Xanəmir və s.

Bəxtiyar Hacıyev, siyasətçi:

- Yəqin ki, çoxlarının mütaliə siyahısı ilə üst-üstə düşməyəcək, amma ABŞ-dan aldığım iki kitabı oxuyuram. İkisinin də həmmüəllifləri Travis Bradberry və Jean Greavesdir. Kitabların adları "Emotional Intelligence 2.0" və "Leadership 2.0" -dur.

Sahilə Ibrahimova, yazıçı:

- Yenicə Vladimir Nabokovun iki romanını bitirmişəm. Əlimdə Volterin Azərbaycan dilində "Fanatizm" adlanan seçilmiş əsərləridir, növbədə isə Con Maksvell Kutzeedir.

İlkin Həsənli, teleaparıcı:
- Hazırda E.L.Jamesin «Fifty Shades of Grey» əsərini oxuyuram.

İradə İsaq, telejurnalist:

- Orxan Pamukun “Qar” əsərini oxuyuram.

Vəsilə Vahidqızı, telejurnalist:

- Mənim, doğrusu, hazırda hansısa ədəbiyyatı oxumağa imkanım yoxdur. Dünyadakı ictimai yayımçıların hədəf auditoriyası ilə necə işlədiyini öyrənirəm. Hazırda TRT-nin bu sahədəki hesabatlarını oxuyuram. 8 böyük kitabdır. İTV-nin auditoriya işləmə müxanizmindən kitab hazırlayıram.

Səbinə Dəniz


Teqlər:  





Xəbər lenti