Azay Quliyev: `Ermənistana təzyiqin artırılması vacibdir`
Sərginin açılış mərasimində Şura sədri, millət vəkili Azay Quliyev, Milli Məclisin üzvləri Bəxtiyar Əliyev və Azər Kərimli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Milandakı Azərbaycan və türk diasporunun üzvləri, universitetlərin professor və müəllim heyəti, şəhər sakinləri, yerli KİV nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Ermənistan-Azərbaycan, münaqişəsinin yaranma səbəbləri haqında danışıb və bu konflikt nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. Bu günlərdə 23-cü ildönümü qeyd olunan Xocalı soyqırımından danışan Şura sədri bildirib ki, Azərbaycan bu soyqırımla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün davamlı iş aparır. Bununla bağlı “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işləri xatırladan Azay Quliyev ölkəmizin 20 ildən artıq müddətdə Ermənistanın işğalçılıq siyasətinə məruz qalmasına baxmayaraq hər zaman sülh və sabitliyin, tolerantlığın, birgə yaşayışın təbliğatçısı kimi çıxış etdiyini vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini XX əsrin ən faciəli münaqişələrindən biri adlandıran Azay Quliyev Ermənistanın işğalçılıq siyasətinə qarşı qəbul olunan beynəlxalq sənədlərin icra olunmamasından narazılığını bildirib: “Çoxsaylı beynəlxalq qətnamələr, o cümlədən BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı qətnamələri hələ də yerinə yetirilməmiş olaraq qalır. Bölgədə sülhün bərqərar olması üçün işğalçı Ermənistana qarşı beynəlxalq təzyiqlərin artırılması vacibdir”.
Millət vəkili Bəxtiyar Əliyev isə çıxışında qeyd edib ki, o, hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində doğulub böyüyüb. Deputat işğalla bağlı ağrıları özünün də yaşadığını, ancaq buna baxmayaraq, Azərbaycan vətəndaşlarının aqressiyaya qarşı olduğunu deyib: “Biz bölgəmizdə sülh olmasını istəyirik”.
Millət vəkili Xocalı soyqırımı barədə də danışıb və təəssüflə qeyd edib ki, bu soyqırımı törədən şəxslər əməllərinə görə nəinki qanun qarşısında layiq olduqları cəzanı alıblar, əksinə Ermənistan hökumətində yüksək dövlət postlarında təmsil olunurlar: “Biz dünyanın hər bir sülhsevər insanından Xocalıya ədalətin bərpa olunmasında bizə dəstək gözləyirik”.
Millət vəkili, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Azər Kərimli hər iki ölkənin həm dövlət rəsmiləri, həm də parlamentləri səviyyəsində qarşılıqlı əlaqələrin inkişaf etdiyini bildirib. A.Kərimli İtaliya Senatında Dağlıq Qarabağ problemi ilə bağlı dinləmələr keçirildiyini də xatırladıb.
“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı isə azərbaycanlı girovların danışıqları əsasında şirkətin dəstəyi ilə hazırlanmış “Cəhənnəmdə böyük çığırtı” kitabı barədə məlumat verib. V. Mahirqızı qeyd edib ki, bu kitabda diqqət yetirilməli olan əsas məqam burda dramı yazılanların hamısının mülki şəxslər olmasıdır: “Biz bu kitabı hazırlamaqla təkcə ermənilərin azərbaycanlılara qarşı necə aqressiv davrandıqlarını göstərmək istəməmişik. Biz həm də o suala cavab axtarmışıq ki, XX əsrin insanı öz həmcinsinə qarşı necə bu qədər aqressiv, nifrətlə yüklənmiş ola bilər? Onu hansı cəmiyyət, hansı təhsil sistemi, hansı ailə mühiti belə yetişdirib? Biz bu aqressiyanın bütün cəmiyyətlər üçün təhlükə olduğuna diqqət çəkmək istəmişik və hər kəsi bu dramlarla tanış olub, təkcə bizim faciəmizlə deyil, həm də erməni cəmiyyətinin deqradasiyası ilə tanış olmağa dəvət edirik”.
Milan İncəsənət Akademiyasının müəllimi, rejissor və operator Françesko Fei Azərbaycanda olduğunu deyib və tədbirə toplaşan həmyerlilərinə çağırış edib: “Azərbaycan tolerantlığın, dini və irqi dözümlülüyün simvoludur. Mən Bakıda oldum, bura bir müsəlman ölkəsinin paytaxtı idi. Orda İslam var, amma bu, azad İslamdı. Orda adamlar azad düşünür, bu cəmiyyət çox tolerantdır və başqa millətlərə, xalqlara qarşı dözümlü, hətta sevgi dolu bir münasibət var. Belə bir cəmiyyətdə yetişən insanların başına bu cür faciələr gəlməsi çox kədərlidir. Mən hər kəsi Azərbaycan barədə daha çox öyrənməyə dəvət edirəm”.
Teqlər: