Dünyanın ən varlı insanları - siyahıda azərbaycanlı da var

Dünyanın ən varlı insanları - siyahıda azərbaycanlı da var
  03 Mart 2015    Oxunub:6380
Rusiya milyarderlərinin reytinqində uzun illərdən sonra lider dəyişib. Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov 12,2 mlrd sərvəti ilə Rusiya milyarderlərinin reytinq cədvəlində altıncı yerdə qərarlaşıb.

Dünyanın nüfuzlu "Forbes" jurnalı Rusiya milyarderlərinin yeni reytinqini tərtib edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, 2011-ci ildən bu yana Rusiya milyarderlərinin reytinqində lider dəyişikliyi olmayıb. Belə ki, 2011-ci ildən bu günə qədər hazırlanan reytinq cədvəlinə Rusiyadan USM Holdinqin prezidenti, özbək əsilli Əlişir Usmanov liderlik edib.

"Forbes" Amerika versiyasının son hazırladığı siyahıda artıq ilk yeri Əlişir Usmanov deyil, "İnterros" holdinqin prezidenti Vladimir Potanin tutub. Dünya milyarderlərinin siyahısında 60-cı yerdə qərarlaşan Potanin 14,8 mlr dollar sərvəti ilə Rusiya milyarderlərinin siyahısına liderlik edir. İş adamı il ərzində sərvətini 2,2 mlrd dollar artırıb. İkinci yeri "Alfa qrup"un Müşahidə Şurasının sədri Mixail Fridman tutub. Dünya milyarderlərinin reytinqində 68-ci yerdə qərarlaşan Fridmanın 14,7 mlrd. dollar sərvəti olduğu açıqlanıb. Üçüncü yerdə isə uzun illər bu siyahıya liderlik etmiş USM Holdinqin prezidenti Əlişir Usmanov qərarlaşıb.

Hazırda onun sərvətinin 14,5 mlrd.dollar olduğu bildirilib. Usmanov bu siyahıya 2011-2014-cü illərdə liderlik edib. 2014-cü ildə onun sərvətinin miqdarı 18,6 mlrd dollar olub.

Rusiya milyarderlərinin reytinqində altıncı yeri isə Azərbaycan əsilli iş adamı, "LUKOİL"-in prezidenti Vahid Ələkbərov tutur. "Forbes" həmyerlimizin sərvətini 12,2 mlrd. dollar miqdarında dəyərləndirib. "Forbes" dünya milyarderlərinin reytinq cədvəlində ilk yeri isə 79,3 mlrd. dollar sərvəti ilə "Microsoft"un yaradıcısı Bill Geyts tutub. İkinci yerdə 76,4 mlrd. dollar sərvəti ilə meksikalı biznesmen Karlos Slim, üçüncü yerdə isə 72,3 mlrd dollar sərvəti ilə amerikalı investor Uorren Baffet qərarlaşıb.


Teqlər:  





Xəbər lenti